Azərbaycan xalçaçılığının bitməyən imkanları Mədəniyyət

Azərbaycan xalçaçılığının bitməyən imkanları

Xalçalarımızın "dili" davamlı olaraq zənginləşir

II yazı

Çağdaş Azərbaycan xalçaçılıq sənəti ilə bağlı ötən sayımızdakı yazıda bu əvəzsiz ulusal mənəvi xəzinəmizin dünyada doğurduğu heyrətamiz təsir və sənətkarlarımız haqqında bilgi vermişdik. Mövzunu davam etdiririk. Əməkdar incəsənət xadimi Ziyadxan Əliyevin Eldar Mikayılzadənin əsərləri ilə bağlı fikirlərini dinləyək: "Məlum olur ki, xalçaçı-rəssam hələ ötən əsrin 80-ci illərində "Yaranış"ın nisbətən kiçik ölçülü variantını hazırlamış və əsər beynəlxalq ekspertlərin böyük marağına səbəb olmuşdu. Onun 1986-cı ildə Frankfurtda keçirilən beynəlxalq xalça sərgisinin qızıl medalına layiq görülməsi də o vaxtlar çox gənc olan xalçaçı-rəssamın yaradıcı təxəyyülünə verilən layiqli qiymət idi. 2012-ci ildə çağdaş dünya incəsənətində oxşarı olmayan "Kəhkəşan" xalçasını tamamlamaqla yaradıcı potensialına və təxəyyül sonsuzluğuna görə doğrudan bənzərsiz olduğunu təsdiqləyib. Bu bənzərsizliyi şərtləndirən başlıca səbəb-nəticə azərbaycanlı sənətkarın dünya xalça sənətinə çoxəsrlik fasilədən sonra bədii həllində çoxsaylı qiymətli daş-qaşlardan istifadə olunan toxuculuq nümunəsi bəxş etməsidir. Öncədən deyək ki, xalçanın kompozisiyasında bu daş-qaşlardan başqalarından fərqlənmək və yaxud da orijinallıq nümayiş etdirmək məqsədilə istifadə olunmayıb. Elə ərsəyə gətirilən yeni xalçanın ona özünəməxsusluq bəxş edən müsbət məziyyəti də bu daş-qaşların kompozisiyaya məntiqli şəkildə daxil edilməsi, onların hər birinin yerləşdirildiyi yerdə mövcud olan təsvirin və yaxud elementin təsirliliyinə bütün mənalarda duyulası təsir göstərməsidir. Bu xalçanın çox fərqli bədii-texniki əhəmiyyətini dəyərləndirmək üçün bir qədər tarixi keçmişə qayıtmağa məcburuq. "Kəhkəşan"ın dünya xalçaçılığında ikinci olduğunu qeyd etmişdik. Bu, doğrudan da, belədir. Təəssüf ki, VII əsrdə yaradılmış birinci toxuculuq nümunəsi bugünümüzə gəlib çatmayıb. Onun barəsində ancaq tarixi mənbələrdə məlumata rast gəlmək mümkündür. Həmin informasiyaya əsaslansaq, o xalı xalı Sasani hökmdarı Xosrov Pərvizin (II Xosrov) vaxtında toxunubmuş. "Xosrovun baharı" adlanan bu qədim xalçanı Sasanilərin sarayından ərəblər qənimət kimi aparmaq istəyiblər. Lakin xəlifə Ömərin sərkərdələri arasında bu qənimət üstündə ixtilaf düşüb və nəticədə 35-ə yaxın sərkərdə vəziyyətdən yeganə çıxış yolu kimi misli-bərabəri olmayan sənət əsərini kəsib öz aralarında bölüşmək qərarına gəliblər. Bununla da dünyada bənzəri olmayan bir sənət nümunəsini məhv ediblər. İpək və qızıl saplardan toxunulmuş bu xalının üzərindəki təsvir və naxışlar qiymətli daş-qaşlarla nəqş olunubmuş. Bu ecazkar sənət nümunəsi ilə daha çox texniki baxımdan səsləşən onun Azərbaycan variantının - "xələf"inin toxunuşunda rast gəlinən çətinliklərə rəğmən demək olar ki, "sələf"in özünün də zamanında yaşayıb-yaratmış xalçaçıların yüksək sənətkarlığı nəticəsində ərsəyə gətirildiyini söyləmək olar. Sasani hökmdarının ömür yolu vəfatından sonra tərtib edilmiş "Pərviznamə"də öz əksini tapıb. Burada romantik ruhda təqdim olunan şöhrətli hökmdarla bağlı çoxsaylı əfsanələr toplanıb. Ərəb tarixçiləri Sasani dövründə Xosrov Pərviz üçün yaradılan əfsanəvi sənət əsərlərindən bəhs edən daha bir kitabın da mövcud olduğunu bildirirlər. Əgər onlardan biri mürəkkəb saat mexanizmli hökmdar taxtı idisə, digəri bədii örtüyündə qiymətli daş-qaşlardan istifadə olunan xovlu xalı olub. Doğrudan da, gecənin tən yarısında "dörd ağ öküz"ün taxtdan (Ermitajda (Sankt-Peterburq) qorunan qədim gümüş nimçədə onların təsviri var) çıxardığı "ay arabası" ilə xalının naxış örtüyünə həm də gözqamaşdırıcı heyranlıq bəxş edən zərif daş-qaşları ilmələrlə qoşalaşdırmaqla heyrətdoğuruculuğa nail olmaq qədim ustaların yüksək sənətkarlıqlarının ifadəsi idi. Tarixçilər Xosrov Pərvizin taxtındakı oymaların naxışlarında da göy cisimləri təsvirlərinin yer aldığını qeyd edirlər. Bununla da taxtla onun qarşısındakı döşəməni bəzəyən "Xosrovun baharı" arasında bədii bağlılıq əldə olunub".
Eldar Mikayılzadənin əsərinə gəlincə, araşdırmaçı bildirir ki, uzun müddət sənətkarlar üçün əlçatmaz sayılan belə bir əfsanəvi xalının mövcudluğundan xəbərdar idi: "Əgər bu informasiyanın tələbəlik illərində onda heç bir təsir qoymadığını söyləsək, yəqin ki, səmimilikdən uzaq olarıq. Bununla belə, xalçaçılıq kimi çətin bir sahənin bədii-texniki imkanlarına yeni-yeni bələd olmağa başlayan gənc ilk baxışda çox cəzbedici görünən bu məlumatı istər-istəməz özünün üst-üstə qalanmış mavi "arzular saxlancı"na gömdü. Və məqsədini uzun müddət "əfsanəvi xalı" əhvalatını və digər arzularını "göyərtməyə" imkan verəcək sənətkarlığını kamilləşdirməyə yönəltdi. Ancaq əslində onun hələ tələbə ikən yaratdığı və Azərbaycan Xalçası və Xalq-Tətbiqi Sənəti Dövlət muzeyinin ekspozisiyasında göstərilən "Şəbi-hicran-1" əsərinin özünün qeyri-adi bədii həllinə görə 1983-cü ildə Bakıda Şərq xalçaları üzrə keçirilən beynəlxalq simpozium günlərində dünya mütəxəssislərini heyran etməsi nə vaxtsa Eldarın əlçatmaz sayılan "Xosrovun baharı"na qayıdacağından xəbər verirdi. Ancaq onun "Şəbi-hicran-1"-dən "Kəhkəşan"a doğru uzanan "həsrəti" düz 29 il çəkdi. Nəhayət, 2010-cu ildə Eldar Mikayılzadə keçmişə baxmağa özündə bütün mənalarda güc hiss etdi. 2 il davam edən yaradıcılıq prosesi 2012-ci ildə bitdi və xalçaçı-rəssam bu işin tamamlanmasını gözləyən pərəstişkarlarını sevindirdi. Ölçüsü 200x214 sm olan bu unikal sənət nümunəsinin sıxlığı 55x55-dir. Onun toxunmasında pambıq, yun, ipək və qızıl saplardan istifadə olunub. Əsərin insan ağlını ovsunlayan koloriti 600-ə yaxın rəng və çalarlardan yaranıb. Kompozisiyada işlədilən qiymətli daş-qaşların sayı 725-dir. Feonit və svarov daşının bir-neçə çalarından (burada onun sarı, mavi, yaşıl, çəhrayı, qırmızı beş çalarından istifadə olunub) bütün kompozisiya səthi boyu istifadə edən xalçaçı-rəssam onların düzülüşünü əsərin məna-məzmun tutumunu zənginləşdirən bədii elementə çevirə bilib. Yeri gəlmişkən, xalçanın texniki baxımdan heç də asan ərsəyə gəlmədiyini vurğulamaq istərdik. Belə ki, xalçada işlədilən 725 qiymətli daşın iplərin əhatəsində etibarlı oturuşu yalnız onların qızıl arğac üzərində oturdulmasından və "zili" texnikasının tətbiqindən sonra əldə olunub. Bu alt arğac və daşaltılara isə 1325 qram qızıl işlədilib. Əsərin bədii-estetik və bədii-texniki məziyyətlərini vurğulamazdan öncə onun mövzusuna toxunmaq istərdik. Dərin hikmətə bələnmiş bu xalça özündə göy cisimləri haqqında elmi-tarixi həqiqətləri yaşadır. Bu mənada onun "Kəhkəşan" adlandırılması da çox təbiidir. Elmdə həm də "Ağ yol" (ona Şərqdə "Saman yolu" deyirlər) kimi tanınan kəhkəşan əslində Günəşin də daxil olduğu nəhəng ulduz sistemidir. Onun tərkibində yüz milyarddan çox ulduz var. Bu yerdə əlavə edək ki, əsərin mövzusunun hamıya daha çox əlçatmaz və sirli-soraqlı görünən göy cisimlərinə həsr olunması müəllifin xalçanın uğuruna kömək edən məntiqli seçimidir. Belə ki, bizdən çox-çox uzaqlarda olsalar da, öz varlığını yerə tuşlanan işıq seli ilə əyaniləşdirən cisimlərin həm də səmadakı yerlərini müəyyənləşdirən bu qaşlar yəqin ki, hansısa başqa kompozisiyada bu qədər təsirli olmazdılar. Onların "Kəhkəşan"ın mavi-göy rəng selinə bəxş etdiyi nüfuzedici canlılıq kifayət qədər duyulandır. Kompozisiyanın dominant nöqtəsini gözəgörünməz pərilərin qanadları ilə naxışların qovşağından əmələ gəlmiş medalyon təşkil edir. İsti-soyuq rənglərdən "hörülmüş" bu halənin mərkəzində toplanmış ulduz selinin nurunu daha da gücləndirən daş-qaşların yaratdığı heyranedici görüntünün irreal qəbulu danılmazdır. Burada tünd-göy və mavi rənglərin tədricən dəyişən çalarları ilə daş-qaşlar arasında medalyonun gur işıqlığını şərtləndirən uğurlu nisbət əldə olunub. Medalyonun mərkəzini şərtləndirən iri və onu dövrələyən nisbətən kiçik ölçülü daş-qaşların kənarlara doğru sənətkarlıqla tapılmış "hərəkətində" axıcılığın və dinamikanın əldə olunması xalçanın bu hissəsinin sferikliyinin inandırıcılığı təəssüratını yaradıb. Bu "çevrəni" əhatələyən sarı zolağın üzərində doqquz "məqam"ın adı yazılıb. Xalçanın mərkəzi ilə iri haşiyəsinə qədər olan məsafədə kəhkəşan, yəni "saman yolu"nun buludsuz gecələrdə heyranedici olan görünüşünü şərtləndirən çoxsaylı təsvirlər yerləşdirilib. Onların arasında şərti-rəmzi bədii şərhli, yəni "xalça dili" ilə təqdim olunmuş on iki ayın və bürcün, doqquz planetin görünüşü var. Buradakı dairənin - fərqli rəng daşıyan planetlərin içərisində müəyyən bir il qeyd olunub, onun rəmzi işarəsi, metalın rəmzi olduğu göstərilib, ərəbcə-latınca adı yazılıb, hansı musiqi alətinə bağlılığı və dörd ünsürdən hansının onun əlaməti olduğu göstərilib. Maraqlıdır ki, müəllifin görüntüyə gətirdiyi bu "səmavi xəritə" bədiiliyi ilə yanaşı, həm də elmi dəqiqliyi ilə diqqət çəkir".
Z.Əliyev daha sonra bildirir ki, xalçaçı-rəssam "Kəhkəşan"la eyni vaxtda daha bir xalçasını başlayıb və tamamlayıb. Bu, dahi fırça ustası, Azərbaycan təbiətinin bənzərsiz tərənnümçüsü Səttar Bəhlulzadəyə həsr olunmuş "Səttarın arzusu" əsəridir. Bu, müəllifin el arasında "Sənətin Məcnunu" kimi tanınan rəssama həsr etdiyi ilk xalça deyil. Onun "Səttar dünyası" (1979) və "Səttar" (1999) əsərlərində rəssamın özünəməxsus sənət dünyasına ətraflı nəzər salınıb, bir çox süjetli xalçalarında isə onun zahiri görkəmi ilə qəribəliyini sərgiləyən görkəmli mənzərə ustasının obrazından istifadə olunub. Odur ki, Eldar Mikayılzadənin bu mövzuya yenidən qayıdışını müxtəlif cür mənalandırmaq olar. Ancaq müəllifin əsərə verdiyi ada rəğmən demək olar ki, əslində o, özünə həmişə mənəvi ulduz saydığı sənətkarın bəlkə də bütün ömrü boyu ürəyində gəzdirdiyi yaradıcı arzusunu gerçəkləşdirib. Bəlkə də ömür vəfa etsəydi, Səttar bu cür əhatəli bir tablo yaradacaqdı. Amma şəxsi həyatını Azərbaycan incəsənətinin çiçəklənməsinə qurban verən rəssamın buna vaxtı çatmadı. Ona görə də xələfin sələfin şəxsiyyətinə bu münasibətinin "Səttarın arzusu" adlandırılması tamamilə məntiqlidir. Böyük mənzərə ustasının bu "arzu"sunda onun 34 illik yaradıcılıq yoluna nəzər salınıb, onun çox cəlbedici və təsirli nəticəsi-görüntüsü yaradılıb. Başqa sözlə desək, xalçanın kompozisiyasında rəssamın 36 rəngkarlıq əsərindən istifadə olunub.".

Uğur