İnstitutda “Cənubi Azərbaycan folkloru” şöbəsi yaradılıb Mədəniyyət

İnstitutda “Cənubi Azərbaycan folkloru” şöbəsi yaradılıb

Tural

Bu barədə qərar AMEA Rəyasət Heyətinin yanvarın 21-də keçirilən iclasında qəbul edilib. AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin vəsatətini nəzərə alaraq, AMEA-nın Folklor İnstitutunun nəzdində Cənubi Azərbaycan folkloru şöbəsi yaradılıb. Əsas məqsəd Cənubi Azərbaycan folklorunun toplanması, nəşri və tədqiqi işinin səmərəli təşkilini, bu işlərin müasir elmi prinsiplər əsasında sistemli və ardıcıl aparılmasını, onun problemlərinin yeni elmi mövzular kimi müəyyənləşdirilməsini təmin etməkdir. Qərarın icrasına nəzarət AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimliyə həvalə olunub.
AMEA Rəyasət Heyətinin 17 sentyabr 2014-cü il tarixli qərarı əsasında AMEA Botanika İnstitutu ilə ABŞ-ın Elm və Texnologiya üzrə Ayova Dövlət Universiteti arasında "Meşə mikologiyası və patologiyası" beynəlxalq laboratoriyası yaradılmışdır. "Meşə mikologiyası və patologiyası" beynəlxalq laboratoriyasının 2015-2017-ci illər üçün nəzərdə tutulmuş elmi fəaliyyət proqramı və büdcəsi ABŞ-ın Elm və Texnologiya üzrə Ayova Dövlət Universiteti ilə razılaşdırılmışdır.
Qeyd olunanlarla əlaqədar, AMEA Rəyasət Heyətinin iclasında "Meşə mikologiyası və patologiyası" beynəlxalq laboratoriyasının elmi fəaliyyət proqramının təsdiq edilməsi haqqında qərar qəbul edilib. Proqramın icrasından irəli gələn məsələlərin həlli AMEA Botanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Validə Əli-zadəyə, qərarın icrasına nəzarət isə AMEA Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanova həvalə edilib.