Tikinti bazarında durğunluq hökm sürür İqtisadiyyat

Tikinti bazarında durğunluq hökm sürür

"Tikinti bazarında durğunluq hökm sürməkdədir". Bunu Trend-ə açıqlamasında tikinti sektorunun monitorinqini aparan ekspert Vüqar Oruc deyib. Onun sözlərinə görə, tikinti bazarının aktivləşdirilməsi üçün müəyyən stimullaşdırıcı addımlar atılmalıdır. Bunun üçün isə vəsaitlərin ayrılmasını zəruri hesab edən ekspert bildirib ki, iyulun 13-də Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan Prezidenti dövlət büdcəsindən İpoteka Fonduna əlavə olaraq 200 milyon manat vəsaitin ayrılması ilə bağlı göstərişi sözügedən sahəyə müəyyən təsir göstərəcək: "Prezidentin göstərişi müəyyən təsirini göstərəcək. Çox güman ki, bu sahə yenidən aktivləşəcək. Ancaq hazırda tikinti sektorunda durğunluq mövcuddur. Bunun hələ bir müddət davam edəcəyini proqnozlaşdırmaq çətin deyil".
Tikinti materialları bazarındakı vəziyyətə toxunan V.Orucun sözlərinə görə, burada da ümumilikdə tələbatın aşağı düşdüyü açıq şəkildə görünür. Tikinti işlərinin və materialların bir-biri ilə əlaqəli olduğunu deyən ekspert qeyd edib ki, məhsulların alınmasında müəyyən azalmanın olması təbii ki, qiymətə də təsir göstərir: "Tikinti işlərində azalma tikinti materiallarına da təsir edir. Çünki qeyd etdiyim kimi, hər ikisi bir-biri ilə əlaqəlidir. Tikinti materiallarının bahalaşması evlərin də qiymətində artım yaradır. Amma nəzərə alsaq ki, hazırda evlərin satış qiymətində azalma var, onda tikinti materiallarında bahalaşma ola bilməz. İlin sonuna kimi nəyinsə dəyişəcəyini düşünmürəm".