“Böhran siyasi amillərlə bağlıdır” İqtisadiyyat

“Böhran siyasi amillərlə bağlıdır”

Neftin qiymətinin iki dəfədən çox düşməsi ilə dünyada müşayiət olunan iqtisadi və maliyyə böhranının əsas səbəbləri siyasi amillər və maraqlarla bağlıdır. Azərbaycanın yüksək iqtisadi göstəriciləri isə belə qənaəti formalaşdırır ki, ölkəmiz düşünülmüş iqtisadi siyasət əsasında bu mərhələni də geridə qoyacaq.
Energetika Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bu fikirləri Azərbaycanın energetika naziri, Azərbaycan-Qazaxıstan Hökumətlərarası İqtisadi Komissiyanın həmsədri Natiq Əliyev sentyabrın 9-da Qazaxıstanın ölkəmizdəki səfiri Beybit İsabayevlə keçirdiyi görüşdə səsləndirib.
Görüşdə iki ölkə arasındakı dərin tarixi köklərə və dostluğa əsaslanan münasibətlərin inkişafından məmnunluq ifadə edilib. Bildirilib ki, siyasi-iqtisadi əlaqələrin möhkəmliyi enerji sektorunda da uğurlu əməkdaşlığı təmin edib və birgə layihələrin həyata keçirilməsini mümkünləşdirib.
Azərbaycan-Qazaxıstan Hökumətlərarası İqtisadi Komissiyanın fəaliyyəti də təqdirəlayiq hesab edilərək, əməkdaşlığın gələcək istiqamətləri və dünyada cərəyan edən iqtisadi və maliyyə böhranı ətrafında fikir mübadiləsi aparılıb.
Neftin qiymətinin iki dəfədən çox düşməsi ilə müşayiət olunan bu böhranın təsirlərindən danışan Natiq Əliyev qeyd edib ki, bu prosesin əsas səbəbləri siyasi amillər və maraqlarla bağlıdır. Nazir deyib: "Ölkənin yüksək iqtisadi göstəriciləri isə belə qənaəti formalaşdırır ki, Azərbaycan düşünülmüş iqtisadi siyasət əsasında bu mərhələni də geridə qoyacaq. Bütün ölkələr, o cümlədən Qazaxıstan da mövcud vəziyyətdən ancaq öz praqmatizmi ilə çıxa bilər."
Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev isə bildirib ki, bütün sahələrdə ikitərəfli əlaqələrin inkişafının davam etdirilməsi onun diplomatik fəaliyyətində də prioritet təşkil edəcək. İkitərəfli münasibətlərin inkişafında isə qarşılıqlı səfərlərin və görüşlərin mühüm əhəmiyyət daşıdığı qeyd edilərək, Astanada keçiriləcək "EKSPO-2017 " Beynəlxalq Sərgisinin təşkili ilə əlaqədar məsələlər ətrafında müzakirələr aparılıb.