Göygöldə işgüzar forum İqtisadiyyat

Göygöldə işgüzar forum

Sahibkarlara güzəştli kredit verilib


Tərlan

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir. Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forum sentyabrın 17-də Göygöl rayonunun Qızılca kəndində keçirilmişdir.
Forumda iştirak edən 130-dan çox sahibkara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumat verilmiş, reallaşdırılması məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunmuş, sahibkarlara güzəştli kreditlər verilmişdir. Həmçinin, forumda Göygöl rayonunda cins heyvandarlıq, üzümçülük, arıçılıq təsərrüfatlarının, meyvə emalı və qablaşdırılması, çörək, pendir və keramika məhsullarının istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, sahibkarlara nümunəvi investisiya layihələri və metodiki materiallar təqdim edilmişdir. Forumda çıxış edən Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev 2015-ci ilin ötən dövrü ərzində 4000-dən çox sahibkara 141 milyon manatdan çox güzəştli kredit verildiyini, reallaşdırılan layihələrin 8800-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verdiyini diqqətə çatdırmışdır.
Ümumilikdə, indiyədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 5540-dan çox investisiya layihəsinin maliyyələşdirilməsinə 199,4 milyon manat güzəştli kredit verilmiş, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, taxıl anbarlarının, istixana təsərrüfatlarının, quşçuluq fabrikinin, çörək, tikinti materialları, süfrə suları istehsalı, meyvə-tərəvəz, süd emalı müəssisələrinin yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilmiş, 24 mindən çox yeni iş yerinin açılması imkanı yaradılmışdır.
Forum çərçivəsində Göygöl və ətraf rayonlardan olan 61 sahibkara 805 min manat güzəştli kredit verilmişdir. Verilmiş kreditlər əsasən, taxılçılıq, heyvandarlıq, quşçuluq, üzümçülük, mebel istehsalı və s. sahələrin inkişafına yönəldiləcəkdir. Forum çərçivəsində Göygöldə dövlətin güzəştli kreditlərindən istifadə edilməklə yaradılan fermer təsərrüfatlarına baxış keçirilmişdir.