İstehlakçı hüquqlarının müdafiəsi ilə bağlı tədbir İqtisadiyyat

İstehlakçı hüquqlarının müdafiəsi ilə bağlı tədbir

Tural

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununun qəbulunun 20 illiyi ilə bağlı sentyabrın 18-də Bakı Biznes Mərkəzində Dəyirmi Masa keçirilib. "İstehlakçı hüquqlarının müdafiəsi sahəsində hüquqi tənzimləmə: reallıqlar, perspektivlər" mövzusuna həsr olunmuş Dəyirmi Masada aidiyyəti dövlət qurumlarının, beynəlxalq və ictimai təşkilatların nümayəndələri və sahibkarlar iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Dövlət Xidmətinin rəisi Zahid İsayev Azərbaycanda istehlakçı hüquqlarının müdafiəsi sahəsində dövlət siyasətinin əsasının 19 sentyabr 1995-ci ildə "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanununun qəbulu ilə qoyulduğunu və bu sahədə işlərin daha da gücləndirildiyini vurğulayıb.
Qeyd edilmişdir ki, bu qanunla Azərbaycan Respublikasında ilk dəfə olaraq beynəlxalq ictimaiyyət tərəfindən tanınmış istehlakçı prinsipləri hüquqi şəkildə təsbit edilmiş, bu sahədə hüquqi bazanın tam şəkildə formalaşdırılması istiqamətində məqsədyönlü və ardıcıl işlər həyata keçirilməyə başlanmışdır. İstehlakçılar və sahibkarlar arasındakı münasibətlərin tənzimlənməsini, istehlakçıların hüquqlarını və bu hüquqların müdafiəsi mexanizmini özündə birləşdirməsi baxımından qanun olduqca böyük əhəmiyyətə malikdir.
İstehlakçı hüquqlarının qorunmasının ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritetlərindən olduğunu vurğulayan Dövlət Xidmətinin rəisi Zahid İsayev həyata keçirilən tədbirlər nəticəsində ölkədə istehlakçı hüquqlarının müdafiəsinin daha da yaxşılaşdırıldığını və bu istiqamətdə tədbirlərin davam etdiyini qeyd etmişdir.
Tədbirdə, həmçinin istehlakçıların hüquqlarının müdafiəsi sahəsində maarifləndirmənin xüsusi rolu qeyd olunmuş və Dövlət Xidməti tərəfindən bu sahədə görülən işlər iştirakçıların diqqətinə çatdırılmışdır. Bildirilmişdir ki, Dövlət Xidmətinin təşkilatçılığı, aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların, sahibkarlıq subyektlərinin, ictimaiyyət və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə 2015-ci ildə Bakıda və regionlarda 8 konfrans, ali və orta ixtisas təhsil müəssisələrində 5 seminar keçirilmiş, sahibkarlara və istehlakçılara 24 adda 60 mindən yuxarı buklet və yaddaş kitabçaları paylanmışdır. İstehlakçıların maarifləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Tədbirdə həmçinin, aidiyyəti dövlət orqanlarının, yerli və beynəlxalq təşkilatların nümayəndələri istehlakçı hüquqlarının qorunması sahəsində mövcud vəziyyət, bu sahədə qanunvericilik, həyata keçirilən maarifləndirmə tədbirləri mövzularında çıxış etmiş, istehlakçı hüquqlarının qorunması sahəsində fəaliyyətin səmərəliliyinin artırılması üçün müxtəlif təkliflər səsləndirmiş, mövzu ətrafında fikir mübadiləsi aparmışlar.