"Putin Zelenski ilə birbaşa görüşmək istəmir" Dünya

"Putin Zelenski ilə birbaşa görüşmək istəmir"

Zelenski Putinlə birbaşa görüşmək arzusunu heç vaxt gizlətməyib – hərçənd bu, Rusiya və ya Belarusda olmamalıdır. Bu mənada, onun son bəyanatı əvvəlki ritorikasının davamıdır.

Bunu xalqcebhesi.az-a Ukrayna Milli Strateji Araşdırmalar İnstitutunun Xarici Siyasət Araşdırmaları Mərkəzinin baş məsləhətçisi, iqtisad elmləri namizədi İvan Us deyib.

"Niyə məhz Türkiyə? Çünki Ukraynanın bu genişmiqyaslı müharibədə əldə etdiyi ilk diplomatik uğur danışıqların Belarusdan İstanbula köçürülməsi idi; Ukrayna Türkiyəni "Ukrayna tərəfdarı neytrallıq" mövqeyini qoruyan bir ölkə kimi görür. Bundan əlavə, aydın şəkildə başa düşülür ki, Putin Zelenski ilə birbaşa görüşmək istəmir, çünki belə bir görüş onları faktiki olaraq bərabər səviyyəyə qoyardı – Putin isə bundan qaçmağa çalışır.

Konkret bir məkan təklif etməklə Zelenski əslində belə bir görüşə razı olmayan tərəfin Rusiya olduğunu nümayiş etdirməyi hədəfləyir. Bu, sülhün qarşısını alan tərəfin Ukrayna olması barədəki iddiaya qarşı tutarlı bir cavabdır" o, deyib.

Xatırladaq ki, Ukrayna Prezidenti Zelenski
“CNN Türk” telekanalına müsahibəsində deyib ki, o,
rusiyalı həmkarı Vladimir Putinlə Türkiyədə görüşməyə hazırdır.

O, danışıqların başlanması üçün çevik hərəkətə keçməyin vacibliyini vurğulayıb. Xüsusilə Qara dənizdə təhlükəsizliyin təmin edilməsinin əhəmiyyətinə diqqət çəkib.

Zelenskinin sözlərinə görə, Qara dənizdə təcili olaraq təhlükəsiz dəhliz açılmalıdır. O, hazırda 4 gəminin Rusiya hücumlarına məruz qaldığını bildirib.

“Prezident Ərdoğan bu məsələləri Rusiya tərəfi ilə müzakirə edəcək. Bunun hansı formatda, necə və nə vaxt keçiriləcəyi, əlbəttə ki, Prezidentin öz qərarından asılıdır”, – deyə Zelenski qeyd edib.

Cavid