Qaradağ rayonunda neft-kimya zavodu inşa olunur İqtisadiyyat

Qaradağ rayonunda neft-kimya zavodu inşa olunur

Son illər güzəştli kreditlər hesabına 132 sənaye yönümlü müəssisə yaradılıb


Tərlan

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir. Noyabrın 26-da Sahibkarlığa Kömək Milli Fondu Qaradağ rayonunun Lökbatan qəsəbəsində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirmişdir. Forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumatlar verilmiş, Qaradağda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunmuş, sahibkarlarla müvəkkil kredit təşkilatları arasında işgüzar münasibətlər qurulmuş, sahibkarların investisiya layihələri maliyyələşdirilmişdir.
130-a yaxın sahibkarın iştirak etdiyi işgüzar forum çərçivəsində Qaradağ rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ət kəsimi, şirniyyat məhsulları, plastik qapı-pəncərə, üzlüklər, dam örtükləri, dəmir qapı, plastik qablar, polietilen paketlər, corab istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi vurğulanmış, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanmışdır.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirmişdir ki, indiyədək Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində paytaxt qəsəbələrində sahibkarlıq subyektlərinin 1161 investisiya layihəsinin maliyyələşdirilməsinə 288,7 milyon manat güzəştli kredit verilmiş, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan çörək zavodları, istixana kompleksləri, quşçuluq təsərrüfatları, ət emalı, "yaşıl market", logistik mərkəzlər, metal konstruksiya, mebel, neft-kimya sənayesi avadanlıqları istehsalı müəssisələrinin yaradılması üzrə investisiya layihələri maliyyələşdirilmiş, 9000-ə yaxın yeni iş yerinin açılması imkanı yaradılmışdır. Qeyd edilmişdir ki, son illər güzəştli kreditlər hesabına 132 sənaye yönümlü investisiya layihəsinin maliyyələşdirilməsinə 409 milyon manatdan çox güzəştli kredit verilmişdir. Maliyyələşdirilmiş müəssisələrdən 115-i istifadəyə verilmiş, 17-i üzrə işlər davam etdirilir. Bu müəssisələrdə istehsal olunan məhsullar idxalı əvəz etməklə yanaşı, ölkənin sənaye potensialının reallaşdırılmasında mühüm rol oynayacaqdır.
İşgüzar forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə 20 sahibkarlıq subyektinə 10,2 milyon manat güzəştli kredit verilmişdir. Verilmiş kreditlər əsasən, heyvandarlıq, istixana təsərrüfatı, çörək, neft-kimya sənayesi avadanlıqları, qapı-pəncərə istehsalı və s. sahələrə yönəldiləcək. Bu kreditlərin reallaşdırılması 600-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Forum çərçivəsində Qaradağ rayonunun Sahil qəsəbəsində dövlətin güzəştli krediti ayrılmış neft-kimya sənayesi avadanlıqları istehsalı zavodunda aparılan tikinti-quraşdırma işlərinə baxış keçirilmişdir.