“Azneft“ neft və qaz hasilatını artırıb İqtisadiyyat

“Azneft“ neft və qaz hasilatını artırıb

Bu ilin yanvar-fevral aylarında SOCAR-ın "Azneft" İstehsalat Birliyi qarşıya qoyulmuş neft və qaz hasilatı planını artıqlaması ilə yerinə yetirib. "Azneft"dən verilən məlumata görə, birlik kollektivinin həyata keçirdiyi texniki-geoloji tədbirlər nəticəsində istismar olunan quyulardan əlavə neft-qaz çıxarılıb.
Bu ilin 2 ayı ərzində "Azneft" üzrə 1 mln. 34,4 min ton plan-tapşırığına qarşı, 1 mln. 37,8 min ton neft hasil edilərək plana 100,3% əməl olunub. Bu ilin 2 ayı ərzində qaz hasilatı sahəsindəki göstəricilərdə də artım tempi müşahidə olunub. 2016-cı ilin müvafiq dövrü ərzində 917 mln. 140 min kubmetr qaz hasilatı nəzərdə tutulduğu halda, bu rəqəm 944 mln. 609 min kubmetrə bərabər olub. Plan 103% yerinə yetirilib.
Ötən 2 ayda fəaliyyətsiz quyu fondundan 27 quyu istismara qaytarılıb. Bu quyulardan 629 ton neft hasil edilməsi planlaşdırıldığı halda, faktiki olaraq 3 956 ton neft alınıb ki, bu da plandan 3 327 ton çoxdur.



Bu nailiyyətlərin əldə olunmasında mühüm amillərdən biri də fəaliyyətdə olan işlək quyu fondundan optimal rejimləri seçməklə istifadə edilməsi və səmərəli texniki-geoloji tədbirlərin aparılması olub. Belə ki, ilin əvvəlindən 114 geoloji tədbir keçirilib, nəticədə 7343 ton neft hasil edilib ki, bu da plana qarşı 34 tədbir çox və 1053 ton artıq neft deməkdir. Həyata keçirilən texniki və texnoloji tədbirlər nəticəsində isə, 6138 ton plana qarşı 7743 ton neft hasil edilib. Yataqların tammiqyaslı istismara daxil edilməsi, yeni quyuların qazılması işi bu ay da uğurla davam etdirilib. Qazma işlərinin həcminin genişləndirilməsi nəticəsində, fevral ayı ərzində "Azneft"in sifarişi əsasında 9 quyu qazılaraq istismara verilib. Yeni quyuların qazılması nəticəsində 3704 ton neft hasil edilib.