İstehlakçı hüquqları ilə bağlı Qəbələdə tədbir İqtisadiyyat

İstehlakçı hüquqları ilə bağlı Qəbələdə tədbir

Tural

İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlakçıların maarifləndirilməsi tədbirləri davam etdirilir. Bu məqsədlə konfranslar, seminarlar və s. tədbirlər təşkil edilir, KİV-lərdə istehlakçı hüquqları ilə bağlı məlumatlar yayılır, video-çarxlar yayımlanır, ticarət və ictimai-iaşə obyektlərinin xidmət personalı üçün təlimlər keçirilir, istehlakçı hüquqlarına dair müxtəlif mövzularda bukletlər, yaddaş kitabçaları və digər əyani vəsaitlər hazırlanaraq istehlakçılar arasında paylanılır. Növbəti maarifləndirmə tədbiri aidiyyəti dövlət qurumlarının regional bölmələrinin, ictimai təşkilatların nümayəndələrinin və 150-ə yaxın istehlakçının iştirakı ilə aprelin 15-də Qəbələdə keçirilmişdir.
"Hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir" mövzusunda keçirilən konfransda çıxış edən Dövlət Xidmətinin rəis müavini Araz Əliyev istehlak bazarının keyfiyyətsiz mal və xidmətlərdən qorunmasında maarifləndirmə və təbliğat-təşviqat işlərinin əhəmiyyətindən danışmış, tədbir iştirakçılarına istehlakçıların hüquqlarının qorunması sahəsində qanunvericilik, istehlakçıların hüquqları barədə məlumat vermiş, Dövlət Xidməti tərəfindən bu sahədə həyata keçirilən tədbirləri diqqətə çatdırmışdır.
Bildirilmişdir ki, ötən il Dövlət Xidməti tərəfindən aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların, sahibkarlıq subyektlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Bakıda və regionlarda konfranslar, dəyirmi masa və seminarlar keçirilmiş, istehlakçıların maarifləndirilməsi və sahibkarların məlumatlandırılması məqsədilə 24 adda buklet və yaddaş kitabçası hazırlanaraq paylanmışdır. Bu işlər hazırda da davam etdirilir.
Konfransda Dövlət Xidmətinin əməkdaşları istehlakçı hüquqlarının müxtəlif aspektləri ilə bağlı məruzələrlə çıxış etmiş, xidmət qaydalarının tələblərinə əməl olunması və xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər, istehlakçıların mal və xidmət alarkən diqqət yetirməli olduğu məsələlər, xidmət müəssisələrinin vəzifələri barədə ətraflı məlumat vermiş, tədbir iştirakçılarının suallarını cavablandırmışlar. Sonda tədbir iştirakçılarına istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanmışdır.