Bütün sərnişin vaqonları yenilənəcək İqtisadiyyat

Bütün sərnişin vaqonları yenilənəcək

Bakı-Tbilisi-Qars dəmir yolu üçün İsveçrədən sərnişin vaqonları alınacaq

Bu ildən etibarən İsveçin "Bombardier" şirkəti Azərbaycan dəmir yollarında Bakı-Böyük-Kəsik istiqamətində TRACECA xətti boyunca rabitə və işarəvermə qurğularının yeni sistemə keçirilməsi prosesinə başlayacaq. "APA-Economics"in məlumata görə, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin sədr müavini Qurban Nəzirov bildirib. Onun sözlərinə görə, cəmiyyətin məqsədi 2015-ci ilin sonuna qədər bu dəmir yolu hissəsinin hər iki istiqamətində işləri yekunlaşdırmaqdır.
Q.Nəzirov deyib ki, Azərbaycan dəmir yolları yükdaşıma ilə bağlı stansiyaların fəaliyyətini də gücləndirilir: "Ötən il dəmir yolunda yükdaşımada lokomotivlərin istismarı ilə bağlı olan problemlər həll olunub. Ötən il Baltikyanı ölkələr və Ukraynanın müvafiq zavodlarında 10-a yaxın lokomotiv təmir olunub və artıq istismara verilib. Eyni zamanda, ötən il Çexiyada Azərbaycan dəmir yollarına məxsus 5 teplovoz təmir olunaraq, artıq istismara verilib. Əlavə olaraq, Azərbaycanda sərnişin təsərrüfatının yaxşılaşdırılması ilə əlaqədar xeyli iş görülüb. Belə ki, 80-ə yaxın sərnişin vaqonu Ukraynada və Rusiyada təmir olunaraq istismara verilib. Bununla bərabər, ötən il Şimal istiqamətində hərəkət edən bütün qatarların, Bakı-Rostov, Bakı-Xarkov qatarlarının tərkibi tamamilə dəyişdirilib, onlar yeni vaqonlarla əvəz edilib".
İdarənin rəis müavininin sözlərinə görə, eyni zamanda ölkə daxilində hərəkət edən qatarlar və Bakı-Tbilisi qatarında vaqonlar tamamilə dəyişdirilib: "2014-cü ilin sonuna qədər digər istiqamətlərdə də hərəkət edən sərnişin qatarlarının dəyişdirilməsinə nail olacağıq".
Azərbaycan dəmir yollarında sərnişindaşıma təsərrüfatının yaxşılaşdırılması məqsədi ilə Gəncə şəhərində yeni sərnişin vaqonları istehsal edəcək zavodun tikintisi planlaşdırılır. Qurban Nəzirovun sözlərinə görə, artıq İsveçrənin "Stadler" şirkəti ilə Azərbaycan Nəqliyyat Nazirliyi və "Azərbaycan Dəmir Yolları" QSC səviyyəsində danışıqlar aparılıb: "Hazırda həmin şirkətlə texniki sənədlər və layihələr işlənilir. Məqsədimiz bu il bu layihəni tam yekunlaşdırıb işə başlamaqdır".
Q.Nəzirov deyib ki, bundan başqa, "Azərbaycan Dəmir Yolları" bu il həmin şirkətdən 30 sərnişin vaqonu almağı planlaşdırır: "Artıq 2014-cü ilin dövlət büdcəsindən bunun üçün 30 mln. manat ayrılıb. Bu müqavilə bağlandıqdan sonra "Stadler" şirkəti Azərbaycan dəmir yolları üçün 30 sərnişin vaqonunun istehsalına başlayacaq".
İdarənin rəis müavini qeyd edib ki, gələcəkdə həmin şirkət bu vaqonların texnologiyasına uyğun olaraq Gəncə şəhərində bu tip vaqonların istehsalına başlayacaq: "Hesab edirəm ki, bununla da Azərbaycan dəmir yollarında olan sərnişin təsərrüfatının bütün problemləri həll olunacaq. Gəncə şəhərində yeni tikiləcək vaqon zavodu isə həm əhali, həm də dəmiryolçular üçün əlavə iş yerlərinin açılmasına imkan yaradacaq".
Q.Nəzirov əlavə edib ki, ölkəyə gətiriləcək 30 ədəd yeni sərnişin vaqonu və gələcəkdə bu zavodda istehsal ediləcək yeni vaqonların Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə istismara buraxılacağı nəzərdə tutulub.