İsveçrədə nəqliyyat dəhlizlərinin perspektivləri müzakirə olunub İqtisadiyyat

İsveçrədə nəqliyyat dəhlizlərinin perspektivləri müzakirə olunub

İsveçrənin Sürix şəhərində "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovla "İnterRail Holding AG" şirkətinin sədri Hans Raynhard arasında ikitərəfli görüş keçirilib.
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsi Sevinc Qədirovanın verdiyi məlumata görə, görüş zamanı İsveçrə yüklərinin Şimal-Cənub və Cənub-Qərb beynəlxalq nəqliyyat dəhlizlərinə cəlb edilməsi, isveçrəli tərəfdaşlarla əməkdaşlığın perspektivləri məsələsi müzakirə olunub.
Cavid Qurbanov bildirib ki, əsas vəzifə Azərbaycanın əlverişli coğrafi mövqeyindən istifadə edərək, beynəlxalq nəqliyyat dəhlizləri çərçivəsində, Mərkəzi və Şərqi Asiyadan Avropaya və əks istiqamətdə, ölkə ərazisindən keçən marşrutlara, tranzit yüklərin cəlb edilməsidir. Bu marşrutlara yük axının cəlb edilməsi üçün bütün imkanlar səfərbər edilib. Eyni zamanda nəzərə çatdırıb ki, İsveçrənin "Stadler Rail Group" şirkəti ilə geniş əlaqələr mövcuddur. Hazırda şirkətin istehsalı olan KİSS markalı ikimərtəbəli elektrik qatarları Bakı-Sumqayıt marşrutunda istismar olunur.
"İnterRail Holding AG" şirkətinin prezidenti Hans Raynhard Şimal-Cənub dəhlizinin aktivləşdirilməsində çox maraqlı olduqlarını vurğulayıb. Həmçinin "Azərbaycan Dəmir Yolları" QSC ilə bu istiqamətdə həyata keçiriləcək strateji əməkdaşlığın önəmindən danışıb.