Türkiyəli iqtisadçı: “Türkiyə ilə Rusiya arasında ticarətin inkişafını gözləmək əbəsdir” İqtisadiyyat

Türkiyəli iqtisadçı: “Türkiyə ilə Rusiya arasında ticarətin inkişafını gözləmək əbəsdir”

"Habertürk" qəzetinin iqtisadiyyat şöbəsinin müdiri Abdurrahman Yıldırımın APA-nın Türkiyə müxbirinə müsahibəsi

- Türkiyə ilə Rusiya arasında kənd təsərrüfatı məhsullarının idxal-ixracı məsələlərində qarşılıqlı anlaşmazlıqlar dərinləşir. Siz bunu necə dəyərləndirirsiniz?
- 2015-ci ildə yaşadığımız qırılma müəyyən dərəcədə təmir edildi. Turizm sahəsində əlaqələr önəmli dərəcədə təmir edilsə də, xarici ticarət sahəsində qət edilməsi lazım olan məsafə yerində sayır. Türkiyə Rusiyadan buğda idxalına yüksək vergi qoymalı oldu. Sanki ölkələr bir-birinin ixracatına embarqo qoyma durumuna düşdülər. Burada vəziyyəti müəyyənləşdirmək bir az çətindir: bu vəziyyət liderlərin tutduqları mövqedən irəli gəlir yoxsa, dövlətin işləmə mexanizmindən? Çünki liderlər səviyyəsində razılaşmalar əldə edilsə də, bu, ticari münasibətlərdə o dəqiqə öz əksini tapmaya bilir. Embarqoların ləğv edilməsindən danışılır, ancaq ləğv edilmədiyini görürük. 1989-cu ildən 2016-cı ilə qədər ticari münasibətlərdə qət etdiyimiz məsafə 2016-cı ildən sonra nə qədər yumşalsa da, köhnə səviyyəsinə gəlməyəcək. Yaxın və orta müddətdə bu, olmayacaq. Ona görə də Türkiyə və Rusiya arasındakı iqtisadi tərəfdaşlıq məhdudlaşmış olur. Yəni, bu durum Rusiyanın Türkiyədə iş görməsi anlamında da, Türkiyənin Rusiyada iş görməsi anlamında da belə olacaq. Məncə, münasibətlərdəki bu qırılma qalıcı hala gələcək. Ticari münasibətlərin yüksək xətlə inkişafını bundan sonra gözləməmək lazımdır. Bəlkə daha yumşaq böyümə dönəmini görə biləcəyik.
- Kürşad Tüzmənin xarici ticarətə məsul dövlət naziri olduğu dönəmdən başlayaraq Türkiyə ilə Rusiya arasındakı ticarət dövriyyəsinin 100 milyard dollara çatdırılacağı ilə bağlı fikirlər eşidirik. Türkiyə prezidentinin Rusiyaya son səfəri zamanı 100 milyard dollar məsələsi yenidən gündəmə gəldi. Səhər xarici işlər naziri deyir ki, Rusiyadan C-400 raketləri alırıq, günorta Rusiyanın buğda və qarğıdalısına 130% gömrük vergisi tətbiq edilir. 100 milyard dollarlıq dövriyyəyə hansı yollarla nail olunacaq?
- Həqiqətən o rəqəmə çata bilməyəcəyik. O cür hədəflər müəyyənləşdirmək gözəldir, ancaq onu reallaşdırmaq dünyanın gerçəklərinə bağlı olur. Kaş ki, reallaşa bilsə və iki ölkənin ticari münasibətləri daha da inkişaf etsə. Silah alımı və hərbi sahədəki əməkdaşlıqları bir tərəfə qoyuram, çünki bu gün o sahədə atılan addımları inkişaf etdirməyin çətin olduğunu düşünürəm. Türkiyə NATO ölkəsidir və sıradan ölkə deyil, ABŞ-dan sonra NATO-nun ən böyük silahlı qüvvəsidir. Bu durumda Rusiya ilə silah ticarəti yapmasını və təhlükəsizlik sistemləri qurmasını düşünə bilmirəm. Strukturun özünə tərsdir. Ona görə də, o sahədəki münasibətləri bir kənarda saxlamaq lazımdır. Ancaq ticari münasibətlərə 1,5 ildən bəri tətbiq edilən embarqo ciddi şəkildə zərər vurdu. Ticari münasibətlərdəki geriləmə Rusiya ilə məhdudlaşmır, Almaniya var, Hollandiya var...
- İndi belə bir təsəvvür yaradılır ki, Türkiyə olmasa, Rusiya pomidor yeyə bilməz, Almaniya ayaqqabı geyə bilməz, Hollandiya köynəksiz qalar. İçəridə belə bir təsəvvür yaradılmasının səbəbi nədir?
- Bu gün dünyada ayaqqabı tapmaq çətin şey deyil. (Gülür – M.Ə.) Çin dünyanın ayaqqabı ehtiyacının 1/4-ni istehsal edir və istədiyiniz hər cür ayaqqabını sizə verir. Önəmli olan məsələ strateji məhsulları istehsal etməkdir. O mənada Rusiyanın Türkiyəyə qarşı üstünlüyü var. Çünki Türkiyə ehtiyacı olan neftin və təbii qazın önəmli hissəsini Rusiyadan alır, idxalatımızın 65%-i Rusiyadandır, o mənada Rusiyadan asılıyıq. Qışda qaz kəsintisi olsa, biz soyuqda qalarıq, sənaye müəssisələrimiz işləməz. Ona görə, ayaqqabıya o qədər də güvənməmək lazımdır. (Gülür – M.Ə.) Əlimizdəki ticari arqumentlərdən mümkün qədər səmərəli istifadə etməliyik, diqqətli olmalıyıq.
- Neft və təbii qazın önəmindən danışdınız. İzmirin Əliağa yarımadasındakı "Petkim" müəssisələrinin işə düşməsindən sonra Türkiyənin cari kəsirinin 3,5% azalacağı deyilir. Bunu necə qiymətləndirirsiniz?
- Azərbaycan-bir ulus, iki dövlətdir. 18 milyard dollarlıq birbaşa investisiyanın anlamı böyükdür. Hər halda, Türkiyəyə xaricdən gələn ən böyük investisiyalardan biri və bu hökumət dönəmindəki ən böyük sənaye yatırımıdır. Görülən iş özünü göstərir, artıq sözə gərək yoxdur. "Bir millət, iki dövlət" şüarı çərçivəsində baxsaq, əgər Azərbaycanın əlində xaricə yatırmaq üçün investisiyası varsa və Türkiyənin də o investisiyaya ehtiyacı varsa, o tələbin ilk növbədə Azərbaycan tərəfindən yerinə yetirilməsi lazımdır. Bu, son dərəcə təbiidir. Və ya bizim türk iş adamları xaricə investisiya yatırarkən Azərbaycanın o investisiyalara ehtiyacı varsa, bizim oraya getməyimiz son dərəcə təbiidir. Çünki eyni dildə danışan 2 qardaş millət və 2 dövlətdən söhbət gedir. Ona görə, bütün sahələrdə ehtiyac olan investisiyaların hamısından tam şəkildə istifadə etmək lazımdır. Bu, hər iki tərəfin iqtisadiyyatını inkişaf etdirəcəyi kimi, digər ölkələrlə də yaxın iqtisadi əlaqələr yaradılmasına kömək edəcək. İki ölkə arasında potensial varsa, ondan istifadə etmək lazımdır. Bunun bir yolu da, məsələn, Uludağ iqtisadi zirvə toplantısı kimi Türkiyə ilə Azərbaycan iş adamları arasında iqtisadiyyata dair zirvə toplantılarının keçirilməsi və qarşılıqlı iqtisadi əlaqələrin orada müzakirə edilməsidir.
- O toplantılar rəsmi səviyyələrdə keçirilir, iş adamlarının iştirakı görünmür.
- Məmurlarla birlikdə iş adamlarının da orada olmaları çox mühümdür. Öz aralarında müzakirələr aparmalı, layihələrini göstərməli və razılığa gələ bildikləri bütün sahələrdə iş görməlidirlər. Mən ildə bir dəfə o cür zirvə toplantılarının keçirilməsinin tərəfdarıyam. Media o toplantıları geniş işıqlandırmalıdır.