Dollara tələb azalır: Manat möhkəmlənir İqtisadiyyat

Dollara tələb azalır: Manat möhkəmlənir

Mərkəzi Bankın avqustun 7-də keçirilən sonuncu depozit hərracında 150 milyon manatın cəlb edilməsi nəzərdə tutulsa da, tələb təklifi 3,37 dəfə üstələyərək 504,8 milyon manat təşkil edib. Depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 10,01% olub.
Bəs bankların bu qədər manat alması nə ilə əlaqədardır?
İqtisadçı alim Vüqar Bayramov məsələnin səbəblərinə aydınlıq gətirib. Ekspertin sözlərinə görə, son depozit hərraclarının nəticələri milli valyutaya marağın artdığını göstərir: "Əvvəla, hərracda investorlar da iştirak edib. Ancaq tələbin bu qədər yüksək olması manatın möhkəmlənməsi ilə bağlıdır. Əslində, diqqət yetirsək, görərik ki, kommersiya banklarının dollar satışı və vətəndaşların dollar alışı azalıb. Neft Fondunun iyulda hərraclara çıxardığı dolların həcmi əvvəlkilərlə müqayisədə təxminən 3 dəfə az idi. Bu, kifayət qədər ciddi rəqəmdir və iyulda xarici valyutaya tələbin azalmasından xəbər verir. Bu da birbaşa idxalın azalması ilə bağlıdır ki, hərraclarda satılan dolların təxminən 90 faizindən çoxu idxal üçün istifadə olunurdu. Yəni idxal azaldıqca dollara tələb azalır. Yığım üçün dollar alışı isə kəskin azalıb. Pullarını yığım kimi dollarda saxlayanların azalması həm də dollarlaşma səviyyəsinin yüksək olması ilə bağlıdır. Belə ki, əmanətlərin təxminən 74 faizi, evlərdəki vəsaitin isə təxminən 90 faizi dollarda saxlanılır. Artıq yığımda dollarlaşma prosesi başa çatdığı üçün manata tələb yüksəlir. Rəsmi olaraq ilin sonuna qədər manatın mövcud məzənnəsinin qorunub saxlanılması prioritetdir".
İqtisadçı bildirib ki, beynəlxalq qiymətləndirici şirkətlər manatın məzənnəsində dəyişiklik proqnozlaşdırsa da, bu, əvvəlki illərlə müqayisədə nisbətən azdır və heç də doğru olacağı anlamına gəlmir:
"Çünki yenə də xarici faktorlar, neftin dünya bazar qiyməti birbaşa məzənnəyə təsir göstərəcək. Ancaq reallıq bundan ibarətdir ki, manatla yığımlara tələb artır. Depozitlərin valyuta strukturu göstərir ki, bu ilin əvvəlində xarici valyutanın payı təxminən 84 faizə yüksəlmişdi. Bu gün isə artıq xarici valyutaların payının 10 faiz azalması müşahidə olunur. Bu da birbaşa manatla depozitlərin saxlanılmasına üstünlük verilməsi ilə bağlıdır. Bu, həm fevraldan etibarən manatın stabil qalması və möhkəmlənməsi ilə bağlıdır, həm də bankların manatla saxlanılan depozitə daha yüksək faiz təklif etməsi ilə əlaqədardır. Belə ki, banklarda manatla saxlanılan əmanətlər 15 faizə qədər depozit faizi ilə sığortalanır. Xarici valyutada isə bunun 3 faiz olması manatla əmanətlərin saxlanılmasına marağı artırır".
Ekspert qeyd edib ki, Mərkəzi Bank tərəfindən manatın uzunmüddətli stabil qalması və ya möhkəmlənməsi prosesi həyata keçirilərsə, bu, manatla yığımlara marağı daha da artıracaq və xarici valyutaya tələbi kəskin azaldacaq:
"Xarici valyutaya tələbin azalması isə manata təzyiqlərin aşağı düşməsinə gətirib çıxarır. Son depozit hərracında manata tələbin təklifi üstələməsinin əsas səbəbi manatla yığımların artması və xarici valyutaya tələbin azalması. Xarici valyuta ilə yığımlar yenə dominantdır, ancaq son 6 ayda manatla yığımların artması sürətlənir. Bu da nəticə etibarilə banklarda və vətəndaşlarda manatla yığımlara marağı artırır. Bu baxımdan MB tərəfindən manatın məzənnəsinin ən azı ortamüddətli dövrdə stabil qalınmasına nail olunması vacibdir. Çünki manata tələbin artması və xarici valyutaya tələbin azalması birbaşa manatın hansı dövrdə stabil qalması ilə bağlı olacaq".