TANAP bu ilin sonunda test ediləcək İqtisadiyyat

TANAP bu ilin sonunda test ediləcək

"2017-ci ilin sonunda Trans-Anadolu Qaz Boru Kəmərində test işləri aparılacaq".
Bu barədə Türkiyənin enerji və təbii ehtiyatlar naziri Berat Albayrak bildirib.
"Bu ilin yekununda TANAP-ın test olunması üçün boru kəmərinə ilk qaz vuralacaq", - deyə o vurğulayıb.
Bundan öncə TANAP konsorsiumunun baş direktoru Saltuk Düzyol bildirib ki, 2018-ci ilin əvvəlindən etibarən boru xəttinin təbii qazla doldurulmasına başlanılacaq: "Sistemlərin test edilməsi məqsədilə Türkiyə-Gürcüstan sərhədindəki giriş nöqtəsindən sistemə qaz vurulacaq".
"Cənub Qaz Dəhlizi" layihəsi regionun ən aktual layihələrindən biridir. "Şahdəniz-2" layihəsi üzrə hasil edilən qaz sualtı boru kəməri ilə Səngəçal Terminalına və daha sonra Cənubi Qafqaz Boru Kəməri (CQBK), TANAP və TAP vasitəsilə Türkiyə və Avropa bazarlarına çatdırılacaq. Layihə Gürcüstan və Türkiyə ilə birlikdə Avropa ölkələrinin davamlı enerji təhlükəsizliyi ilə əlaqədar strateji maraqlarına xidmət edəcək.
Türkiyəyə ilk qaz ixracı 2018-ci ildə, Avropaya isə 2020-ci ildə planlaşdırılır.