Sülh yolunda Donbas sınağı: ərazi bütövlüyü və geosiyasi hesablamalar Gündəm

Sülh yolunda Donbas sınağı: ərazi bütövlüyü və geosiyasi hesablamalar

Rusiya–Ukrayna müharibəsində Donbas ərazilərinin gələcək statusu və mümkün sülh danışıqlarının perspektivləri münaqişənin gedişatında ən həlledici və mübahisəli məsələlərdən biri olaraq qalır. Moskvanın Donbasın tamamilə verilməsi və Ukrayna qüvvələrinin ərazidən çıxarılması tələbi ilə Kiyevin ərazi güzəştlərinə getməyəcəyi barədə prinsipial mövqeyi arasındakı kəskin ziddiyyət, eləcə də bu ərazilərdəki strateji şəhərlərin taleyi sülh prosesində əsas maneələrdən biri kimi diqqət çəkir. Eyni zamanda, müharibənin tədricən tükəndirmə xarakteri alması, tərəflərin qarşılıqlı resurs və iradə sınağı, habelə Avropa ölkələrinin təhlükəsizlik və geosiyasi maraqları qarşıdurmanın yaxın gələcəkdə yekunlaşmasını çətinləşdirir. Münaqişənin gedişatı, ərazi bütövlüyü, müqavimət əzmi və regional təhlükəsizliklə bağlı politoloqların fikirlərini təqdim edirik.

Ərazi güzəştinə yox

Politoloq Oqtay Qasımov hesab edir ki, Ukraynanın Donbas ərazilərindən könüllü şəkildə geri çəkilməməsi ilə bağlı mövqeyi prinsipial xarakter daşıyır.
O bildirib ki, Zelenskinin mövqeyi əsaslıdır və Ukrayna prezidentinin ərazi güzəştlərini qəbul etməməsi düzgün yanaşmadır: “İşğalla heç bir halda barışmaq olmaz və işğalçıya güzəşt edilməsi daha ağır fəsadlara yol aça bilər.
Oqtay Qasımov qeyd edib ki, Ukrayna ərazilərinin Rusiyaya verilməsinin qəbul edilməsi faktiki olaraq müharibədə məğlubiyyətin etirafı anlamına gələ bilər: “Bu baxımdan hesab edirəm ki, bu, olduqca prinsipial mövqedir və belə də olmalıdır. İşğalla heç cür barışmaq olmaz. İşğalçıya hansısa güzəşt edilməsi daha ağır fəsadlara səbəb ola bilər. Bu bəyanatlar zaman-zaman səsləndirilir və Ukraynanın prinsipial mövqeyini ifadə edir”.
Politoloq vurğulayıb ki, Ukrayna müəyyən ərazi itkiləri ilə üzləşsə də, bu, onun məğlub olduğu və təslim olduğu anlamına gəlmir. Onun sözlərinə görə, Ukrayna müqavimətini davam etdirir və Rusiyaya ciddi zərbələr vurmaq imkanına malikdir.
Oqtay Qasımov əlavə edib ki, Zelenskinin son bəyanatını yalnız prezidentin şəxsi mövqeyi kimi deyil, bütövlükdə Ukrayna dövlətinin, cəmiyyətinin və xalqının prinsipial yanaşması kimi qiymətləndirmək lazımdır.

Tükəndirmə müharibəsi və sülh

Politoloq Şakir Ağayev hesab edir ki, Donbas məsələsində tərəflərin mövqelərinin kəskin şəkildə fərqlənməsi Rusiya-Ukrayna müharibəsinin yaxın perspektivdə başa çatmasını çətinləşdirir:
“Donbas məsələsi hazırda müharibənin taleyini müəyyənləşdirən əsas mübahisəli məsələlərdən biridir. Çünki Rusiya tərəfi öz şərtlərində Donbasın tamamilə Rusiyaya verilməsini tələb edir və həmin ərazilərdə hər hansı neytral və ya bufer zonanın yaradılması variantını qəbul etmir. Rusiya rəhbərliyi müxtəlif səviyyələrdə, o cümlədən prezident və xarici işlər naziri səviyyəsində bu mövqeyi dəfələrlə ifadə edib. Moskva Ukrayna ordusunun Donbasdan könüllü şəkildə çıxmasını tələb edir. Əks halda isə hərbi əməliyyatları qarşıya qoyduğu məqsədlərə çatana qədər davam etdirəcəyini bəyan edir.
Şakir Ağayev qeyd edib ki, söhbət Donbasın Ukraynanın nəzarətində qalan təxminən 10-12 faizlik ərazisindən gedir. Bu ərazilərdə Slavyansk və Kramatorsk kimi strateji əhəmiyyətli şəhərlər də yerləşir. Məhz bu ərazilərin gələcək statusu tərəflər arasında razılaşmanın əldə olunmasına ciddi maneə yaradır. Mövcud şəraitdə Ukraynanın Donbasdan geri çəkilməsi ilə bağlı razılığa gəlməsi mümkün görünmür. Zelenskinin ərazi güzəştinə getməsi sözsüz ki, bu müharibədə məğlubiyyət deməkdir. Bir növ kapitulyasiya anlamına gəlir. Çünki əgər Ukrayna öz torpaqlarından geri çəkiləcək və həmin əraziləri Rusiyaya təhvil verəcəksə, bu, faktiki olaraq məğlubiyyətin qəbul edilməsi deməkdir. Məhz Zelenski də buna görə həmin torpaqlardan çəkilməyəcəklərini bəyan edir”.
Şakir Ağayevin sözlərinə görə, tərəflərin Donbasla bağlı diametral şəkildə fərqli mövqeləri müharibənin davam etməsi ehtimalını artırır: “Rusiya bu ərazilərin tam şəkildə ona verilməsini tələb etdiyi halda, Ukrayna bunu öz suverenliyi və ərazi bütövlüyü üçün qəbuledilməz hesab edir. Belə vəziyyətdə sülh danışıqlarında kompromis əldə etmək olduqca çətinləşir.
Zelenski Donbas məsələsinin yalnız Rusiya Prezidenti Vladimir Putinlə birbaşa görüşdə müzakirə oluna biləcəyini də ifadə edib. Bununla yanaşı, ABŞ ilə aparılan danışıqlar və mümkün razılaşma variantları ətrafında Avropa ölkələrinin mövqeyi də mühüm rol oynayır”.
Politoloqun fikrincə, Avropa İttifaqının aparıcı dövlətləri, xüsusilə Almaniya, Fransa və Böyük Britaniya Ukraynanın ərazi güzəştlərinə getməsini dəstəkləmir: “Çünki Rusiya-Ukrayna müharibəsi artıq təkcə iki dövlət arasında hərbi qarşıdurma deyil, həm də Avropanın təhlükəsizlik arxitekturası və geosiyasi maraqları ilə sıx bağlı olan prosesə çevrilib. Müharibənin uzanmasında tərəflərin strateji məqsədləri də mühüm rol oynayır. Avropa Rusiyanın hərbi, iqtisadi və siyasi baxımdan zəifləməsində maraqlıdır. Moskva isə əksinə, Qərbin və Avropanın Ukraynaya dəstək imkanlarını tükəndirməyə, onların iqtisadi və siyasi dayanıqlığına zərbə vurmağa çalışır. Bu qarşıdurma getdikcə tükəndirmə müharibəsi xarakteri alır. Hər iki tərəf qarşı tərəfin resurslarını, siyasi iradəsini və iqtisadi imkanlarını zəiflətməyə çalışır. Bunun müəyyən əlamətləri artıq Avropanın iqtisadi və siyasi gündəmində də müşahidə olunur. Donbas məsələsində tərəflərin geri addım atmaması sülh prosesinin qarşısında ciddi maneə olaraq qalacaq. Rusiya özünün ərazi tələblərindən imtina etmədiyi, Ukrayna isə ərazi bütövlüyündən güzəştə getmədiyi təqdirdə danışıqların real nəticə verməsi çətin olacaq.Donbasla bağlı qərar yalnız hərbi əməliyyatların dayandırılması məsələsi deyil, həm də müharibədən sonrakı regional təhlükəsizlik sisteminin necə formalaşacağını müəyyənləşdirən strateji məsələdir”.

Günel Elxan