“TANAP Türkiyəyə ilk qaz bu ilin ortalarında çatdırılacaq“ İqtisadiyyat

“TANAP Türkiyəyə ilk qaz bu ilin ortalarında çatdırılacaq“

"Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclasında ötən il ərzində həyata keçirilən işlər nəzərdən keçirilib və gələcəkdə keçiriləcək işlər müzakirə olunub.
Bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov dünən Bakıda keçirilən "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclasına həsr olunan mətbuat konfransında deyib.
Onun sözlərinə görə, iclas çərçivəsində bir sıra qərarlar qəbul olunub: "Bu gün bu layihənin bütün komponentlərinin həyata keçirilməsini geniş müzakirə etdik. Hazırda bu layihənin bütün komponentlərinin icrası ilə bağlı vəziyyət qaneedici səviyyədədir. Prezident İlham Əliyev də layihənin yerdə qalan hissəsinin icrası ilə bağlı öz tövsiyələrini verib".
Nazir bildirib ki, bu ilin ortalarında ilk qaz Azərbaycandan Türkiyəyə çatdırılacaq: "2020-ci ildə isə Azərbaycan qazı Avropaya çatdırılacaq".
Pərviz Şahbazov deyib ki, Azərbaycan etibarlı tərəfdaşdır və uzun illər ərzində həyata keçirilən siyasət nəticəsində etibarlı tərəfdaşlar qazanıb.
Onun sözlərinə görə, dünyanın bir çox yerində neft və qaz ehtiyatları olsa da, onların hasil edilməsi o qədər də asan olmur: "Bunun üçün həm böyük investisiyaların, həm də zəruri infrastrukturun olması vacibdir. Bunlar hamısı şərtlərdir. Azərbaycan uzun illərdir neft və qaz strategiyasını uğurla həyata keçirir. Bu, bizi başqa ölkələrdən fərqləndirir. Bu layihəni həyata keçirməklə Azərbaycanın inkişafına nail olmaqla yanaşı, başqa ölkələrin də enerji təchizatına töhfəmizi veririk".