Naxçıvanda iqtisadiyyata 10 ildə 8,5 milyard manat vəsait yönəldilib İqtisadiyyat

Naxçıvanda iqtisadiyyata 10 ildə 8,5 milyard manat vəsait yönəldilib

Ötən on ildə muxtar respublikada iqtisadi və sosial sahələrə 8 milyard 516 milyon 306 min 800 manat vəsait yönəldilib. Vəsait qoyuluşlarının 7 milyard 654 milyon 914 min 800 manatı və ya 89,9 faizi tikinti-quraşdırma işlərinin payına düşüb. Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən bildirilib ki, bu dövr ərzində muxtar respublikada infrastruktur quruculuğu tədbirləri çərçivəsində 105 elm və təhsil müəssisəsi, o cümlədən 19 min 112 şagird yerlik 66 ümumtəhsil məktəbi, 201 inzibati bina, 22 nasos stansiyası, 106 subartezian quyusu, 56 körpü, 222 mədəniyyət müəssisəsi, 123 səhiyyə müəssisəsi, 653 istehsal və xidmət sahəsi, 14 idman obyekti, əlil, məcburi köçkün, qaçqın, şəhid ailələri, təbii fəlakətdən zərərçəkənlər və digər bu kimi kateqoriyalardan olan şəxslər üçün 123 fərdi ev və bir sıra obyektlər tikilib. Bundan əlavə, 105 elm və təhsil müəssisəsi, o cümlədən 37 min 914 şagird yerlik 78 ümumtəhsil məktəbi, 98 inzibati bina, 27 nasos stansiyası, 20 subartezian quyusu, 31 körpü, 107 mədəniyyət müəssisəsi, 21 səhiyyə müəssisəsi, 15 idman obyekti və digər obyektlər yenidən qurulub.
Yaşayış məntəqələrinin abadlaşdırılması, yaşayış yerlərində səmərəli idarəetmənin və əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi istiqamətində 10 il ərzində muxtar respublikada 4 qəsəbə və 127 kənd mərkəzi istifadəyə verilib. İnfrastruktur quruculuğunda əhali tərəfindən həyata keçirilən vəsait qoyuluşları da mühüm rol oynayıb, 2008-ci ildən bu il iyulun 1-dək muxtar respublikada əhalinin şəxsi vəsaiti hesabına 3 milyon 282 min 500 kvadratmetr yaşayış sahəsi istifadəyə verilib. Əhalinin rahatlığına və yaşayış standartlarının yüksəldilməsinə xidmət edən kommunal-məişət sistemlərinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlərin tərkib hissəsi kimi içməli su və kanalizasiya sistemlərinin tikintisi və yenidən qurulması xüsusilə diqqətdə saxlanılıb. Bu istiqamətdə Naxçıvan Şəhər Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksi, Naxçıvan Şəhər Təmizləyici Qurğular Kompleksi, Naxçıvan şəhərdaxili, Tumbul, Qaraçuq, Qaraxanbəyli və Bulqan kəndlərində içməli su təchizatı və kanalizasiya sistemləri fəaliyyətə başlayıb.
Şərur şəhər və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin birinci və ikinci mərhələsi, Babək rayonunun Şəkərabad, Şıxmahmud və Xəlilli kəndlərinin, Culfa və Şahbuz şəhərlərinin, eləcə də ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemləri istifadəyə verilib. Şahbuz rayonunda çirkab sutəmizləyici qurğunun, Babək, Ordubad, Kəngərli və Sədərək rayon mərkəzlərində və ətraf kəndlərdə içməli su təchizatı və kanalizasiya sistemlərinin tikintisi hazırda davam etdirilir.
İqtisadiyyatın aparıcı qüvvəsi olan nəqliyyat sektorunun artan əhali tələbatına uyğun olaraq səmərəli idarə olunması istiqamətində tədbirlər davam etdirilib, 2008-ci ildən bu il avqustun 1-dək muxtar respublikada 1305,4 kilometr uzunluğunda avtomobil yolları yenidən qurulub. Bu dövrdə hava və dəmir yolu nəqliyyatının inkişafı istiqamətində infrastruktur yenilənib, inzibati və yardımçı binalar istifadəyə verilib, maddi-texniki baza gücləndirilib. Muxtar respublikada informasiya və rabitə sahəsində yeni texnologiyaların tətbiqi istiqamətində də ardıcıl tədbirlər həyata keçirilib, 4-cü nəsil mobil rabitə şəbəkəsi istifadəyə verilib. İnformasiya və rabitə sahəsində aparılmış tədbirlərin nəticəsidir ki, iyulun 1-nə muxtar respublikanın yaşayış ərazilərinin 98 faizində genişzolaqlı, 99 faizində isə simsiz internet xidməti göstərilib.
2008-ci ildən bu il yanvarın 1-dək ümumi vəsait qoyuluşunun 4 milyard 911 milyon 142 min 800 manatı və ya 61,9 faizi istehsal təyinatlı obyektlərin, 3 milyard 25 milyon 863 min 600 manatı və ya 38,1 faizi qeyri-istehsal sahələrinin payına düşüb. İqtisadiyyatın sahələri üzrə ümumi vəsait qoyuluşuna görə sənaye sahəsi 30,1 faizlik payla ilk yerdə olub. Vəsait qoyuluşunun 5 faizi kənd təsərrüfatının, 8,9 faizi nəqliyyatın, 0,8 faizi informasiya və rabitənin, 14,4 faizi ticarət və xidmətin, 17,4 faizi mənzil tikintisinin, 23,4 faizi isə iqtisadiyyatın digər sahələrinin payına düşüb. Əldə olunmuş uğurların nəticəsi olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədri olduğu "Caspian European Club" Azərbaycanın iqtisadi regionlarının 2017-ci il üçün hazırladığı investisiya reytinqində Naxçıvan Muxtar Respublikası ən yüksək ümumi bal toplayaraq birinci yerə çıxıb. İqtisadi fəaliyyətin bütün sahələri üzrə vəsait qoyuluşu səmərəli məşğulluğun təminatı ilə yanaşı, əhalinin sosial müdafiəsinin daha da yaxşılaşdırılmasına, muxtar respublikanın dinamik inkişafına müsbət təsir göstərməkdədir.