AYİB Azərbaycanla enerji sektorunda əməkdaşlıqda maraqlıdır İqtisadiyyat

AYİB Azərbaycanla enerji sektorunda əməkdaşlıqda maraqlıdır

Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanla enerji sektorunun digər istiqamətləri üzrə əməkdaşlıqda maraqlıdır. Energetika Nazirliyindən bildirilib ki, nazir Pərviz Şahbazovla Cənub Qaz Dəhlizi Məşvərət Şurasının beşinci iclası çərçivəsində ölkəmizdə səfərdə olan Avropa Yenidənqurma və İnkişaf Bankının davamlı infrastruktur qrupunun icraçı direktoru xanım Nandita Parşadın başçılıq nümayəndə heyəti arasında görüş keçirilib. Görüşdə Avropa Yenidənqurma və İnkişaf Bankı ilə enerji sahəsində əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edilib. Bankın Cənub Qaz Dəhlizinin maliyyələşdirilməsində iştirakı yüksək qiymətləndirilib.
Cənub Qaz Dəhlizini Avropa üçün mühüm enerji layihəsi kimi dəyərləndirən N.Parşad bildirib ki, təmsil etdiyi bank Azərbaycanla enerji sektorunun digər istiqamətləri üzrə də əməkdaşlıqda maraqlıdır. Hazırda Avropa Yenidənqurma və İnkişaf Bankı ilə Energetika Nazirliyi arasında texniki dəstək çərçivəsində həyata keçirilən layihələrdən danışan P.Şahbazov deyib ki, bu layihələr bərpaolunan enerjidən geniş istifadənin təmin edilməsi üçün mühüm əhəmiyyət daşıyır. Bərpaolunan enerji layihələrinin dəstəklənməsi üçün şəbəkənin gücləndirilməsi layihəsi artıq icra mərhələsindədir. Enerji Məsələlərini Tənzimləmə Agentliyinin fəaliyyətinə dəstəklə bağlı da Avropa Yenidənqurma və İnkişaf Bankı ilə sıx əməkdaşlıq edilir. Söhbət zamanı gələcəkdə Azərbaycanda həyata keçiriləcək bərpaolunan enerji mənbələri ilə bağlı layihələrə bankın investisiya qoyuluşunu dəstəkləməsi, bərpaolunan enerjidən istifadə sahəsində aparıcı ölkələrlə təcrübə mübadiləsinə dair məsələlər də nəzərdən keçirilib.