Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyada ictimai təşkilatlarla görüş İqtisadiyyat

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyada ictimai təşkilatlarla görüş

Sentyabrın 6-da İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Biznes mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiya və Azərbaycanda fəaliyyət göstərən ictimai təşkilat rəhbərlərinin görüşü keçirilib. Görüş zamanı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiya çərçivəsində dövlət-özəl dialoqunun həyata keçirildiyini bildirib: “Komissiyanın üzvləri, katibliyi və işçi qrupları bir tərəfdən dövlət qurumlarının nümayəndələri, digər tərəfdən isə özəl sektorun təmsilçilərindən ibarət olmaqla, həm də beynəlxalq təşkilatların aparıcı konsaltinq şirkətləri və beyin mərkəzilərini, qeyri-hökumət təşkilatlarını əhatə edir. Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiya çərçivəsində dövlət-özəl dialoqu uzun müddətli strateji hədəflərə istiqamətlənməklə yanaşı, mobil idarəetmə strukturuna malikdir. “Azranking.az” portalı dövlət-özəl dialoqunu rəqəmsal platformaya keçirtməklə nəticəəsaslı fəaliyyəti təmin edir. Bu tip dövlət-özəl dialoqunun həyata keçirilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatların inklüziv, nəticəəsaslı, kompleks və sistemli olmasını təmin edir. Azərbaycanda dövlət özəl dialoqunun həyata keçirilməsi yaxşi idarəetmə və açıq hökumət prinsiplərinə uyğundur. Digər tərəfdən isə dövlət-özəl dialoqunun həyata keçirilməsi vətəndaş iştirakçılığı üçün geniş imkanlar yaradır. Beləliklə, iqtisadi siyasət fövqündə insan amili dayanır, iqtisadi siyasət Azərbaycan vətəndaşının layiqli həyat səviyyəsinin təmin edilməsinə istiqamətlənir”.
Daha sonra Azərbaycan Respublikası Prezidentinin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi xidmətinin baş məsləhətçisi, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın katibliyinin rəhbəri Vüsal Şıxəliyev çıxış edib. O, Portalın funksionallığı, eyni zamanda “Elektron Kargüzarlıq Sistemi”ndə istifadə ilə bağlı ictimai birliklər və biznes assosiasiyalarının nümayəndələrinə ətraflı məlumatlar təqdim edib.
Əlavə edib ki, bu portal Azərbaycanda Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın rəqəmsal təşkili üçün yaradılıb. Portalda Komissiya haqqında ümumi məlumat, qanunvericilik bazası, fəaliyyət, reytinqlər, müqayisə, onlayn müraciət və əlaqə bölümləri yer alıb. Azərbaycan və ingilis dillərində fəaliyyət göstərən Portalda Komissiyanın iclaslarında baxılan məsələlər və qəbul edilən qərarlar barədə məlumatların ictimaiyyət, eləcə də kütləvi informasiya vasitələrində şəffaf və əlçatan olaraq yayılmasını təmin etmək məqsədi daşıyır. Komissiya haqqında ümumi məlumat, qanunvericilik bazası, fəaliyyət, reytinqlər, müqayisə, onlayn müraciət və əlaqə bölümləri yer alıb.
Ədliyyə Nazirliyinin şöbə rəisi Səbinə Salmanova bildirilib ki, “Fərdi elektron pəncərə” sisteminə 14 dövlət qurumu və bütün qeyri-kommersiya qurumları daxildir. Eyni zamanda, sistemdə elektron xidmətlərin təkmilləşdirilməsi və genişləndirilməsi ilə bağlı mütəmadi tədbirlər görülür. Davamlı olaraq təkmilləşdiriləcək tədbirlərə qrant müqavilələrinin qeydiyyatı üzrə müraciətlərin elektron qəbulu və cavablandırılması, QHT-lərin təsis sənədlərində və dövlət reyestrində onlar barədə qeydə alınan faktlarda edilən dəyişikliklər ilə bağlı müraciətlərin elektron qəbulu, qeydiyyatı və cavablandırılması, həmçinin dövlət reyestrindən çıxarışların elektron formada verilməsi ilə bağlı işlər daxildir. Ədliyyə Nazirliyinin İnformasiya təminatı şöbəsinin rəisi Qismət Qurbanov isə Prezidentin Fərmanı əsasında yaradılan “Fərdi elektron pəncərə” sistemi barədə iştirakçılara daha geniş məlumat verib.
Tədbirdə ictimai təşkilatların rəhbərləri çıxışlar edib. Onlar Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın fəaliyyətində yaxından iştirak etməkdə maraqlı olduqlarını, bundan sonrakı prosesə daha geniş tərkibdə qoşulacaqlarını söyləyiblər. İctimai fəallar, həmçinin iqtisadi islahatların aparılması sahəsində müxtəlif təkliflər səsləndiriblər.