İnkişaf edən regionlar İqtisadiyyat

İnkişaf edən regionlar

Azərbaycanda dövlətin iqtisadi siyasətinin priaritet istiqamətlərindən biri də regionların sosial-iqtisadi inkişafıdır. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində regionların inkişafına 24,2 milyard manat vəsait ayrılıb. Dövlət proqramlarının icra olunduğu 2004–2018-ci illər ərzində ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artmışdır. Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə yaradılmış, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə enmişdir. Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2019-cu il tarixli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” əsasında regionların inkişafı üzrə tədbirlər davam etdirilir, yeni müəssisələr açılır, iş yerləri yaradılır.
Pirallahıda dərman istehsalı müəssisəsi açılıb
İnnovativ və yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənayenin davamlı inkişafının təmin edilməsi, istehsal sahəsində məşğulluğun artırılması məqsədi ilə ölkədə sənaye parkları yaradılır. Hazırda Azərbaycanda kimya sənayesi, təkrar emal, yüngül sənaye, gəmiqayırma, əczaçılıq sahələrində ixtisaslaşmış 5 sənaye parkı fəaliyyət göstərir. Sənaye parklarında sahibkarlar üçün bütün zəruri şərait yaradılıb. Bundan əlavə, sənaye parklarının rezidentləri 7 il müddətinə mənfəət, əmlak, torpaq vergisindən, habelə texnika, texnoloji avadanlıq və qurğuların idxalı üzrə ƏDV-dən və gömrük rüsumundan azad edilib. Pirallahı Sənaye Parkı Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 14 sentyabr tarixli Sərəncamına əsasən, ölkədə əczaçılıq sənayesinin inkişafı və dəstəklənməsi, əczaçılıq məhsullarının idxalından asılılığın azaldılması, əhalinin dərman vasitələrinə tələbatının ödənilməsində yerli istehsalın təşviqi və istehsal sahəsində məşğulluğun artırılması məqsədi ilə Pirallahı rayonunun ərazisində təşkil edilib və müvafiq infrastruktur yaradılıb. Hazırda Pirallahı Sənaye Parkında 5 rezident qeydiyyata alınıb və layihələr üzrə 650-ə yaxın daimi iş yerinin açılması nəzərdə tutulur. Sənaye Parkında artıq bir müəssisə - “Diamed Co” MMC fəaliyyət göstərir.
2019-cu il dekabrın 9-da isə Sənaye Parkının daha bir rezidenti - dərman vasitələrinin istehsalı üzrə ixtisaslaşmış Azərbaycan-Rusiya birgə müəssisəsi R-Pharmın açılışı olub. 4,6 hektar ərazidə yerləşən zavodun tikintisinə 2018-ci ildə başlanılıb. Müəssisə Avropa ölkələrinin aparıcı şirkətlərinin isehsalı olan müasir avadanlıq və texnologiyalarla təchiz olunub. İnvestisiya dəyəri 74 milyon ABŞ dolları olan müəssisənin illik istehsal gücü 250 milyon ədəd həb və kapsul təşkil edəcək. Zavod laboratoriya, istehsal və logistika bölmələri də daxil olmaqla ölkədə ilk əczaçılıq kompleksi olacaq. İstehsal olunan məhsulların daxili bazarla yanaşı, xarici ölkələrə ixracı da nəzərdə tutulur.

Qaxda bal emalı müəssisəsi yaradılıb

Azərbaycan Hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən birgə reallaşdırılan “Sosial-iqtisadi inkişaf fəaliyyəti” (SEDA) layihəsi çərçivəsində 2019-cu il dekabrın 4-də Qax rayonunun Ləkit kəndində bal emalı müəssisəsi istifadəyə verilib. Bununla əlaqədar İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə təşkil edilmiş tədbirdə Qax Rayon İcra Hakimiyyətinin, KOBİA-nın, USAİD-in nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Tədbirdə SEDA layihəsi çərçivəsində həyata keçirilən layihələr barədə məlumat verilib, belə layihələrin bölgələrdə mikro və kiçik sahibkarlığın inkişafına töhfə verdiyi qeyd edilib, Ləkit kəndində bal emalı müəssisəsinin satışa çıxarılacaq yerli balın qablaşdırılmasında və saxlanmasında, ümumilikdə arıçılığın inkişafında əhəmiyyəti vurğulanıb. İndiyədək SEDA layihəsi çərçivəsində Azərbaycanın regionlarında yol tikintisi, su təminatı, tibb məntəqəsinın, inkubatorların, eləcə də balın qablaşdırılması, yem emalı, şirniyyat, meyvəqurutma müəssisəsinin yaradılması üzrə 163 layihə reallaşdırılıb.
Şəmkirdə "KOB Dostu" fəaliyyətə başlayıb
İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) növbəti Kiçik və Orta Biznesin Dostu ("KOB Dostu") Şəmkir rayonunda fəaliyyətə başlayıb. Bununla əlaqədar 2019-cu il oktyabrın 16-da KOBİA-nın təşkilatçılığı, Şəmkir Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən tədbirdə Şəmkir və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlar və dövlət qurumlarının nümayəndələri iştirak edib. Tədbirdə “KOB Dostu” mexanizmi, mikro, kiçik və orta sahibkarlara “KOB Dostu” tərəfindən göstəriləcək xidmətlər və dəstək barədə məlumat verilib. Şəmkir və ətraf rayonlarda fəaliyyət göstərən KOB-lar biznesin qurulması, mövcud sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, eləcə də hüquq və maraqlarının müdafiəsi kimi istiqamətlərdə “KOB Dostu”na müraciət edə bilərlər. "KOB Dostu" tərəfindən sahibkarlara informasiya, məsləhət, təlim-tədris, hüquqi yardım, dövlət qurumları ilə əlaqələndirmə kimi sahələrdə dəstək və xidmətlər göstəriləcək. Qeyd edək ki, artıq Gəncə-Qazax iqtisadi rayonu üzrə fəaliyyət göstərən KOB dostlarının sayı 2-yə, ölkə üzrə isə 18-ə çatıb.
Həmin gün həmçinin, KOBİA-nın dəstəyi ilə Şəmkir rayonunun Sarıtəpə kəndində yaradılan istixana təsərrüfatı fəaliyyətə başlayıb. “Azaqro” MMC-yə məxsus istixananın yaradılması üçün KOBİA tərəfindən konsaltinq və hüquqi məsləhət xidmətləri, aidiyyəti dövlət qurumları ilə əlaqələndirmə və s. istiqamətlərdə dəstək göstərilib. İnvestisiya dəyəri 2,3 milyon manat olan layihəyə investisiya təşviqi sənədi verilib. Hollandiyanın “Çerthon” şirkətinin layihəsi üzrə yaradılmış istixanada innovativ texnologiyalar əsasında 1 hektar sahədə gül yetişdirilir. Təsərrüfatın illik istehsal gücü 1,5-2 milyon ədəd gül təşkil edir. Burada yetişdirilmiş güllər daxili bazarla yanaşı, xarici ölkələrə də ixrac olunacaqdır. İstixana təsərrüfatında 30 yerli sakin işlə təmin edilib.

Zaqatalada sahibkarlara güzəştli kredit verilib

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu bu il oktyabrın 16-da sahibkarlığın güzəştli kreditləşdirilməsi ilə bağlı Zaqatala rayonunda işgüzar forum keçirib. Forum çərçivəsində güzəştli kreditlərin verilməsi mexanizmi barədə treninq təşkil edilib, Zaqatala rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan kənd turizmi, tütünçülük, bağçılıq, arıçılıq təsərrüfatlarının, quru tütün saxlanılması üçün anbar kompleksinin, fındıq emalı müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib. Şəki-Zaqatala iqtisadi rayonunda heyvandarlıq, bağçılıq və s. sahələr üzrə 39 investisiya layihəsinin maliyyələşdirilməsinə 491 min manat güzəştli kredit verilib. Bu layihələrin reallaşdırılması nəticəsində 50-dək yeni iş yeri açılacaq. Ümumilikdə, Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2400-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 119,7 milyon manat güzəştli kredit verilib.

Saatlıda sahibkarlarların layihələri maliyyələşdirilib

Bu il oktyabrın 2-də Saatlı rayonunda İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu Saatlıda işgüzar forum təşkil edib. İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun vəsaitlərinin verilməsi mexanizmi barədə treninq, Saatlı rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan taxılçılıq, intensiv bağçılıq təsərrüfatlarının, meyvə emalı müəsssisəsinin, logistik mərkəzin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.
İşgüzar forum çərçivəsində Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara 1,4 milyon manatadək güzəştli kredit verilib. Verilən kreditlər heyvandarlıq, bağçılıq, çörək istehsalı müəssisəsinin yaradılması və s. sahələrin inkişafına yönəldiləcəkdir. Bu kreditlərin reallaşdırılması hesabına 100-dən çox iş yerinin açılması mümkün olacaq. Ümumilikdə isə, indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 14200-dək investisiya layihəsinin maliyyələşdirilməsinə 590 milyon manatdan çox güzəştli kredit verilib. İşgüzar forum çərçivəsində Saatlıda güzəştli kredit ayrılmış pambıqçılıq təsərrüfatına və pambıq emalı müəssisəsinə baxış keçirilib.

Samuxda işgüzar forum keçirilib

2019-cu il okytabrın 8-də sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair daha bir işgüzar forum Samux rayonunda keçirilib. 100-dən çox sahibkarın iştirak etdiyi forum çərçivəsində İqtisadiyyat Nazirliyi nin Sahibkarlığın İnkişafı Fondundan güzəştli kreditlərin verilməsi mexanizmi barədə treninq təşkil edilib, Samux rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan taxılçılıq, kartofçuluq, tərəvəzçilik, üzümçülük, intensiv bağçılıq, cins heyvandarlıq təsərrüfatlarının və süd emalı müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib.
İşgüzar forum çərçivəsində Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 33 sahibkarın heyvandarlıq, bağçılıq, çörək istehsalı və s. sahələr üzrə investisiya layihələrinin maliyyələşdirilməsinə 538 min manat güzəştli kredit verilib. Bu layihələrin reallaşdırılması nəticəsində 50-dək iş yerinin açılması imkanı yaranacaq. Ümumilikdə, Gəncə-Qazax iqtisadi rayonunda sahibkarların 7000-dək investisiya layihəsinin maliyyələşdirilməsinə 289,1 milyon manat güzəştli kredit verilib.
Hazırda respublikanın 33 rayonu üzrə 262 min hektar ərazidə 51 aqropark və iri fermer təsərrüfatının yaradılması üzrə işlər davam etdirilir. Bu aqropark və iri fermer təsərrüfatlarından 27-nin yaradılmasına 192 milyon manat dövlətin güzəştli krediti verilib. 2019-cu ilin ötən dövründə sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsinə 132,6 milyon manat güzəştli kredit verilib ki, bu da 3800-dək iş yerinin yaradılmasına imkan verəcək. Bu müddətdə verilən güzəştli kreditlərin 65%-i ölkə regionlarının, 35%-i isə Bakı şəhəri və onun qəsəbələrinin payına düşür. Kreditlərin 74,4%-i aqrar sektorun, 25,6%-i sənaye və digər sahələrin inkişafına yönəldilib. Bütün bu tədbirlərin əsas məqsədi regionlarda yeni müəssisələrin yaradılması, iş yerlərinin açılması və əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasıdır.

Mahir Həmzəoğlu

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim olunur