

Avropa İttifaqı (Aİ) Xarici İşlər Nazirləri Şurasının bu gün Lüksemburqda regional təhlükəsizlik mövzusunda təşkil edəcəyi nazirlərin toplantısında Gürcüstan təmsil olunmur.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas brifinqdə bildirib.
O, Gürcüstanın tədbirə nazir səviyyəsində dəvət edilmədiyini vurğulayıb.
Qeyd edək ki, K.Kallas, avrokomissarlar Marta Kos və Cozef Sikelanın da iştirak edəcəyi toplantıda iki sessiya təşkil olunacaq. İlk sessiya Qara dəniz regionunda təhlükəsizlik və sabitlik, ikinci sessiya isə regional əlaqələr sahəsində əməkdaşlıq imkanları mövzusuna həsr olunacaq. Toplantı Aİ ilə yanaşı “Şərq Tərəfdaşlığı”, Qara dəniz və Mərkəzi Asiya ölkələrinin nazirlərini bir araya gətirəcək.