

“Zəngilan şəhəri Azərbaycanın ən qədim və strateji əhəmiyyətli bölgələrindən biridir. 2020-ci ilin 20 oktyabr tarixində Zəngilan şəhərinin işğaldan azad olunması Azərbaycan xalqının yaddaşına qürur və fəxarət günü kimi həkk olunub. Bu gün təkcə bir ərazinin azad edilməsi deyil, eyni zamanda, Azərbaycan ordusunun Vətən müharibəsində əldə etdiyi böyük zəfərin, milli birliyin və dövlətçilik iradəsinin təntənəsidir”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev söyləyib
N.Həmzəyev qeyd edib ki, Zəngilanın azad olunması Vətən müharibəsinin gedişatında mühüm strateji dönüş nöqtəsi oldu: “Şəhərin coğrafi mövqeyi Araz çayının sahilində, Ermənistan və İranla sərhəddə yerləşməsi onun regional təhlükəsizlik və nəqliyyat baxımından əhəmiyyətini daha da artırır. Zəngilanın azad edilməsi ilə Azərbaycan öz dövlət sərhədlərinə tam nəzarəti bərpa etdi, həmçinin Cəbrayıl və Qubadlı istiqamətlərində aparılan əməliyyatlar üçün strateji üstünlük qazandı”.
Bu gün Zəngilan bölgəsinin sürətlə bərpa və yenidənqurma mərhələsində olduğunu deyən deputat cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə “Böyük Qayıdış” proqramı çərçivəsində şəhərdə müasir infrastruktur layihələrin həyata keçirildiyini vurğulayıb: “Zəngilan artıq “ağıllışəhər” və “ağıllı kənd” konsepsiyasına uyğun qurulur. Ağalı kəndi bu modelin ilk nümunəsi kimi regionda müasir texnologiyaların tətbiqinə və ekoloji davamlılığa əsaslanan inkişafın göstəricisidir. Zəngilan Şəhər Günü təkcə hərbi qələbəni deyil, həm də yenidən dirçələn, gələcəyə inamla baxan bir Azərbaycanın simvolunu ifadə edir. Bu gün Zəngilan qürurun, zəfərin və dirçəlişin şəhəri kimi tarixə düşüb. Azərbaycan xalqı üçün 20 oktyabr həm keçmişin qəhrəmanlıq səhifəsi, həm də gələcəyin ümid dolu başlanğıcıdır”.
Röya İsrafilova