Dənizçilərin Hüquqlarının Müdafiəsi İctimai Birliyi KORONAVİRUSla bağlı çağırış etdi İqtisadiyyat

Dənizçilərin Hüquqlarının Müdafiəsi İctimai Birliyi KORONAVİRUSla bağlı çağırış etdi

Dənizçilərin Hüquqlarının Müdafiəsi İctimai Birliyi (DHM İB) bəşəriyyət üçün qorxunc bəlaya çevrilən KORONAVİRUS adlı kabusun cəngindən xilas olmaq üçün bütün insanları sərvaxt olmağa çağırır.
Müstəqil.Az bildirir ki, DHM İB-nin bu şağrışı haqda İctimai Birliyin sədri, ADXG QSC Xəzər Dəniz Neft Donanması İdarəsinin gəmi kapitanı, şair, Prezident təqaüdçisi Faiq Balabəyli məlumat verib:

DHM İB-nin çağırış -bəyanatında deyilir: “Dünyaya yayılan KORONAVİRUS təhlükəsi ilə üz-üzə qalan bir sıra aparıcı dövlətlər iflic vəziyyətinə düşüb. Dünyaya həm siyasi, həm də iqtisadi resursları ilə meydan oxuyan dövlətlər bu virusun əlində başlarını itiriblər. Başqa dövlətlərin ərazi bütövlüyünə dırnaqarası yanaşan, iqtisadiyyatına zərər yetirən, təbii sərvətlərini az qala quldurcasına talayan, daxili işlərinə qarışan, onların əvəzindən xarici siyasətini müəyyən edən nəhəng dövlətlərin bu gün bəla qarşısında öz vətəndaşlarını qoruya bilməməsi göz önündədir. Milyonlarla uyğurun ah naləsini eşitməyənlər, İraqda, Suriyada, Azərbaycanda, Türkiyədə, Əfqanıstanda və digər ölkələrdə baş alıb gedən terrora göz yumanlar, yaxud terrorla mübarizə adı altında maraqlarında olan ölkə və rejimlərə dəstək duran dövlətlər KORONAVİRUSun cəngində çarəsizliyə düçar olublar.”
Bəyanatda daha sonra deyilir:
“DHM İB olaraq ümumbəşəri bəlanın sərhədləri aşaraq insanlarımız , iqtisadiyyatımız üçün təhlükə yatatmasından dolayı narahatıq. Azərbaycan hakimiyyətinin, həkimlərimizin bu yolda etdiyi fədəkarlığı və işbirliyini dəstəkləyirik və insanlarımızı həmrəyliyə çağırırıq. Bu bir imtahandır. Gələcəyimiz, sabahımız uğrunda çarpışmadır və bu savaşda birgə müqavimət göstərməliyik. Dövlətimizin bu bəladan qurtulmağımız, minimum itkiylə çıxmağımız üçün yürütdüyü siyasət və cəmiyyətə etdiyi tövsiyyələrə laqeyd qalmamalıyıq. Bu gün həkimlərin dəyərli məsləhətlərinə diqqət kəsilib, deyilənlərə əməl etmək ümumi bəladan itkisiz qurtarmağımıza kömək edər. DHM İB bu istiqamətdə ADXG QSC-nin atdığı əməli addımları təqdirəlayiq hesab edir. Növbəyə gedən və növbədən qayıdan dənizçilərin karantinə cəlb olunmaları və sağlam şəkildə həyatımızı davam etdirmək istiqamətindəki əməli işlərini qənaətbəxş qiymətləndiririk. İnsanlarımızın gərək olmadan evdən, dənizçilərimizin isə iş yerlərindən, gəmilərdən bayıra çıxmamasını təqdir edirik. Biz ancaq bu yolla amansız bəladan qurtula bilərik.”