“Rusiya iqtisadiyyatının çöküşü Azərbaycana təhlükə vəd edir” İqtisadiyyat

“Rusiya iqtisadiyyatının çöküşü Azərbaycana təhlükə vəd edir”

Samir Əliyev: "Dünya bazarında neftin ucuzlaşması neftdən asılı olan və sanksiyaların məngənəsində boğulan Rusiyanın federal büdcəsi üçün təhlükədir"
"VTB bankın səhmlərinin ucuzlaşması, həm də rublda olan aktivlərin dəyərsizləşməsi Neft Fondunun Rusiyadakı aktivlərinin əriməsinə gətirib çıxarıb"
"Azərbaycanın əsas ticarət tərəfdaşlarından olan Rusiyanın beynəlxalq sanksiyalar üzündən düşdüyü iqtisadi böhran Azərbaycan üçün də risklər yaradır. Böhran dərinləşdikcə onun neqativ təsirini daha qabarıq hiss etməyə başlayacağıq". Bu barədə iqtisadçı ekspert Samir Əliyev hazırladığı təhlildə qeyd edib.
Mütəxəssisin fikrincə, Qərbdən də mənfi siqnallar gəlməkdədir. Dövlət büdcəsinin əsas donoru olan neftin dünya bazarında ucuzlaşması və bu ucuzlaşmanın yaxın dövrdə davam edəcəyi proqnozları ölkə iqtisadiyyatı üçün çətin dövrün başlanacağını vəd edir: "Rusiya iqtisadiyyatının tənəzzülə getdiyi göz qabağındadır. Milyardlarla dollar həcmində kapital ölkədən çıxarılır, kreditlər bahalaşır, vergi dərəcələri artırılır və hətta yenisi tətbiq edilir, səhmlər ucuzlaşır. Xarici kapital son 10 ildə ən aşağı həddə düşüb. Rusiyanın beynəlxalq ehtiyatları son 2 həftədə 3,6 milyard dollar azalaraq 458,3 milyard dollardan 454,7 milyard dollara enib. "Fitch" ekspertlərinin proqnozlarına görə, sanksiya davam edəcəyi təqdirdə ehtiyatlar ilin sonuna 450 milyard, 2015-ci ilin sonuna isə 400 milyard dollara düşə bilər".
Samir Əliyev qeyd edib ki, problemlər bununla bitmir. Maliyyə Nazirliyinin hesablamalarına görə, neftin qiymətinin 110 dollardan 93 dollara düşməsi ixracın ildə 55 milyard dollar azalmasına gətirib çıxaracaq: "Ölkədə inflyasiya 8 faizə çatıb. Bu azmış kimi Rusiyanın Avropaya təsir rıçaqlarından biri, ildə 63 milyard kubmetr qaz ixrac etməyə imkan verən "Cənub axını" qaz kəmərinin dəyəri təxminən 45 faiz artaraq 28 milyard avrodan 40 milyard avroya yüksəlib. İqtisadiyyatda müşahidə edilən neqativ tendensiyalar milli valyutanın dəyərində özünü göstərir. Rublun ABŞ dollarına məzənnəsi təkcə 2014-cü ildə 20 faizdən çox ucuzlaşaraq 40 rubl olub. Sentyabrda 7,5 faiz ucuzlaşma qeydə alınıb. "Bloomberg"in hesablamalarına görə, Rusiya Mərkəzi Bankı oktyabrın 2-dən sonra rublun dəstəklənməsi üçün bazarda 2 milyard dollar satmalı olub. Bu, mart ayından sonra ən böyük göstəricidir".
Ekspertin qənaətinə görə ticarət tərəfdaşı olan ölkənin milli valyutasının məzənnəsində dəyişiklik mütləq öz təsirini göstərir. Xüsusən də Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olan Rusiyada milli valyutanın ucuzlaşmasının ölkəmizə təsiri nəzərəçarpacaq dərəcədədir. Nəzərə alanda ki, Rusiya soydaşlarımız üçün iş yeridir, bu halda təsirin əhatə dairəsinin nə qədər geniş olduğunu görmək olar: "Rus rublunun dəyərsizləşməsi Rusiyaya işləməyə getmiş 2 milyona qədər soydaşımızın gəlirlərinin azalmasında özünü göstərir. Rublun il ərzində 20 faizdən çox ucuzlaşması onların qazanclarının azalmasına səbəb olub. Hər il soydaşlarımız ölkəyə rəsmi və qeyri-rəsmi şəkildə böyük həcmdə pul göndərir. Təkcə 2013-cü ildə banklar vasitəsilə 1,2 milyard manat pul göndərilib. Bankdan kənar pul göndərişləri də var. Bu pullar rublla qazanılır və Azərbaycana köçürüləndə ya xarici valyutaya (dollar və ya avro), ya da manata çevrilir. Bu zaman məzənnə fərqi itkiləri olur. Əgər yanvar ayında hər 1000 rubl üçün 23 manat verilirdisə, hazırda bu rəqəm 19 manata düşüb. Deməli, ilin əvvəli ilə müqayisədə soydaşlarımız hər 1000 rubla 4 manat itirir. Sanksiyalar nəticəsində biznesin pisləşməsi də riskdir.
İkinci zərər Neft Fondunun Rusiyadakı aktivlərində yaranır. Fond 2011-ci ildə investisiya siyasətinə edilmiş dəyişikliyə uyğun olaraq 2012-ci ildən başlayaraq rus rublunu alaraq valyuta ehtiyatına daxil edib. 2013-cü ilin sonuna olan məlumata görə, fondun ehtiyatlarında rublun payı 2,07 faizdir. Eyni zamanda fond Rusiyanın ikinci ən böyük bankı olan VTB bankının 500 milyon dollarlıq səhmlərini alıb. Banka tətbiq edilən sanksiya nəticəsində hər birinin nominal dəyəri 0,041 rubl olan səhmlər ucuzlaşaraq 0,038 rubla düşüb. Həm VTB bankın səhmlərinin ucuzlaşması, həm də rublda olan aktivlərin dəyərsizləşməsi Neft Fondunun Rusiyadakı aktivlərinin əriməsinə gətirib çıxarıb.
Üçüncüsü, rublun ucuzlaşması Azərbaycanın ixrac potensialını zəiflədir. Milli valyutamızın məzənnəsi dollara hədəflənib və dolların digər valyutalara qarşı mövqeyi manatın mövqeyini şərtləndirir. Yəni dollar rubla nəzərən bahalaşdıqca manat da həmin valyutaya qarşı bahalaşır. Nəticədə Rusiya bazarlarına ixrac etdiyimiz məhsullar bahalaşır ki, bu da onların rəqabət qabiliyyətini aşağı salır".
Təhlildə qeyd olunur ki, Rusiya ilə ticarət dövriyyəmiz ötən il 2,6 milyard dollar olub ki, bunun da 1,5 milyardı idxalın payına düşür. 2014-cü ilin 8 ayında bu ölkə ilə ticarət dövriyyəsində geriləmə müşahidə edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 2014-cü ilin 8 ayında idxal 22 faiz azaldığı halda ixracın azalması 42 faizə çatıb. Hətta kənd təsərrüfatı məhsullarının Rusiyaya daşınmasına yaşıl işıq yandırılması ixracın kəskin azalmasına mane olmayıb. İdxaldakı azalma isə qonşularımızın ərzaq məhsullarını əsasən öz daxili tələbatına yönəltməsi ilə bağlıdır. Rubl ucuzlaşdıqca bu ölkəyə ixracımızda problem yaranacaq. İstisna deyil ki, tezliklə Rusiya bazarları Türkiyə, İran və digər Asiya ölkələrinin meyvə və tərəvəz məhsulları ilə dolacaq və fermerlərimiz üçün həmin bazarda mövqeyini saxlamaq çətin olacaq.
"Manatın möhkəmlənməsi digər qonşu ölkələrlə də (məsələn, İran) ticarət dövriyyəsində mənfi saldonun həcmini artırır.
Dördüncüsü, rublun dəyərdən düşməsi Rusiyada həmçinin ərzaq inflyasiyasını gücləndirir. Məsələn, təkcə 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə bu ilin 9 ayında ərzaq inflyasiyası 11,5 faiz təşkil edib. Bunun nəticəsində isə manatın möhkəmlənməsinə rəğmən Rusiyadan Azərbaycana ərzaq inflyasiyası idxal edilir.
Dünya bazarında neft artıq 90 dollarlıq psixoloji həddi keçərək ucuzlaşıb. Bu, neftdən asılı olan və sanksiyaların məngənəsində boğulan Rusiyanın federal büdcəsi üçün təhlükədir. Müxtəlif hesablamalara görə, neftin barrelinin 10 dollar ucuzlaşması büdcə gəlirlərinin 600-1500 milyard rubl azalması deməkdir. Ekspertlərin digər hesablamalarına görə, dolların 1 rubl bahalaşması büdcəyə əlavə olaraq 150-180 milyard rubl gəlir gətirir. Deməli, rublun devalvasiyası gündəmdədir və hökumət bunu istisna etmir. Təbii ki, devalvasiyanın Rusiya üçün mənfi təsirləri çox olacaq. Təəssüf ki, bundan Azərbaycana da pay düşəcək", deyə ekspert bildirb.