Deputat Mərkəzi Bankın təşəbbüsünü bəyənir İqtisadiyyat

Deputat Mərkəzi Bankın təşəbbüsünü bəyənir

Əli Məsimli: "Kredit götürənin istədiyi sığortaçını seçə bilməsi bank-müştəri münasibətlərinin demokratikləşməsi baxımından müsbət addım olardı"

Ötən həftə Mərkəzi Bankın nümayəndəsi Nəbi Əliyev bildirib ki, Azərbaycanda bankdan kredit götürənlərə sığorta lazım olsa, onlar bankın təklif etdiyi sığorta şirkətini deyil, istədikləri sığortaçını seçə biləcəklər.
Bankdan kredit götürənin istədiyi sığortaçını seçə bilməsi üçün Mərkəzi Bank əlaqəli satışı məhdudlaşdırmaq niyyətindədir. Bunun üçün isə həm qanunvericiliyə dəyişiklik ediləcək, həm də ayrıca metodoloji sənədlər hazırlanaraq ilin sonuna qədər banklara göndəriləcək.
Azərbaycan təcrübəsində banklar adətən öz müştərilərini əməkdaşlıq etdikləri və yaxud eyni holdinqdə təmsil olunduqları sığorta şirkətinə yönəldir. Mərkəzi Bankın qərarından sonra banklar müştərilərə sığortaçı ilə bağlı yalnız tövsiyə verə biləcəklər. Bu addımda əsas məqsəd istehlakçı hüquqlarını qorumaqdır.
Mərkəzi Bankın yeni tələbinə münasibət bildirən deputat Əli Məsimli açıqlamasında öncə deyib ki, Azərbaycanda banklar adətən öz müştərilərini əməkdaşlıq etdikləri və yaxud eyni holdinqdə təmsil olunduqları sığorta şirkətinə yönəldir: "Bu yaxşıdır, yoxsa pis? Yəqin ki, analiz aparılsa, bunun həm müsbət, həm də mənfi məqamları ortaya çıxar. Amma o biri yandan da bu, bəzi həkimlərin xəstəyə çoxlu dərman yazıb, sonra da həmin dərmanları hansı aptekdən almaq lazım olduğunu göstərməsinə bənzəyir. Bankdan kredit götürənin istədiyi sığortaçını seçə bilməsi həm bank-müştəri münasibətlərinin demokratikləşməsi, həm sığorta şirkətləri arasında rəqabətin artması, həm də istehlakçı hüquqlarının qorunması baxımından müsbət addım olardı".