BAXCP sədri: “Xidmət sahələri özəlləşdirilməlidir” İqtisadiyyat

BAXCP sədri: “Xidmət sahələri özəlləşdirilməlidir”

Qüdrət Həsənquliyev: "Dünyanın heç bir ölkəsində bizdə olduğu kimi elektrik enerjisi itkisinə yol verilmir"

"Biz təkcə baytarlıqla bağlı məsələni gündəliyə çıxarmayaq, həm də sanitar-epidemoloji stansiyaları, meşə mühafizə idarələrini, fitosanitar-nəzarət xidmətlərini də özəlləşdirmək lazımdır. Niyə yalnız bu xidmətlərin içərisindən yalnız baytarlıqla bağlı xidmət sahələri özəlləşdirilməyə çıxarılır? Bunun bir izahı bizə verilsəydi, daha yaxşı olardı". Bu sözləri Milli Məclisin dünən keçirilən plenar iclasında çıxış edən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib.
Azərbaycanın artıq bazar iqtisadiyyatına keçdiyini bildirən BAXCP sədri dövlətin bu qədər xidmət sahələrini öz nəzarətində saxlamasına ehtiyac duyulmadığını vurğulayıb: "Bunlar əslində dövlət üçün əlavə bir yükdür. Biz bunu dəfələrlə söyləmişik ki, dövlət bu yüklərdən azad olunmalıdır. Biz bir dəfə "Bakıelektrikşəbəkə"ni özəlləşdirdik, sonaradan hökumət həmin şirkətin fəaliyyətindən narazı qaldığından yenidən o qurumu dövlət nəzarətinə keçirdilər. Amma düşünürəm ki, "Bakıelektrikşəbəkə", qaz, su və digər kommunal xidmət sahələri də təcili olaraq özəlləşdirilməlidir, dövlət bu yükün altından çıxmalıdır.Həm də mən hesab edirəm ki, dövlət bu məsələlərdə kənara çəkilsə bu, imkan verəcək ki, nəzarət mexanizmi daha yaxşı təşkil olunsun. Bəzi xarici ölkələrdə hətta həbsxanaları belə özəl şirkətlər mühafizə edir. Bu halda dövlətin imkanları xeyli genişlənmiş olacaq. İndiki halda isə dövlətə bağlı qurumlar olduqlarına görə bir çox hallarda bu qurumlara qarşı yönələn tənqidlər, narazılıqlar həm də dövlətə qarşı yönəlir. Mən hesab edirəm ki, biz bundan da xilas olmağa çalışmalıyıq. Qoy ayrı-ayrı iş adamları bu sahənin inkişafı üçün investisiyalar yatırsınlar. Özü də starteji sahələr olduğuna görə hesab edirəm ki, elektrik enerjisi, qaz və su təsərrüfatının özəlləşdirlməsinə yalnız Azərbaycan Respublikasının vətəndaşları buraxıla bilər. Bunun üçün də lazım gəlsə qanunvericiliyə əlavə və dəyişikliklər etməklə bunu da tənzimləyə bilərik. Düşünürəm ki, bunları etmədən bu sahədə nəzarəti həyata keçirmək olmayacaq. İndiki halda necədir? Tutaq ki, elektrik enerjisini eyni bir dövlət şirkəti istehsal edir, özü də bunu vətəndaşları satır. Bu halda əlbəttə ki, böyük itkilərdən söhbət gedəcək. Bu yaxınlarda mətbuatda oxuduq ki, dünyanın heç bir ölkəsində bizdə olduğu kimi elektrik enerjisi itkisinə yol verilmir. Yəqin ki, Milli Məclisin rəhbərliyi də, hökumət üzvləri də mətbuatdan bu məlumatlarla oxuyub tanış oldular. Hətta sovet dövründə belə bu qədər itkilərə yol verilmirdi. Amma həmin elektrik enerjisini vətəndaşlara satan şirkət özəl şirkət olsa, o halda bu itkilər də olmayacaq. Burda həm şəffaflıq, həm düzlük olacaq, həm də vətəndaşlar daha keyfiyyətli xidmətdən istifadə edə biləcək. Ona görə də hesab edirəm ki, Milli Məclis də bu proseslərdən kənarda qalmamalıdır, hakimiyyətin bir qanadı kimi hökumətlə əlaqəli işləməliyik və hökuməti təşviq etməliyik, həm də aydınlaşdırımalıyıq ki, niyə bu sahələrdə aparılmır."

Əli