Nazirlikdə Dünya Bankının nümayəndələri ilə görüş İqtisadiyyat

Nazirlikdə Dünya Bankının nümayəndələri ilə görüş

Tərlan

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində "Azərbaycanda əlilliyin qiymətləndirilməsi: cari nailiyyətlər və gələcək addımlar" mövzusunda keçirilən beynəlxalq seminar çərçivəsində Dünya Bankının nümayəndələri ilə görüş olub. Görüşdə respublikada əldə olunan sosial-iqtisadi nailiyyətlər barədə məlumat verən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkənin ümumi inkişaf ruhuna uyğun olaraq, əmək və sosial müdafiə sahəsində aparılan islahatları diqqətə çatdırıb. Cari ilin ötən dövründə ölkədə tətbiqinə başlanan əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemindən söz açan nazir bildirib ki, bu sistem işçi hüquqlarının təminatına çevik və obyektiv, səmərəli dövlət nəzarətinə imkan verib. Həmçinin bununla işçilərin sosial və gələcək layiqli pensiya təminatı üçün etibarlı hüquqi əsas formalaşıb. Bununla yanaşı, ünvanlı dövlət sosial yardımı üçün müraciətlərin qəbulu və yardımların təyinatının avtomatlaşdırılması, bu sahədə şəffaflığın təminatı üçün yeni sistem yaradılır.
S.Müslümov əlillik təyinatında şəffaflığın təminatına nail olmaq üçün yeni yaradılan Tibbi-Sosial Ekspertiza və Əlillərin Reabilitasiyası İnformasiya Sistemi barədə də məlumat verib: "Bu sistem əlillik müayinəsi ilə bağlı müvafiq qurumlar arasında məlumat mübadiləsinin elektron şəkildə aparılmasını və bu prosesdə məmur-vətəndaş ünsiyyətinin minimuma endirilməsini nəzərdə tutur. Hazırda ölkəmizdə əlilliyin qiymətləndirilməsi sisteminin mütərəqqi beynəlxalq standartlardan irəli gələn sosial modelin tətbiqi əsasında yenidən qurulması işləri aparılır. Biz əlilliyin müəyyən olunması zamanı hazırda mövcud olan tibbi yanaşmanı deyil, sosial yanaşmanı, yəni şəxsin fiziki və əqli məhdudluğunun təsir etmədiyi potensial əmək qabiliyyətinin və funksionallığının ölçülməsi meyarını tətbiq etməyi nəzərdə tuturuq. Bu da əlilliyi olan şəxslərin əmək potensialının və fəaliyyət qabiliyyətlərinin dəstəklənməsinə yönəlib". Nazir digər bir çox sahələrdə olduğu kimi, bu sahədə də Dünya Bankı ilə əməkdaşlığın əhəmiyyətindən söz açıb. O, Dünya Bankı ilə ötən dövrdə müsbət əməkdaşlıq təcrübəsinin əlilliyi qiymətləndirilməsi üzrə ölkəmizdə mütərəqqi sistemin formalaşdırılması işlərində də uğurla davam edəcəyinə əminliyini ifadə edib.
Dünya Bankının sosial müdafiə və əmək təcrübəsi üzrə meneceri Endryu Mason ölkəmizdə əmək və sosial müdafiə sahəsində aparılan islahatları yüksək dəyərləndirib. E. Mason bildirib ki, hazırda Azərbaycanda əlilliyin qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi üçün aparılan islahat nəticə etibarilə əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasına, bu insanların məşğulluq sahəsində də digər insanlarla bərabər hüquqlarının reallaşmasına xidmət edir. Dünya Bankı belə vacib iş sahəsində əməkdaşlığın davam etdirilməsində maraqlıdır.
Dünya Bankının əlillik üzrə baş eksperti Aleksandra Posarak əlilliyin müəyyən olunması meyarlarının təkmilləşdirilməsində Azərbaycanın qabaqcıl dünya təcrübəsini öyrənməkdə olduğunu və bu mühüm işlərdə Dünya Bankı tərəfindən lazımi dəstəyin veriləcəyini bildirib. Görüşdə milli tibbi-sosial ekspertiza sistemində tibbi modeldən sosial modelə keçidin əlilliyi olan şəxslərin sosial statuslarının bərpasında, onların inkluziv imkanlardan bəhrələnmələrində, öz potensiallarını cəmiyyətə təqdim etmələrində mühüm vasitə olacağı vurğulanıb, bu sahədə atılacaq addımlar müzakirə olunub.