“Benzinin qiyməti ucuzlaşsa...” İqtisadiyyat

“Benzinin qiyməti ucuzlaşsa...”

Əli Məsimli: "Həm tariflər, həm də müəyyən malların qiyməti də aşağı düşər"

Natiq Cəfərli: "Kənd təsərrüfatı malları istehsalı və bazarlara çatdırılmasının maya dəyərində 40-45% yanacağın qiyməti dayanır"

Dünya bazarında neftin qiymətinin enməsi benzinin ucuzlaşmasına da səbəb oldu. Rusiya və bir neçə ölkədən sonra artıq Türkiyədə də benizinin qiyməti cüzi də olsa ucuzlaşıb. Belə ki, əvvəl 4,32 türk lirəsinə (1.42 AZN) təklif olunan Aİ-95 markalı benzinin 1 litri 17 dekabrdan etibarən 4,26 lirəyə (1.40 AZN) satılacaq.
Bəs Azərbaycanda benzinin ucuzlaşması gözlənilirmi və bu baş verərsə ucuzlaşma olacaqmı?
Xatırladaq ki, millət vəkili Vahid Əhmədov da bu təkliflə çıxış edib: "Hazırda bazarlarda qiymət 60 dollardır. Bununla əlaqədar Rusiya, Türkiyə, Gürcüstanda benzinin qiymətində ciddi enmələr baş verir. Tarif Şurası bu məsələyə baxmalıdır. Hesab edirəm ki, ölkədə benzinin qiymətinin tənzimlənməsinə ehtiyac var".
Yeri gəlmişkən, hazırda ölkədə Aİ-95 Premium benzininin pərakəndə satış qiyməti sərbəstdir. Aİ-92 və Aİ-80 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 70 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti 1 litr üçün 60 qəpikdir.
Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə isə dünya bazarında neftin ucuzlaşmasına görə Azərbaycanda benzinin satış qiymətinin aşağı salınmasına tərəfdar deyil. Ziyad Səmədzadə deyib ki, Azərbaycanda benzinin qiymətinin aşağı salınması üçün ciddi araşdırmalar aparılmalı, digər makroiqtisadi göstəricilər təhlil edilməlidir: "Əgər əməkhaqqı azalmırsa, inflyasiya yoxdursa, istehlak qiymətlərinin dinamikasında sabitlik varsa, onda benzinin ucuzlaşdırılmasına da ehtiyac yoxdur. Dünya bazarında neft ucuzlaşıb deyə Azərbaycanda benzinin qiymətini aşağı sala bilmərik. Bəzi ölkələr bunu ediblər. Amma həmin ölkələrdəki inkişaf səviyyəsinə, baş verən iqtisadi durumlara baxmaq lazımdır".
Məsələyə Dövlət Neft Şirkətinin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev də münasibət bildirib. O deyib ki, hazırda SOCAR brendi altında işləyən yanacaqdoldurma məntəqələrində satılan Aİ-95 Premium benzini xaricdən köhnə qiymətlərə alınmış məhsuldur. Onun sözlərinə görə, alınacaq növbəti partiyalarda alış qiymətinə uyğun olaraq Aİ-95 Premium benzininin qiyməti məsələsinə baxıla bilər.
Millət vəkili, iqtisadçı ekspert Əli Məsimli bildirdi ki, benzinin qiyməti təbii surətdə həm sərnişin daşınmasının tariflərinə, həm də bütünlükdə daşınan məhsulların qiymətinə təsir edir: "Ona görə də benzinin qiyməti ucuzlaşsa, həm tariflər, həm də müəyyən malların qiyməti də aşağı düşər. Amma dünya bazarında neftin qiymətinin aşağı düşməsi ilə gündəmə gələn bu məsələnin gerçəkləşməsi, yəni Azərbaycanda benzinin qiymətinin nəzərəçarpacaq dərcədə uzuşlaşması ehtimalı çox azdır".
İqtisadçl-ekspert Natiq Cəfərli isə deyib ki, dünya bazarında neftin ucuzlaşmasına paralel olaraq, Azərbaycanda benzinin qiyməti enməlidir: "Neftin ucuzlaşması yerli bazarda yanacağın qiymətlərinə də təsir etməlidir. Bu digər sahələrə də təsir edəcək, ucuzlaşma olacaq. Kənd təsərrüfatı malları istehsalı və bazarlara çatdırılmasının maya dəyərində 40-45% yanacağın qiyməti dayanır, neftin dünyada qiymətinin enməsini hiss edə bilsək, yanacaq qiyməti ensə, kənd təsərrüfatı malları da ucuzlaşardı. Nəqliyyatda (hava və avtomobil) maya dəyərinin 30-35%-ni yanacaq təşkil edir, yanacağın qiymətinin enməsi gediş haqlarını, uçaq biletlərini ucuzlaşdırardı. Elektik enerjisinin alınmasında neft-qazın maya dəyərində payı 50%-ə yaxındır, neftin qiymətinin dünyada enməsini hiss edə bilsəydik, elektrik enerjisi də ucuzlaşardı".

Əli