Rusiyadan Azərbaycana miqrant köçü İqtisadiyyat

Rusiyadan Azərbaycana miqrant köçü

Soydaşlarımız vətənə qayıdır

Cavid

"RİA Novosti" agentliyinin yaydığı məlumata görə, MDB ölkələrindən olan əmək miqrantları rublun kəskin dəyərdən düşməsi nəticəsində Rusiyanı kütləvi tərk edir.
Agentlik araşdırıb ki, Yeni il bayramının yaxınlaşması miqrant axınının daha da artmasına səbəb olub. Moskvadakı miqrant assosiasiyalarının təmsilçiləri deyirlər ki, əgər yaxın vaxtlarda rublun kursu yüksəlməsə, Rusiyada əmək miqrantlarının sayı kəskin azalacaq.
Ekspertlər deyirlər ki, 1998-ci ildə yaşanan defoltdan sonra ən dramatik iqtisadi böhranın yaşandığı indiki günlərdə işçi miqrantlar üçün qazanc dalınca Rusiyaya getmək artıq sərfəli deyil. Onların qazandıqları pullar sürətlə dəyərdən düşür. Ticarətlə məşğul olanlar isə rublun kursunun kəskin dəyişməsindən ciddi ziyana düşürlər.
Digər tərəfdən, 2015-ci il, yanvarın 1-dən etibarən Rusiyanın miqrasiya qanunvericiliyində dəyişikliklər qüvvəyə minəcək. Bu dəyişikliklərə görə, Rusiyada işləmək icazəsi almaq üçün bütün əmək miqrantları rus dilini, Rusiya qanunvericiliyinin əsaslarını bilməlidir.
"Bazarlarda işləyənlərin demək olar ki, hamısı gedib. Satıcılar artıq heç kimə lazım deyil" - deyə qırğız diasporunun "Zamandaş" assosiasiyasının təmsilçisi Ruslam Eşimov bildirir.
R.Eşimov deyir ki, istehsalatda işləyənlər əvvəlki kimi qalıb işləyirlər. Bazarlarda alver edənlərin isə işləri çətindir, onlar rublun kəskin ucuzlaşması nəticəsində aldıqları malı mayasından ucuza satmalı olublar.
R.Eşimov bildirir ki, bir çox ticarətçilər malları Orta Asiyadan gətirirdilər: "Orada onlar aldıqları malın əvəzini dollarla ödəyirlər. İndi isə dollar az qala iki dəfə bahalaşıb. Satıb pulunu qaytarmaq üçün mal götürənlərin işi daha çətindir, onlar pulu dollarla qaytarmalıdır. Belələri kifayət qədər çoxdur".
R.Eşimovun fikrincə, əgər rublun kursu qalxsa, qırğız ticarətçilər Rusiyaya qayıda bilər.
Miqrantların Rusiyadan kütləvi axınını sürətləndirən amillər arasında tikinti mövsümünün başa çatması, kənd təsərrüfatında işlərin dayanması da yer alır. Üstəlik Orta Asiyadan olanların çoxu rus dilini bilmir və onlar işləmək icazəsi ala bilmək üçün rus dilindən imtahan verə bilməyəcəklər.
"Ona görə də Rusiyada miqrant kimi qalmaq sadəcə olaraq sərfəli deyil" - deyə qırğız diasporunun nümayəndəsi bildirib.
Yeni qanunvericiliyə görə, miqrantlar iş patenti almaq üçün hər ay 4 min rubl ödəməlidir. Ayda 15-20 min rubl qazanan miqrantlar üçün bu, ciddi məbləğdir.
"Yanvarın 1-dən qüvvəyə minəcək düzəlişlərə görə, məcburi tibbi sığorta üçün 2 min rubl ödəmək lazımdır, bunun üçün əvvəlcə tibbi müayinədən keçmək tələb olunur. Bu isə təxminən 3 min rubl edir. Rus dilindən imtahan vermək haqqı 4900 rubldur, üstəlik imtahanı verməsən, bu pul boşa gedəcək. Belə çıxır ki, Rusiyaya yeni gələn miqrant sənədlərini qaydaya salmaq üçün dərhal 15-20 min rubl xərcləməlidir. Üstəlik yemək və mənzil kirayəsi. Deməli, ayda 20 min qazanan miqrant üçün Rusiyada qalmaq sadəcə olaraq mənasızdır. 30-35 min rubl qazananların isə işləri çətinləşir" - R.Eşimov deyir.
Ümumrusiya Azərbaycanlıları Konqresinin icraçı direktoru İlqar Hacıyev də təsdiq edir ki, ancaq qazanc dalınca Rusiyaya gələnlər üçün indi bu ölkədə qalmaq sərfəli deyil.
Bununla belə İ.Hacıyev deyir ki, onun yerliləri işgüzar və hər vəziyyətdən çıxış yolu tapan adamlardır: "Onlar tez adaptasiya oluna bilirlər. Böhran isə təşəbbüskar və diribaş adamlar üçün həmişə yeni imkanlar açır".
İ.Hacıyev deyir ki, Rusiyada hazırda 700 minə yaxın azərbaycanlı miqrant var: "Ola bilər onların bir hissəsi getsin. Ancaq onların yerinə yeniləri gələcək, nəsə iş quracaq və iqtisadiyyatın bərpasına kömək edəcək. Hamı inanır ki, bu, müvəqqəti haldır, rubl möhkəmlənəcək, iqtisadiyyat böhrandan çıxacaq".
Qeyd edək ki, hələlik Rusiyadan Azərbaycana nə qədər miqrantın qayıtdığı haqda rəqəmlər yoxdur. Lakin son günlər Rusiyadan gələn avtobuslar, qatarlar və təyyarələrdə boş yer yoxdur. Xüsusən də Rusiya bazarlarında alverlə məşğul olan azərbaycanlıların bir çoxu müflis olaraq geri qayıdır. Ancaq rublun ucuzlaşmasından istifadə edərək dəyərdən düşən malları alıb gətirmək üçün Rusiyaya azərbaycanlıların kütləvi axını da müşahidə edilir.
Rublun ucuzlaşmasının manata və Rusiyadakı azərbaycanlı iş adamlarının gəlirinə mənfi təsir göstərdiyi haqqında bəyanatlar əsassızdır. Bu barədə isə iqtisadçı-ekspert, Azərbaycanın iqtisadiyyat nazirinin sabiq müavini Oqtay Haqverdiyev rus rublunun ABŞ dollarına nisbətdə düşməsini şərh edərkən bildirib. "Hər bir dövlətin özünün pul-kredit siyasəti var. Bizim Mərkəzi Bankımız manatın kursunu sabit saxlamaq üçün valyuta bazarına hər il 1-1,5 mlrd. ABŞ dolları həcmində müdaxilə həyata keçirir. Biz sabitliyi təmin etmək üçün maliyyə ödəyirik və buna görə də rublun məzəndəsindən asllı olmayaraq, manatın kursu sabit olacaq", - deyə O.Haqverdiyev bildirib.
O Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun 2015-ci il üçün dövlət bedcəsinin müzakirəsi zamanı Milli Məclisdəki çıxışını xatırladıb. O bildirib ki, Azərbaycan gələn il də bu siyasəti həyata keçirəcək. "Yəni, gələn il manatın dollara nisbətdə kursu əvvəlki kimi qalacaq və 78 gəpik təşkil edəcək", - bunu O.Haqverdiyev qeyd edib.
Rusiyada azərbaycanlı iş adamlarının gəlirinin azalma ehtimalını şərh edərkən ekspert vurğulayıb ki, Rusiyada yaşayan azərbaycanlıların sayı dəyişir.
"Bəziləri bu rəqəmin 2 milyon olduğunu deyir, bəziləri isə Rusiyada 3 milyon azərbaycanlının yaşadığını qeyd edir. Bu hamısı cəfəngiyatdır və həqiqətə uyğun deyil. RF rəsmi statistikasına əsasən, bu rəqəm 600-650 min insan təşkil edir. Onlar həqiqətən də biznesin müxtəlif sahələri ilə məşğul olurlar və qazandıqları məbləğin bir qismini Azərbaycana göndərirlər", - deyə iqtisadçı bildirib.
O.Haqverdiyev vurğulayıb ki, iqtisadi baxımdan ən uğurlu illərdə Azərbaycan vətəndaşları Rusiyadan vətənə 1-1,5 mlrd. ABŞ dolları köçürüblər.
"Sözsüz ki, bu rəqəm xeyli azalacaq, lakin burada başqa məqam da var - orada işləyən vətəndaşların prinsipial mövqeyi ondan ibarət olmalıdır ki, bu şəxslər yeni vəziyyətə uyğunlaşmalıdırlar. Onlar çox yaxşı bilirlər ki, Azərbaycanda ani olaraq böyük məbləğdə pul qazana biləcəkləri iş yerləri yoxdur, Rusiyada isə onlar bunu edə bilərlər", - deyə, o qeyd edib.
Ekspert həmçinin qeyd edib ki, Rusiyada yaşayan Azərbaycan vətəndaşları ailələrinə pulu rublla yox, dollarla göndərirlər. O.Haqverdiyev deyib: "Tutaq ki, bir vətəndaş ticarətlə məşğul olur və hər ay ailəsinə 500 dollar göndərir. İndi o öz mallarının qiymətini dolların kursu ilə müvafiq tənzimləyir və ailəsinə yenə həmin məbləği göndərir".
Qərbin rublun düşməsində rolu haqqında danışaraq, iqtisadçı qeyd edib ki, sanksiyalar bu məsələdə əhəmiyyətli rol oynayıb: "Bu proseslərə mexaniki olaraq baxmaq olmaz, hər şeyi təhlil etmək lazımdır. Əgər iqtisadiyyat işləmirsə, ehtiyatlar hardan yarana bilər?. Rusiya iqtisadiyyatı resessiya vəziyyətindədir: neft və qaz hasilatı azalır, metallurgiya sənayəsi böhranlı vəziyyətdədir", - deyə ekspert vurğulayıb.
Onun fikrincə, rublun düşməsi Rusiyanın Mərkəzi Bankının pul-kredit siyasətinin zəifləməsi səbəbindən baş verib.
Yeri gəlmişkən, şimal qonşumuz Rusiyada son vaxtlar həmyerlilərimizi narahat edən ən ciddi məsələ miqrantlar üçün ölkəyə giriş qadağasıdır. Rusiya Federal Miqrasiya Xidməti aralarında azərbaycanlıların da olduğu bir milyon əcnəbi vətəndaşı bu qara siyahıya salıb.
İndi Rusiyada çox az azərbaycanlı tapılar ki, dostları və əqrabaları arasında Rusiyaya girişi gadağan edilmiş kimsə olmasın. Rusiyaya girişin qadağa edilməsi səbəblərinə gəlincə isə bu qeydiyyatsız olaraq ölkədə qalmaqdan yol hərəkəti qaydalarını pozmağa qədər müxtəlifdir.
Federal Miqrasiya Xidmətinin şöbə müdiri Nadejda Varonina deyib ki, 2014-cü ildə Federal Miqrasiya Xidməti tərəfindən 550 min nəfər xarici vətəndaşa qarşı ölkəyə giriş qadağası tətbiq edilib: "Bu qərarlardan 36 mini Azərbaycan vətəndaşlarıyla bağlıdır. Onların deportasiya səbəblərinə gəlincə isə qanunda nəzərdə tutulan miqdardan çox ölkədə qeydiyyatsız qalma və iki dəfədən çox inzibati cəzaların olmasıdır".
"AzərRos" Cəmiyyətinin sədri Asif Məhərrəmov Rusiyaya giriş qadağasıyla bağlı problemin çox ciddi olduğunu qəbul etməklə yanaşı, bu məsələnin yaxın zamanda müsbət həllinə inanır.
Asif Məhərrəmovun sözlərinə görə, universitet tələbələri də bu məsələ ilə bağlı çətinliklərlə qarşılaşması xüsüsilə narahatçılıq doğurur: "Belə ki, yay tətilinə vətənə gedib bura qayıda bilməyən tələbələr var. Yoldaşı Azərbaycan vətəndaşı, özü isə Rusiya vətəndaşı olan bir çox ailə iki yerə parçalanmış vəziyyətdədir. Bütün bunlar Rusiya ilə Azərbaycan arasındakı bu günkü gözəl münasibətlərə heç yaraşmır. Ümid edirəm ki, bu məsələ hökumətlər arasında yaxında öz həllini tapacaq".
İnzibati huquq pozuntularına görə, Rusiyaya girişi qadağan edilən 990 min əcnəbi üç il boyunca bu ölkəyə gələ bilməyəcək. Rəsmi rəqəmlərə görə, bu gün Rusiyada 3 milyondan çox icazəsiz miqrant yaşayır.