Azərbaycan-Rusiya iqtisadi əlaqələri müzakirə edilib İqtisadiyyat

Azərbaycan-Rusiya iqtisadi əlaqələri müzakirə edilib

Tərlan

Azərbaycanda səfərdə olan Rusiya Federasiyasının Şimali Osetiya-Alaniya Respublikası hökumətinin sədri Sergey Takoyevin rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 3-də Bakı Biznes Mərkəzində Azərbaycanın son 10 ildə əldə etdiyi sosial-iqtisadi uğurları əks etdirən sərgi ilə tanış olmuşlar. Həmin gün iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Rusiya Federasiyasının Şimali Osetiya-Alaniya Respublikası hökumətinin sədri Sergey Takoyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə nazir Şahin Mustafayev Azərbaycanın Rusiya Federasiyası və onun federal subyektləri ilə əlaqələrin genişləndirilməsinə önəm verdiyini bildirmiş, Rusiya ilə Azərbaycan arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu diqqətə çatdırmışdır. Qeyd edilmişdir ki, qarşılıqlı hörmət və faydalı əməkdaşlıq prinsipləri üzərində qurulmuş Azərbaycan-Rusiya əlaqələrinin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri mühüm əhəmiyyət kəsb edir. Azərbaycan və Rusiya arasında möhkəm hüquqi baza mövcuddur. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Hazırda Azərbaycanda Rusiya kapitallı şirkətlər, Rusiyada isə Azərbaycan şirkətləri uğurla fəaliyyət göstərirlər. Son 5 ildə 5 mindən çox iş adamının iştirakı ilə 30-dan artıq iqtisadi tədbir keçirilmişdir.
İndiyədək 14 iclası keçirilmiş Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyası ölkələrimiz arasında iqtisadi əlaqələrin genişlənməsinə öz töhfəsini verir. Azərbaycan və Rusiya Federasiyası, eləcə onun əksər federal subyektləri, o cümlədən Şimali Osetiya-Alaniya Respublikası arasında uğurlu rusiya-03-02-2015-4əməkdaşlıq vardır. Rusiya Federasiyasının 4 subyekti ilə ölkəmiz arasında hökumətlərarası komissiya fəaliyyət göstərir, bir sıra subyektləri ilə isə iqtisadi-ticarət, elmi-texniki və mədəni sahələrdə sazişlər imzalanmışdır. Azərbaycan və Rusiya arasında ənənəvi regionlararası forumlar keçirilir və belə tədbirlər ikitərəfli əməkdaşlığın inkişafında faydalıdır. Azərbaycan və Rusiya Federasiyası arasında, eləcə də Şimali Osetiya-Alaniya Respublikası ilə əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş potensial var.
Sənaye, kənd təsərrüfatı, turizm, İKT, logistika və s. sahələrdə əlaqələrin genişləndirilməsi imkanlarının müzakirə olunduğu görüşdə nazir Şahin Mustafayev Azərbaycanın davamlı və dayanıqlı iqtisadi inkişafı barədə də məlumat vermişdir.
Şahin Mustafayev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışaraq Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20%-nin işğal olunduğunu və münaqişənin regional əməkdaşlığın inkişafına ən ciddi təhdid olduğunu vurğulamışdır.
Rusiya Federasiyasının Şimali Osetiya-Alaniya Respublikası hökumətinin sədri Sergey Takoyev Azərbaycan-Rusiya əməkdaşlığının genişləndirilməsi üçün hər iki ölkənin böyük potensiala malik olduğunu, mövcud imkanlardan səmərəli istifadənin ikitərəfli əlaqələrin inkişafında əhəmiyyətli olacağını vurğulamışdır. Cənab Takoyev Azərbaycanın Rusiyanın federal subyektləri, o cümlədən Şimali Osetiya-Alaniya Respublikası ilə əməkdaşlığının genişlənməsindən məmnunluğunu ifadə etmişdir.
rusiya-03-02-2015-5Görüşün sonunda Azərbaycan Respublikasının Hökuməti ilə Rusiya Federasiyasının Şimali Osetiya-Alaniya Respublikası Hökuməti arasında ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında Saziş imzalanmışdır. Sənədi Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və Rusiya Federasiyasının Şimali Osetiya-Alaniya Respublikası hökumətinin sədri Sergey Takoyev imzalamışlar. Sənəddə iqtisadiyyatın müxtəlif sahələrində, eləcə də təhsil, səhiyyə, gənclər siyasəti, turizm, mədəniyyət, idman və sosial-mədəni həyatın digər sferalarında Azərbaycan Respublikasının və Şimali Osetiya-Alaniya Respublikasının müəssisə, təşkilat və qurumlarının əlaqələrinin inkişafı, iqtisadiyyata və sosial infrastruktura qarşılıqlı investisiya qoyuluşu kimi məsələlər öz əksini tapıb.
Sonra İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Rusiya işgüzar görüşü keçirilmişdir. Tədbirdə rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, sənaye, qida, tikinti, turizm və s. sahələrdə fəaliyyət göstərən iş adamları iştirak etmişdir. İşgüzar görüşdə çıxış edən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycan və Rusiya arasında müxtəlif istiqamətlərdə əlaqələrin uğurla davam etdiyini, biznes forum və işgüzar görüşlərin iş adamları arasında əməkdaşlığın genişlənməsində, ölkələrimizin biznes və investisiya potensialının təqdim olunmasında əhəmiyyətini qeyd etmiş, sahibkarları fəal əməkdaşlığa dəvət etmişdir.
rusiya-03-02-2015-6Rusiya Federasiyasının Şimali Osetiya-Alaniya Respublikası hökumətinin sədri Sergey Takoyev iş adamlarının yaradılmış əlverişli imkanlardan yararlanmaqla əlaqələrini daha da genişləndirmələri üçün böyük potensialın olduğunu diqqətə çatdırmışdır.
Tədbirdə AZPROMO-nun rəhbəri Rüfət Məmmədov ölkəmizin biznes və investisiya mühiti barədə məlumat vermişdir. Şimali Osetiya-Alaniya Respublikasının Turizm, sahibkarlıq və investisiya siyasəti nazirinin müavini Aleksandr Kokaev isə təqdimatında təmsil etdiyi federal subyektə investisiya qoyuluşu imkanlarını Azərbaycan iş adamlarının diqqətinə çatdırmışdır. Tədbir çərçivəsində iş adamlarının sualları da cavablandırılmışdır.