Manatın ucuzlaşdırılmasına start veridi İqtisadiyyat

Manatın ucuzlaşdırılmasına start veridi

Elman Rüstəmov: "Yeni məzənnə siyasətində inflyasiya ilə bağlı oriyentir 5-7% təşkil edəcək"

Azərbaycan manatın dollardan asılılığından imtina etməyi planlaşdırır. Trend xəbər verir ki, bu barədə Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov "Financial Times"-a müsahibəsində deyib. E.Rüstəmov deyib: "Fiskal və monetar siyasətə bəzi düzəlişlər edilməsi çox vacibdir. Hesab edirik ki, mübadilə kursunun daha çevik rejiminə keçməliyik və biz tədricən inflyasiyanın hədəflənməsi rejiminə keçəcəyik". E.Rüstəmov bildirib ki, valyutanın dəyərdən düşməsi tədricən baş verə bilər və Mərkəzi Bank bu məsələdə əhalinin maraqlarını nəzərə alacaq.
AMB rəhbəri deyib ki, Mərkəzi Bank məzənnə siyasətində ikitərəfli məzənnənin hədəflənməsindən valyuta səbəti dəyərinin hədəflənməsinə keçir. Məzənnə siyasətinin dollar və avronun daxil olduğu iki valyutalı səbət mexanizmi əsasında həyata keçirilməsi məqsədəuyğun hesab edilib: "Burada avronun payı 20-30%, inflyasiya ilə bağlı oriyentir isə 5-7% təşkil edəcək".
E. Rüstəmov onu da qeyd edib ki, 2015-ci il ən çətin illərdən biridir: "Bu ildə əsas məqsəd iqtisadiyyatın diversifikasiyası, yeni inkişaf modelinə keçmək və xammaldan asılılığın azaldılmasıdır".
Sədr bildirib ki, cari ilin əvvəlindən Mərkəzi Bank manatın məzənnəsinin saxlanması məqsədilə 1 mlrd. dollar həcmində vəsait xərcləyib. Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyəti bu gündən etibarən məzənnə siyasətində ikitərəfli məzənnənin hədəflənməsindən valyuta səbəti dəyərinin hədəflənməsinə keçid barədə qərar qəbul edib. Mərkəzi Bankdan Trend-ə bildiriblər ki, məzənnə siyasətinin ABŞ dolları və Avronun daxil olduğu iki valyutalı səbət mexanizmi əsasında həyata keçirilməsi məqsədəuyğun hesab edilib: "Bu zaman müəyyən olunmuş dəhliz çərçivəsində valyuta bazarında Mərkəzi Bankın iştirakı davam edəcəkdir. Tətbiq edilən yeni əməliyyat çərçivəsi iqtisadi subyektlərin tədricən adaptasiyasına şərait yaratmaqla, eyni zamanda məzənnə siyasətinin çevikliyini və makroiqtisadi effektivliyini təmin edəcəkdir".
İqtisadçı ekspert Samir Əliyev Mərkəzi Bankın məzənnə siyasətində valyuta səbəti dəyərinin hədəflənməsinə keçid barədə qərarını bircə cümlə ilə belə ifadə edib: "Hökumət manatın yumşaq ucuzlaşdırılmasına start verdi. Əslində bu addım gözlənilən idi. Çünki baş verən proseslər manatı ciddi təzyiq altında saxlayırdı. Mərkəzi Bank iki ayda manatın saxlanmasına 2,3 milyard dollar sərf edirdi. Bu isə valyuta ehtiyatının 15 faizinə bərabər idi. Mərkəzi Bank 2 yoldan birini seçməli idi: ya manatı kəskin ucuzlaşdırmaq (təxminən 20-30%), ya da tədricən ucuzlaşdırmaq. Göründüyü kimi 2-ci yol seçildi. Çünki qeyri-neft sektorunun inkişafının prioritet elan edildiyi bir zamanda manatın devalvasiyası ehtimalı yüksək idi. Bu gün artıq manat dollara nəzərən 0,05% ucuzlaşıb. Bu ucuzlaşma avronun dünya bazarlarında dollara münasibətindən asılı olaraq davam edəcək.
Manatın məzənnəsinin bivalyuta səbəti əsasında müəyyənləşdirilməsi mexanizmi bizdə mövcud olub və ondan 2011-ci ildə imtina edilib. Həmin səbət 90/10 nisbəti əsasında dollar-avrodan ibarət idi. İndi səbətdə dollar və avronun payı haqqında məlumat verilməsə də, ehtimal etmək olar ki, ilkin dövür üçün əvvəlki səviyyədə saxlanılıb. Sonrakı dövrlərdə xarici ticarət dövriyyəsinin avrozonanın xüsusi çəkisindən asılı olaraq avronun payı artırıla bilər. Hər bir halda bivalyuta səbəti manatın ucuzlaşmasını şərtləndirəcək".