“Azərbaycan Dəmir Yolları” və Dünya Bankı arasında əməkdaşlıq müzakirə edilib İqtisadiyyat

“Azərbaycan Dəmir Yolları” və Dünya Bankı arasında əməkdaşlıq müzakirə edilib

"Azərbaycan Dəmir Yolları" QSC-də "Dəmir Yolu Ticarətinin və Nəqliyyatının Dəstəklənməsi" layihəsi çərçivəsində Dünya Bankının Azərbaycan üzrə ölkə təmsilçisi Larisa Leşçenko ilə ikitərəfli görüş keçirilib. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov görşdə Azərbaycan Dəmir Yolunda həyata keçirilən islahatlar, qarşıda duran vəzifələr haqqında məlumat verib. C. Qurbanov bildirib ki, Azərbaycan iqtisadiyyatının bütün sahələrində, o cümlədən nəqliyyat sektorunda yeni dönəm başlayıb və tranzit daşımaların mənzil başına təhlükəsiz şəraitdə çatdırılmasını təmin etmək baxımından bu gün görülən işlər çox əhəmiyyətlidir. "Azərbaycan Dəmir Yolları" QSC-nin investisiya layihələrində aktiv iştirakı gələcəkdə dəmir yolu infrastrukturunun, texniki vasitələrin müasirləşdirilməsinə imkan yaradacaq. İkitərəfli görüş zamanı əsas xidmətlərin keyfiyyətinin yüksəldilməsi, dəmir yolu sektoruna qoyulan investisiyaların rentabelliyinin artırılması, dəyişən cərəyanlı dartı sistemi ilə işləyən 50 ədəd yük lokomotivinin vaxtında təchiz edilməsi və onlar üçün depoların tikilməsi və digər məsələlər müzakirə olunub. Dünya Bankının Azərbaycan üzrə ölkə təmsilçisi L. Leşçenko "Dəmir Yolu Ticarətinin və Nəqliyyatının Dəstəklənməsi" layihəsi çərçivəsində bu günə kimi görülən işləri təqdirəlayiq hesab edib, ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsini vacib sayıb.