Novruz bayramınadək təqaüdçülər mart ayının pensiyasını alacaq İqtisadiyyat

Novruz bayramınadək təqaüdçülər mart ayının pensiyasını alacaq

Elman Mehdiyev: "DSMF isə avtomatlaşdırılmış sistemdə pensiyaların indeksləşdirməsini aparır"

Novruz bayramına qədər pensiyalar qrafikdən əvvəl maliyyələşdiriləcək. "APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev deyib. DSMF sədri bildirib ki, yanvar-fevral aylarında pensiyaların maliyyələşdirilməsi prosesi qrafikdən əvvəl yekunlaşıb. "Qarşımızda duran məsələ Novruz bayramına qədər pensiyaların qrafikdən əvvəl maliyyələşdirilməsidir ki, biz buna da nail olacağıq", -deyə E.Mehdiyev vurğulayıb. DSMF sədri əlavə edib ki, neftin qiymətinin dəyişməsi ilə əlaqədar iqtisadiyyatda baş verən dəyişikliklər fonunda maliyyə dayanıqlığı məsələsində istər 2014-cü ildə, istərsə də cari ildə DSMF-nin maliyyə göstəriciləri kifayət qədər uğurla ifadə olunur: "Hətta 2014-cü ili əhəmiyyətli profisit məbləğ ilə başa vurmuşuq ki, bu cari ildə də maliyyələşməni vaxtında aparmağa imkan verir".
Məzənnənin dəyişməsinin istehlak səbətinə hər hansı bir təsiri olacaqsa, istehlak qiymətləri indeksinin hər hansı bir dəyişməsi halı müşahidə olacaqsa, pensiya məbləğlərində nəzərə alınacaq və pensiya məbləğlərinin indeksləşdirilməsi yolu ilə bu aradan qaldırılacaq. Bunu jurnalistlərə DSMF sədri Elman Mehdiyev deyib. DSMF sədri bildirib ki, buna görə narahat olmağa əsas yoxdur: "Bilirsiniz ki, sığorta-pensiya sistemi Azərbaycan qanunvericiliyinə uyğun olaraq bir çox fiskal təzyiqlərdən qorunma mexanizminə malikdir. Bunlardan biri də hər il inflyasiya göstəricisinə uyğun olaraq pensiya məbləğlərinin indeksləşdirilməsi prosesidir. Prezident tərəfindən hər il bu barədə qərar qəbul olunur. DSMF isə avtomatlaşdırılmış sistemdə pensiyaların indeksləşdirməsini aparır. Cari ildə də ötən ilin inflyasiya səviyyəsinə uyğun olaraq pensiyaların indeksləşdirilməsi prosesini, eləcə də fərdi hesablarda sığorta kapitallarında indeksləşdirilməni aparmışıq. Bu mexanizm özlüyündə inflyasiyanın səviyyəsindən asılı olmayaraq, eləcə də, istehlak qiymətləri indeksinin dəyişməsindən asılı olmayaraq pensiya məbləğlərinin bazar iqtisadiyyatı şəraitində fiskal təsirlərindən qorunmasını ifadə edir".