“Qarabağımızı düşmən işğalından xilas edəcəyik” Müsahibə

“Qarabağımızı düşmən işğalından xilas edəcəyik”

Doğu Perinçek: "Mübarizənin yeni mərhələsinə daha cəsur və qərarlı şəkildə qədəm qoyuruq"

Bu yaxınlarda həbsdən azad olunmuş Türkiyə İşçi Partiyasının sədri Doğu Perinçekin APA-ya müsahibəsi

- Həbsdə ikən Türkiyə adına çox önəmli bir qələbənin altına imza atdınız. Sizin şikayətinizlə Avropa İnsan Haqları Məhkəməsi İsveçrənin söz və ifadə azadlığını məhdudlaşdırmağa cəhd etdiyinə qərar verdi. Etiraz etmirsinizsə, söhbətimizə bu mövzudan başlayaq.

- Öncə Azərbaycandakı qardaşlarıma, türk millətinin Azərbaycandakı övladlarına sevgilərimi yollayıram. Ürəklərimiz bir, diləklərimiz birdir. İki ayrı dövlətik, ancaq millətimiz təkdir. Avropa İnsan Haqları Məhkəməsindəki qələbəni biz türklər həp bərabər qazandıq. Bu, bir xalq hərəkatının nəticəsidir, ona görə bəsit məhkəmə qərarı kimi baxmamaq lazımdır. Lozanda, Berlində, Parisdə, Londonda, Kiprdə böyük aksiyalar keçirdik və mən o aksiyalarda həmişə Azərbaycan bayrağı gördüm. AİHM-in qərarı sadəcə fikir azadlığının məhdudlaşdırılmasına verilən cəza deyil, bundan da o tərəfə - bunu xüsusilə Azərbaycandakı qardaşlarıma çatdırmaq istəyirəm - qərarda deyilir ki, bu, soyqırım deyil. Yəni 1915-ci ildə ermənilərə qarşı soyqırım törədilməyib və bunun yəhudi soyqırımına bənzəyən bir tərəfi yoxdur. 5 gün əvvəl İsveçrənin ən böyük partiyası olan Xalq Partiyasının bir millət vəkili ölkədə "erməni soyqırımı olmayıb" - deyənlərin cəzalandırılmasını nəzərdə tutan 261-ci maddənin cəza qanunundan çıxarılması üçün təklif verdi. Həmin maddə də ləğv ediləcək, bu da böyük uğurdur. İsveçrə AİHM-ə apellyasiya şikayəti verərkən bir millət vəkili o maddənin ləğv edilməsi üçün Məclisə müraciət etdi. Bu da onu göstərir ki, apellyasiya şikayətinə belə İsveçrədə dəstək yoxdur. Bu, eyni zamanda, onu göstərir ki, biz bundan sonrakı mərhələdə Azərbaycanla daha sıx əməkdaşlıq etməliyik. Mən Bakıya gedəcəyəm, oradan arkadaşları buraya dəvət edəcəyik, artıq bu işləri birlikdə görəcəyik. Tələt Paşa Komitəsini genişləndirəcəyik. Azərbaycandakı komitə Tələt Paşanın adını da daşıya bilər, başqa bir qəhrəmanımızın da. Əslində Tələt Paşa hamımızın böyüyüdür. Əl-ələ, çiyin-çiyinə verərək dünya miqyasında mübarizə aparacağıq. "Erməni soyqırımı" ilə bağlı təxminən 20 ölkənin parlamenti qərarlar qəbul edib, onların hamısını ləğv etdirəcəyik. Qarabağımızı düşmən işğalından xilas edəcəyik. Vətənimizin ərazi bütövlüyünü bərpa edəcəyik. Azərbaycanla Türkiyə arasındakı münasibətləri inkişaf etdirəcəyik. Qərbin təzyiqi ilə Türkiyəni idarə edən Abdullah Gül və Tayyib Ərdoğanın Ermənistanla bağlı atdıqları səhv addımlar var. Biz o addımları Azərbaycandakı qardaşlarımıza qarşı xəyanət kimi görürük. Bir qardaş o biri qardaşa bunu etməz. Ancaq sən o addımları atanları qardaş kimi düşünmə. Türkiyədəki qardaşlarınız və türk milləti o yapılanları düzgün hesab etmir. Ona görə də arxayın olun. Bundan sonrakı dönəmdə Türkiyədə Azərbaycana sadiq, vəfalı, oradakı qardaşlarımızla qol-qola girən bir hökumətimiz olacaq. Onda işlərimiz daha gözəl irəliləyəcək. Bu baxımdan hörmətli İlham Əliyevə çox böyük dəyər veririk. Çox yaxşı bir liderdir. Mərhum Heydər Əliyevdən gələn bir ənənə üzərində yetişib: vətəninə bağlı, xalqına bağlıdır, başını dik tutur, Azərbaycanın müstəqilliyi məsələsində çox qərarlı mövqe nümayiş etdirir. Hörmətli prezidentimiz İlham Əliyevə sizin vasitənizlə salam, sayğı və sevgilər göndərirəm. Mən gələcəyə baxıram, "erməni soyqırımı" adı altında bizə edilən hücumu geri püskürtdük, bundan sonra mübarizəmiz daha qərarlı şəkildə davam edəcək. Bundan sonrakı mərhələdə bölgənin 5 ölkəsi - Türkiyə, Azərbaycan, İraq, Suriya və İran arasındakı əlaqələri dərinləşdirməliyik. Azərbaycan türklərinin önəmli qismi İranda yaşayır, Suriyada və İraqda türklər var. Ona görə də bizim "5 ölkə, 5 dəniz" dediyimiz bu layihədə Azərbaycanın üzərinə böyük vəzifələr düşəcək. Qarabağımızı işğaldan xilas edəcəyik, bölgəmizdəki farsları, ərəbləri və kürdləri də öz tərəfimizə çəkərək iqtisadi və siyasi cəhətdən daha güclü olacağıq.

- 22 yanvar 2006-da yaranan Tələt Paşa Komitəsi qısa müddətdə Avropadakı türklərin qüvvələrini birləşdirdi, ancaq həmin ilin avqustunda Avropa Parlamenti Türkiyə hökumətinə məktub yazaraq komitənin ləğv edilməsini istədi. Sonrakı mərhələdə isə başda siz olmaqla, komitənin bir çox idarəçisi uzun müddət həbsdə qaldı. Sizcə, AP niyə Türkiyə hökumətinə müraciət etdi, hökumət niyə komitəni ləğv etməyə çalışdı?

- Baxın, əgər "Ergenekon" adı verilən prosesin ittihamnaməsini oxusanız, orada "erməni soyqırımı" böhtanlarına qarşı apardığımız mübarizənin bizə qarşı "suç ünsürü" kimi yazıldığını görəcəksiniz. Mehmet Perinçek bu məsələylə bağlı elmi araşdırmalar apardığına görə həbs edildi. İstanbul Universitetinin keçmiş rektoru Kamal Aləmdaroğlu da Tələt Paşa komitəsindəki fəaliyyətinə görə tutuldu. Turan Özlü, Ərkan Önsel də həmçinin. Bu, haradan gəlir? Bir türk bunu yapmaz. Bu, ABŞ-dan gəlir. "Erməni soyqırımı beynəlxalq yalandır" - şüarıyla aparılan mübarizə onları çox qorxutdu. Ona görə Avropa Parlamenti Türkiyə hökumətinə müraciət etdi ki, Tələt Paşa komitəsini dağıdın. "Ergenekon" və "Balyoz" əməliyyatlarının düyməsinə ABŞ tərəfindən basıldı, Avropa da dəstək verdi. Bu, əcnəbilərin əməliyyatıdır. Ancaq türk milləti ayağa qalxaraq Silivriyə gəldi və əməliyyatı puça çıxardı. Ona görə təkidlə deyirəm ki, bundan sonrakı mərhələdə Azərbaycanla Türkiyənin çiyin-çiyinə verməsi lazımdır. Əmin olun, onda Qarabağı qəti şəkildə azad edəcəyik. Qarabağ işğal ediləndə Karsda diviziya komandiri olmuş bir general indi bizim partiyanın sədr müavinidir. Ondan soruşmuşdum ki, ermənilər Qarabağı işğal edəndə bizim bir diviziyamız Ermənistan sərhədinin sıfır nöqtəsinə qədər getsəydi, nə olardı? Dedi ki, ermənilər dərhal Qarabağdan geri çəkilərdi. Əslində sərhədin sıfır nöqtəsinə qədər getməyə də gərək yox idi, biz tanklarımızın, hərbi maşınlarımızın üzünü Ermənistana tərəf çevirib mühərriklərini işlətsəydik, bu, ermənilərə bəs edəcəkdi. Biz sərhəd bölgəsindən Qarabağı dərhal tərk etmələri üçün Ermənistana ultimatum versəydik, onlar orada qala bilməzdilər. Komandandan soruşmuşdum ki, onda Rusiya nə edərdi? Demişdi ki, Rusiya heç bir şey edə bilməzdi. Bəs niyə bunun qarşısını almadıq? Bəs niyə heç bir şey etmədiniz? ABŞ icazə vermədi. Biz hökumətə bununla bağlı təklifimizi vermişdik, ancaq hökumət ABŞ-dan qorxduğuna görə bu işə müşahidəçi qaldı. Ona görə, bir daha deyirəm ki, Türkiyə ilə Azərbaycan bir yerdə çox böyük qüvvədir. Biz qüvvələrimizi birləşdirdikcə bölgəyə sülh və əmin-amanlıq gələcək. Çünki türklərin birliyi irqçi birlik deyil.

- 8 il əvvəl bizə verdiyiniz müsahibədə demişdiniz ki, ermənilərin ağlı olsa, Qarabağı mümkün qədər tez tərk edərlər, çünki əvvəl-axır biz onları oradan çıxaracağıq...

- Çıxaracağıq, görəcəksiniz. O işğalın davam etməsinə qəti şəkildə imkan verməyəcəyik. Azərbaycanın ərazi bütövlüyü təmin ediləcək. Bu məsələdə Rusiyanı da lazımi nöqtəyə gətirəcəyik. Çünki işğalın davam etməsi Rusiyanın da mənafeyinə uyğun deyil. Türkiyədə Rusiya ilə dost bir hökumət olan kimi onların da Ermənistan və Qarabağ siyasəti dəyişəcək. Bunu Mustafa Kamal Paşa çox ustalıqla etmişdi. Ermənistan yazıq bir ölkə vəziyyətindədir. Bir neçə milyon insanı qalıb, iqtisadi problemləri hülquma gəlib, ora-buranı işğal edəcək gücü də yoxdur. Ermənilərin öz ölkəsi var, onlar sağa-sola hücum etməsinlər. Biz Qarabağın ermənilər tərəfindən işğalını qəbul edə bilmərik, Rusiyanı da o nöqtəyə gətirəcəyimizi görəcəksiniz. Hörmətli Əliyevin bu məsələylə bağlı siyasəti son dərəcə ağıllıdır, onun Rusiya ilə bağlı siyasəti də çox doğrudur. Türkiyədə milli hökuməti quran kimi bu işlərin də önü açılacaq.

- Avropa İnsan Haqları Məhkəməsinin qərarı Türkiyə hökumətini sizə dəstək verməyə sövq edə bilərmi? Mübarizənizin bundan sonrakı mərhələsində yeni həbs dalğaları gəlməz ki?..

- İsveçrənin AİHM-ə apellyasiya şikayəti verməsindən sonra Türkiyə Xarici İşlər Nazirliyi buna qarşı mübarizə aparacağını bəyan etdi. Nazirlik bizimlə əlaqə yaradıb birlikdə hərəkət edəcəyini deyir, biz də buna məmnun oluruq. Gələcəkdə Türkiyə hökumətinin də bu məsələdə bizimlə birlikdə olacağını ümid edirik, bununla bağlı təşəbbüslər var.

- Hər il 24 aprel ərəfəsində ABŞ prezidenti ənənəvi mesajında "soyqırım" deməsin deyə Türkiyə dəridən-qabıqdan çıxır. Keçən il Türkiyə parlamentində təmsil edilən BDP-nin həmsədri Səlahəddin Dəmirtaş 24 apreldə bəyanat verərək "Tarixin ən böyük soyqırımını türklərin ermənilərə yapdığını" iddia etdi, ermənilərdən üzr istənib təzminat verilməsini tələb etdi. Nə XİN, nə də parlament Dəmirtaşın o bəyanatına heç bir reaksiya vermədi. Bunu necə dəyərləndirirsiniz?

- "Kürd açılımı" məsələsi də amerikan layihəsidir. Kürd separatizmi ilə erməni terrorçuluğu həmişə əl-ələ olub. Kürd bölücüləri ilə erməni terrorçuları 40 ildən bəri sıx əməkdaşlıq edirlər. Türkiyəni bölmək istəyən və türk düşməni olan PKK-nın (bəhs etdiyiniz BDP-nin) təmsilçilərinin bu cür bəyanatlar verməsi onların baxımından normal şeydir. Amma burada əcaib olan durum hökumətin və Məclisdəki digər partiyaların buna səssiz qalmalarıdır. Atlantik qüvvələri Türkiyəni bölməyi planlaşdırmışdılar, ancaq buna müvəffəq olmadılar. Ən önəmli şeyi indi deyirəm: artıq Türkiyəni parçalaya bilməzlər. Bölgə ölkələrini parçalama planına qarşı Suriyanın göstərdiyi müqavimət Türkiyənin bölünməməsinə önəmli dərəcədə dəstək olub. Bölgə ölkələrinin hamısı o plana qarşı sağlam şəkildə müqavimət göstərdilər: İran, Azərbaycan, İraq, Suriya hamısı dik şəkildə ayaqda durdular. Mən Şimali İraqdakı kürd bölgəsinə "Bərzanistan" deyirəm, oradan Şərqi Aralıq dənizinə tərəf "kürd koridoru" açmaq istəyirdilər, onda Diyarbakırı qorumaq çətinləşəcəkdi və bizim kürdlərimizi də Şimali İraqa bağlama meyli başlayacaqdı. Ancaq Suriya aslanlar kimi müqavimət göstərib hamımızı xilas etdi. Bundan sonra bölgədəki proseslər birlik içərisində cərəyan edəcək.

- Tələt Paşa Komitəsinin 18 yanvarda keçirilən iclasında komitəyə yeni koordinator seçilməsi məsələsi də müzakirə edilmişdi. Bundan sonra da koordinator siz olacaqsınız?

- Yox. Bu günlərdə başqa bir arkadaşı seçəcəyik. Komitənin bundan sonrakı birinci işi Azərbaycana gedib orada təşkilatlanmaq və bundan sonra Azərbaycanla birlikdə fəaliyyət göstərməkdir. Yaxın gələcəkdə azərbaycanlı qardaşlarımızın qapılarını döyəcəyik.

- Nə vaxta planlaşdırırsınız?

- 30 martdakı seçkidən sonra 24 aprellə bağlı işlərimiz olacaq, bunları yola verək, ondan sonra gedəcəyik. AİHM-in qərarı əks tərəfi darmadağın etdi, ona görə indi təşəbbüs bizdədir. Mübarizəmizin bundan sonrakı mərhələsinə daha cəsur və qərarlı şəkildə qədəm qoyuruq. Hər yerdə azərbaycanlı qardaşlarımızla birlikdə mübarizə aparacağıq. Türk millətinin Azərbaycandakı övladlarının hamısını bağrıma basıram.