“Bakıda işlərim yaxşı gedəcək” Müsahibə

“Bakıda işlərim yaxşı gedəcək”

Kinqa Kasprjak: "...Azərbaycanda bunun öhdəsindən gələrəm"

Azəryol" klubunun polşalı voleybolçusu Kinqa Kasprjak vətənində müsahibə verib. Apasport.az saytının məlumatına görə, 28 yaşlı təcrübəli hücumçu Bakı klubunu seçməsinə aydınlıq gətirib, zədədən sonra əvvəlki formasını yığacağına inam ifadə edib.
- Siz yeni mövsümdə "Azəryol"da oynayacaqsız. Artıq müqavilənin rəsmiləşdiyini demək olarmı?
- Bəli, artıq mən "Azəryol"un oyunçusuyam. Bir müddət idi zədəmin müalicəsi ilə məşğul olurdum. Artıq işimin başına qayıtmağımın vaxtı çatıb. Yenidən meydanda həyəcanlı dəqiqələr yaşamaq istəyirəm.
- Zədənizi tam sağaltmısızmı?
- Hələ də dizimdə cüzi ağrılar var. Bunun getməsi üçün bir müddət vaxt lazım olacaq. Həkimin dediklərinə əsasən təxminən 2 ildən sonra bütün ağrılar tam gedəcək.
- Yenə legioner həyatı yaşamağa qərar verdiz. Çin və Türkiyədən sonra bu dəfə Azərbaycanı seçdiz. Bu istəyiniz nə ilə bağlıdı?
- Hər liqanın özünə xas xüsusiyyətləri var və başqalarından fərqlənir. İtaliya çempionatı Çin və Polşadan tamamilə fərqlidi. Lakin bunun Azərbaycan liqası ilə nə dərəcədə fərqli olduğunu deməkdə çətinlik çəkirəm. Özümdə belə bir fikir formalaşdırmışam ki, əgər ölkə xaricində oynamaq şansı yaranıbsa, bundan faydalanmaq lazımdı. Çünki bu, böyük təcrübə qazandıracaq. Dünyanın ən yaxşı voleybolçuları ilə eyni komandada oynayıb, elə həmin səviyyədə olan ulduzlara qarşı çıxış etmək inkişaf üçün fürsətdi. Bu həm böyük macara, həm də nəsə öyrənməyə imkan verir. Bu üzdən seçimim irəli getməyimə hesablanıb. Məsələn, mən Çində səbirli və sakit olmağı öyrənmişəm. Azərbaycanda necə olacağını bilmirəm. Amma ümid edirəm ki, bu səfərdən də çox şey əldə edəcəm.

- Ciddi zədədən sonra meydana qayıdırsız. Azərbaycanda hədəfiniz nə olacaq?
- İlk növbədə mövsümü uğurlu səviyyədə keçirmək istəyirəm. Klubumun hədəfləri isə həm daxili arenada, həm də avrokubokda yaxşı çıxış etməkdi. Yeni komandam daim yüksək yerlərə iddialıdı. Biz də mümkün qədər qalib gəlməliyik.

- Azərbaycan kifayət qədər uzaq ölkədi. Orada yaşamağınız ailəniz və yaxınlarınızla əlaqələrinizə çətinlik yaratmayacaq ki?
- Nəzəri cəhətdən belə olacağını bilirəm. Amma heç vaxt necə olacağı barədə əvvəldən düşünmürəm. Yaxşı ümid edib, sonra məyus olmaqdansa, sürprizlə qarşılaşmağa üstünlük verirəm. Yaxşı başa düşürəm ki, evdən uzaqda oynamaq çətindi. Amma Çin qədər uzaq ölkədə çıxış edəcəyimə inanmıram. Asiya ölkəsində belə çətinliyə dözmüşəmsə, Azərbaycanda bunun öhdəsindən gələrəm. Bu mənim üçün problem deyil. Həmişə yanıma gəlib, məni ziyarət edən insanlar olub.

- Sizdən öncə də Azərbaycan çempionatında polşalı voleybolçular çıxış edib. Onlardan hər hansı bir məsləhət almısızmı?
- Kimin nə vaxt Azərbaycanda oynadığını yaxşı bilirəm. Lakin bu haqda onlarla söhbət etməmişəm. Oradakı təşkilatçılıq barədə yalnız müsbət fikirlər eşitmişəm. Azərbaycanda hər şeyin canlı şahidi olacam. Komandada yeganə legioner mən deyiləm. Burada alman Marin Apitz, amerikalı Stefani Niemer kimi oyunçular da çıxış edəcək. Əminəm ki, Bakıda işlərim yaxşı gedəcək.