“Anti-Azərbaycan qüvvələri qərarın ləğv edilməsinə çalışırlar” Müsahibə

“Anti-Azərbaycan qüvvələri qərarın ləğv edilməsinə çalışırlar”

Elxan Süleymanov: "AŞPA-nın seçkiləri müşahidə etməsi tək Azərbaycan üçün deyil, AŞPA-nın özü üçün də çox önəmlidir"

Sentyabrın 21-22-də AŞPA seçkiqabağı missiyası Azərbaycanda səfərdə olub, parlamentdə təmsil olunan və olunmayan siyasi partiyalar, insan hüquqları müdafiəçiləri, QHT-lər, vətəndaş cəmiyyəti fəalları və KİV nümayəndələri ilə görüşlər keçirib.
Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü, millət vəkili Elxan Süleymanov AŞPA seçkiqabağı missiyasının səfəri ilə bağlı APA-ya müsahibə verib.

– AŞPA-nın seçkiqabağı missiyası öz səfərini başa çatdırdı. Missiyanın nəticələri ilə bağlı fikirlərinizi bilmək istərdik.

– Bildiyiniz kimi, Azərbaycan Avropa Şurasına üzv olarkən hər iki tərəf öz üzərinə müəyyən öhdəliklər götürüb. Avropa Şurasının üzərinə götürdüyü öhdəliklərdən biri də seçkilərin müşahidəsinin aparılması ilə bağlıdır. Beləliklə, AŞPAnümayəndə heyəti tərəfindən Azərbaycanda keçiriləcək seçkilərin müşahidə edilməsi bu qurumun öhdəliklərinin tərkib hissəsidir. Odur ki, AŞPA-nın seçkiqabağı missiyasının seçkiqabağı prosesi və 1 noyabr 2015-ci ildə keçiriləcək parlament seçkilərinə hazırlıqları qiymətləndirmək məqsədilə 21-22 sentyabrda Bakıya səfər etmələri təqdir olunmalıdır. Onu da qeyd etməliyəm ki, 1 noyabr parlament seçkilərində seçki müşahidə missiyasının həyata keçirilməsi vacibdir Belə ki, Prosedur Qaydalarına əsasən monitorinq prosesində olan istənilən üzv ölkədə belə müşahidə missiyasının keçirilməsi məcburidir. Odur ki, seçkiqabağı missiyanın ölkəmizə səfər etməsi, müxtəlif görüşlər keçirməsi, seçkilərə hazırlıqla bağlı məlumatlar əldə etməsi müsbət dəyərləndirilməlidir.

– Avropa Parlamenti parlament seçkilərini müşahidə etməyəcək. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu da seçkiləri müşahidə etməkdən imtina etdi. Deyə bilərsinizmi, nə baş verir?

– Çox vacib sualdır. Bir müddətdir ki, aparıcı güc mərkəzlərində və beynəlxalq təşkilatlarda anti-Azərbaycan isterikası hədsiz dərəcədə güclənib və müəyyən qüvvələr seçkilərdən öz məkrli məqsədləri üçün istifadə edərək Azərbaycanı beynəlxalq aləmdən təcrid etməyə çalışırlar. Həmin qüvvələr Avropa Parlamentində seçkiləri müşahidə etməmək barədə qərarın qəbul edilməsinə nail oldular. Anti-Azərbaycan qüvvələrin planlarına əsasən AP-nin qəbul etdiyi bu qərar seçkilərlə bağlı Azərbaycanın təcrid edilmə kampaniyasına start verməli idi. Təəssüflər olsun ki, DTİHB də sentyabr ayında müxtəlif bəhanələrlə seçkiləri müşahidə etməkdən imtina etdi. Onu da qeyd etməliyəm ki, Azərbaycan tərəfi seçkiləri müşahidə etməklə bağlı DTİHB-yə dəvət göndərmişdi. DTİHB-də seçkiləri müşahidə etməkdən imtina qərarı qəbul edilərkən anti-Azərbaycan qüvvələri bütün beynəlxalq təşkilatların oxşar qərarlar verəcəyinə ümid edirdi. Odur ki, DTİHB-də bu qərarının qəbul edilməsi ölkəmizi Avropa cəmiyyətindən təcrid olunmasına əmin olmaq üçün təşkil edilib.
Biz anti-Azərbaycan qüvvələrinin ölkəmizi təcrid etmə planları və addımları barədə dəfələrlə KİV vasitəsilə ölkə ictimaiyyətini məlumatlandırmışıq. Odur ki, bu məsələ ətrafında geniş dayanmağa ehtiyac yoxdur. Yalnız onu əlavə etmək istərdim ki, AŞPA-da da kifayət qədər güclü mövqeyə malik olan anti-Azərbaycan qüvvələri mövcuddur və bu qüvvələr hər vəchlə AŞPA-nın Azərbaycanda seçkiləri müşahidə etməsinin qarşısını almağa çalışırlar.
Bununla belə, xüsusi vurğulamalıyam ki, Avropa Şurasının Bakı ofisi açıq şəkildə bildirdi ki, 5 il bundan əvvəl keçirilən parlament seçkilərindən sonra irəliləyiş əldə edilib və bu ölkə təcrid oluna bilməz. Avropa Şurasının Bakı nümayəndəliyi seçki müşahidə missiyasını dəstəkləyib.

– Siz 1 noyabr seçkilərində AŞPA müşahidə missiyasının baş tutacağına əminsinizmi?

– Mən faktiki olaraq, yuxarıda bu sualı cavablandırdım. AŞPA-da kifayət qədər güc imkanlarına malik olan anti-Azərbaycan qüvvələri var. Kənardan müxtəlif güc mərkəzlərindən də müdaxilələr istisna olunmamalıdır və ayrı-ayrı deputatlara təzyiqlər edilir. Odur ki, korporativ maraqları müdafiə edən bəzi gizli qüvvələr ölkəmizi Avropadan təcrid etmək və Azərbaycanın beynəlxalq nüfuzuna ziyan vurmaq məqsədi güdərək, bu missiyanın ləğv edilməsinə çalışırlar. Yəqin ki, bu günlərdə məsələyə tam aydınlıq gətiriləcək.
Bir daha xatırlatmaq istəyirəm ki, Azərbaycanda seçkiləri müşahidə ilə bağlı qərar AŞPA-nın iyun sessiyasında qəbul edilib, nümayəndə heyəti formalaşdırılıb. Büronun 31 avqust iclasında bir daha baxılıb. Lakin hər dəfə anti-Azərbaycan qüvvələri bu məsələni müxtəlif bəhanələrlə yenidən müzakirəyə çıxarıb, əvvəlcədən qəbul edilmiş qərarın ləğv edilməsinə çalışırlar. Bu məsələdə baş katib Savitskinin də xüsusi rolu var.
Hesab edirəm ki, AŞPA-da seçkilərin müşahidəsi ətrafında aparılan təkrar "müzakirələr" ölkəmizə qarşı ayrı-seçkilikdir və ikili standartlıq siyasətinin təzahürüdür. Yuxarıda qeyd etdiyim kimi, AŞPA-nın seçkiləri müşahidə ilə bağlı öhdəliyi var. Bundan əlavə, Azərbaycan AŞPA-nın monitorinqi altında olan üzv ölkədir. Prosedur qaydalarına əsasən monitorinq altında olan üzv ölkələrdə seçkilərin müşahidəsinin aparılması zəruridir. AŞPA-nın Azərbaycanda keçiriləcək seçkiləri müşahidə etməsi tək bizim ölkəmiz üçün deyil, eyni zamanda AŞPA-nın özü üçün çox önəmlidir. Bu, AŞPA-nın üzv dövlətlə yaxşı, qarşılıqlı anlayış əsasında əlaqələr qurmasını sübut edəcək. Bu, eyni zamanda sübut edəcək ki, AŞPA Azərbaycanla təşkilati səviyyədə açıq, konstruktiv dialoq aparılmasının həqiqi dəstəkçisidir. Fikrimcə, AŞPA seçki müşahidə missiyasının 1 noyabrda Azərbaycana gəlməsi mühüm əhəmiyyət kəsb edəcək. Onların iştirakı qiymətləndirməsindən daha çox vacibdir. Bu isə həmin günlərdə onu göstərəcək ki, onlar digər beynəlxalq təşkilatların mənfi təsiri altına düşməyiblər. Bu, daha yaxşı, əsl gələcəyə inamın və ümidin işarəsi olacaq.