“Mənim komandama psixoloq lazım deyil” Müsahibə

“Mənim komandama psixoloq lazım deyil”

Qurban Qurbanov: "Komanda düşündüyüm kimi oynasa, 1 yox, 3 xal da qazana bilər"


"Çox sürətli və istəkli komandaya qarşı oynayacağıq. Yeni qurulmuş komandadı. Amma "Anderlext" həmişə öz transferlərinə görə çoxlarından üstün olub". Apasport.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
Ölkəmizi Avropa Liqasında təmsil edən Ağdam klubu qrup mərhələsinin ikinci turu çərçivəsində oktyabrın 1-də "Anderlext"lə qarşılaşacaq. Oyundan öncə mətbuat konfransı keçirən Qurbanov ənənəvi olaraq, ehtiyatlı danışıb: "Rəqibin heyətində ustalıq səviyyəsi yüksək olan oyunçular çoxdu. Bu vaxta qədər "Anderlext"in bir neçə üzvü iddialı klublara keçib. Diqqətli olmalıyıq. Hələ o vaxt demişdim ki, bu cür komandaların Bakıya gəlməsi futbolumuzun inkişafı üçün təkandı. Hər bir oyunçumuz dərk edir ki, sabah istəkli, sürətli oynamalıyıq. İnanıram ki, futbolçularım bunu bacaracaq. Nəticə üçün əlimizdən gələni edəcəyik".



- Çumbinyo sabahkı görüşdə iştirak edəcəkmi?

- Xeyr, hazır deyil. Ola bilsin, növbəti matçlarda ondan istifadə edək.



- Sabah Avrokubokda yubiley oyununuza çıxacaqsız...

- Oyun sayının önəmi yoxdu. Biz bütün görüşlərdə, əsas da Bakıda yaxşı nəticə əldə etmək istəyirik. İnanıram ki, futbolçularım istəkli oynayıb, əllərindən gələni edəcəklər. Bizə psixoloji hazırlıq da çox lazım olacaq. İstərdim ki, oyunu qələbə ilə başa vuraq. Amma rəqibin də gücünü dəyərləndirməliyik.



- Komandada əhval-ruhiyyə necədi? Futbolçular arasında gərginliyin olduğu haqda xəbərlər yayılıb...

- Əhval-ruhiyyə yaxşıdı. O cür xəbərlər hardan çıxıb, bilmirəm. Amma şükürlər olsun ki, komandada hər şey yaxşıdı. Futbolçular arasında insidentin baş verməsini nə mən görmüşəm, yəqin ki, nə də siz eşitmisiz. Belə şeylər mənə çatmır.



- Siz də dərk edirsiniz ki, ikinci məğlubiyyət qrupdan çıxmaq arzumuzu ürəyimizdə qoyacaq. Sabah risk edib, meydana 2 hücumçu buraxacaqsızmı? Bir də komandada psixoloji hazırlıqla bağlı iş gedirmi?

- Psixoloq barədə mənə çox sual verilib. Mənim komandama psixoloq lazım deyil. Çünki özüm futbolçularla tez-tez söhbət edirəm. Bu, tam başqa sahədi. Həm futbolçular mənə inanır, həm də mən onlara. Biz "Tottenhem"ə 1 qol vurandan sonra üçünü buraxdıqsa, "Mançester Siti" qol vurduqdan sonra 4-nü buraxdı. Burda psixoloji problemdən söhbət gedə bilməz. Normaldı ki, hər qol vuran komandanı rəqib məcbur edir ki, müdafiəyə çəkilsin. Sabah heç bir psixoloji gərginlik olmayacaq. Futbolçularıma inanıram. Qələbə üçün əllərindən gələni edəcəklər. Mən nadir hallarda 2 hücumçu meydana buraxıram. Amma bəzən 3-4 hücumçu da oynadıram. Cinah oyunçularından bu gün başqa oyun tələb edilir. Sabah mən Reynaldonu sol və ya sağ cinaha qoysam, siz ona yarımmüdafiəçi kimi yox, hücumçu kimi baxacaqsız. Sabah yeri gələndə 3 hücumçu da görə bilərsiz, hücumda oynayan 6 futbolçu da. Biz hücumda ola-ola müdafiə olunmağı bacarmalıyıq. Eyni zamanda, müdafiədə oynayanda özümüzü hücumdakı kimi hiss edirik.



- Sabah heç-heçə qeydə alınsa, bunu uğurlu nəticə sayacaqsız?

- Mən göstərdiyimiz oyuna daha çox dəyər verirəm. Əgər komanda mən düşündüyüm kimi oynasa, 1 yox, 3 xal da qazana bilər.



- "Anderlext"in heyətində daha çox kimi fərqləndirərdiz?

- Rəqibin istedadlı oyunçuları var. Çox istəkli və sürətlidilər. Okakanı xüsusi qeyd edərdim. İnsayd hücumçuları sürətlidi. Mərkəz müdafiəçiləri ucaboydular, standart vəziyyətlərdə təhlükəlidilər. Hər xətdə yaxşı seleksiya işləri aparıblar. Sağ müdafiəçiləri həm hücumda, həm müdafiədə oynayır, meydanın hər yerində görünür. Belə komandaya qarşı oynamaq bizim üçün daha maraqlı olacaq.