“Erməni lobbisinin bir əsrlik təbliğatının qarşısında durmağa çalışırdıq” Müsahibə

“Erməni lobbisinin bir əsrlik təbliğatının qarşısında durmağa çalışırdıq”

Tale Heydərov: " Xaricdə toplanılmış bilik və təcrübənin öz ölkəmizə sərf edilməsi vacibdir"


Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) sədri Tale Heydərovun APA-ya müsahibəsini təqdim edirik.

- Avropa Azərbaycan Cəmiyyəti on illiyini qeyd edir. Bu illər ərzində hansı nailiyyətlər olub və keçdiyiniz yola baxanda hansı mənzərənin şahidi olursunuz?
- Avropa Azərbaycan Cəmiyyətinin keçdiyi on illik yol, bir tərəfdən baxanda, bizə uzun dövr kimi görünür. Digər tərəfdən, bu illərin nə qədər tez gəlib keçdiyinin fərqindəyik. Sizə deyim ki, çox maraqlı, məhsuldar illər keçib, Avropa Azərbaycan Cəmiyyəti bu illər ərzində çoxsahəli fəaliyyət göstərib. Biz indi cəmiyyətin on illiyini qeyd edirik və fəaliyyət tariximizi 2006-cı ildən etibarən hesablayırıq. Amma prosesə 2006-cı ildən əvvəl başlanılıb. Mən 2003-cü ildə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinə (London School of Economics and Political Sciences - LSE) daxil olanda, maraqlı mənzərə ilə rastlaşdım. Məktəbdə müxtəlif ölkələrin cəmiyyətləri fəaliyyət göstərirdi, onların arasında bizimlə qonşu olan ölkələr də vardı. Azərbaycanla bağlı isə belə bir cəmiyyət yox idi. O vaxt həmin universitetdə mənimlə birgə beş azərbaycanlı təhsil alırdı. Qərara gəldik ki, universitetin tərkibində belə bir cəmiyyət qurmalıyıq. Səbəb isə sadə idi: bizdən soruşanda ki, haradan gəlmisiniz, nəinki Azərbaycanın harada yerləşdiyini bilmirdilər, hətta bəzən Azərbaycanın adını tələffüz etməyi bacarmırdılar. Əlbəttə, bu bizim üçün ağrılı mənzərə idi. Çünki hər bir insan istəyər ki, ölkəsi haqqında xaricdə məlumatlı olsunlar. Xatırladım ki, söhbət London kimi kosmopolit şəhərdən gedirdi və əlbəttə, bu bizim üçün xoş deyildi. Məqsəd Azərbaycanı tanıtmaq, ən ağrılı problemimiz olan Qarabağ problemi haqqında doğru, obyektiv məlumatların çatdırılması idi. 2004-cü ildə cəmiyyət quruldu. Təvazökarlıqdan uzaq olsa da, deyim ki, yeni yaranan cəmiyyətlər arasında bəlkə də ən aktivi bizim cəmiyyət idi. Baxmayaraq ki, biz təhsil alırdıq, bununla bərabər, hər ay tədbirlər keçirirdik. Məsələn, Qarabağla bağlı tədbirlər keçirmişdik, bu tədbirlərdə İngiltərənin siyasi qurumlarının, elm adamlarının, müəllimlərin, tələbələrin iştirakı başlanmışdı. Cəmiyyətimiz artıq bu yöndə fəaliyyət göstərən ciddi quruma çevrilmişdi. Eyni zamanda görürdük ki, ölkəmizin təbliği ilə bağlı kifayət qədər material yoxdur. Kitablarda ya səhvlər çox idi, ya da kitabın tərtibatında problemlər var idi. Bizim cəmiyyətin ətrafında toplaşmış tələbələr vətənpərvər, savadlı gənclər idi. Ona görə də qərara gəldik ki, Azərbaycanla bağlı bir nəşr hazırlayaq. Bu da mənim təhsil aldığım sonuncu ilə - 2006-cı ilə təsadüf edirdi. Beləliklə, biz "Visions of Azerbaijan" jurnalının nəşrinə başladıq. Təhsilimi başa vurduğum üçün cəmiyyətin fəaliyyətini mən davam etdirə bilməzdim. Çünki həmin cəmiyyət universitetin tərkibində idi. London Azərbaycan Cəmiyyətinin qurulmasına qərar verdik. Bir müddət sonra bizim fəaliyyətimiz Londonun sərhədlərini aşdı, İngiltərənin digər şəhərlərinə yol tapdıq, nəşrlərimiz digər Avropa ölkələrinə yayılmağa başladı. Ona görə də cəmiyyətimizi Avropa Azərbaycan Cəmiyyəti adlandırdıq.
Onu da qeyd edim ki, bu illər ərzində həmişə Azərbaycan prezidenti İlham Əliyevin diqqətini hiss etmişik. Cənab prezidentin məni "Tərəqqi" medalı ilə təltif etməsi də bizim cəmiyyətin fəaliyyətinə verilən qiymətdir. Fürsətdən istifadə edib, bir daha prezident İlham Əliyevə TEAS-a göstərdiyi diqqətə görə təşəkkür edirəm.
- Qarabağ problemi ilə bağlı təbliğat işləri aparanda hansı çətinliklərlə üzləşirdiniz ki, artıq o mərhələ geridə qalıb?
- Sizə bir statistika demək istəyirəm. Avropa Azərbaycan Cəmiyyətini quranda Britaniya Parlamentində sorğu keçirdik ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi haqqında neçə deputatın məlumatı var. Göstərici səhv etmirəmsə, 50 faizdən aşağı idi. Təsəvvür edin, işi sırf siyasət olan qurumun üzvləri bu problem haqqında kifayət qədər məlumata malik deyildisə, deməli, ümumən cəmiyyətin məlumatlılığı daha az olmalı idi. İlk çətinliyimiz bu idi, yəni Qarabağ problemi haqqında məlumatı olanların sayı az idi. Eyni zamanda insanlarda belə bir səhv təəssürat yaranmışdı: bu regionda "erməni soyqırımı" olub, ermənilər təcavüzə məruz qalan, türklər və azərbaycanlılar isə təcavüz edən tərəfdir. Ona görə də biz deyəndə ki, ermənilər Azərbaycana qarşı təcavüzkar siyasət yürüdüb, istər-istəməz insanlarda çaşqınlıq yaranırdı. Xarici tələbələr özləri də etiraf edirdilər ki, onlara indiyə qədər azərbaycanlıların ermənilərə qarşı təcavüzkarlıq etdiyi bildirilib.
- Yəni təbliğat maşını əleyhimizə işləyib...
- Bəli. Erməni lobbisinin bir əsr boyu gördüyü işin qarşısında durmağa çalışırdıq. Bu, bizim üçün çox çətin idi. On illərlə fəaliyyət göstərən erməni lobbisi işini görmüşdü. Bəzən bizim tədbirlərə ermənilər də gəlib aqressiv münasibət göstərir, onu pozmağa çalışırdılar. İctimaiyyət görürdü ki, biz məsələlərə tutarlı faktlarla yanaşırıq, ermənilər isə arqumentlərə əsaslanmırdılar. İki il öncə Britaniya Parlamentində yenidən sorğu keçirdik və məlum oldu ki, artıq deputatların 85 faizdən çoxu Dağlıq Qarabağ problemi barədə məlumatlıdır. Bu prosesdə TEAS tərəfindən Böyük Britaniya parlamentində Bütün Partiyalar üzrə Azərbaycanla Dostluq Qrupunun fəaliyyətinin yenidən təşkilinin və parlament nümayəndə heyətlərinin Azərbaycana mütəmadi səfərlərinin həyata keçirilməsinin mühüm rolu oldu. Bu fəaliyyət nəticəsində bizimlə əməkdaşlıq edən Britaniya təşkilatları Avropa Azərbaycan Cəmiyyətini ciddi tərəfdaş kimi qəbul etdilər.
- Həyata keçirdiyiniz tədbirlərin, o cümlədən Dağlıq Qarabağprobleminin xarici mediada işıqlandırılması üçün hansı işlər görülür?
- Bu sahədə həqiqətən vacib layihələr həyata keçirilib. On il ərzində Avropanın çoxlu sayda nüfuzlu media təmsilçilərinin Azərbaycana səfərinin təşkilinə dəstək vermişik. Həmin səfərlərdə jurnalistlər cəbhə xəttində olublar, qaçqın və məcburi köçkünlərlə görüşüblər. Daha sonra bizim cəmiyyət konflikt bölgələrindən fotoreportajları ilə məşhur olan ingiltərəli jurnalist Ed Kaşeni Azərbaycana dəvət etdi. O, qaçqın düşərgələrində çəkiliş apardı, biz onun sərgilərini Avropanın müxtəlif şəhərlərində təşkil etdik. Onun özünün fanatları var və bu yolla biz Qarabağ məsələsinə diqqət çəkdik. Həmçinin, Filip Rasmer adlı alman fotojurnalistin də eyni məzmunlu səfərini təşkil edib, sərgilərini keçirdik. Ən böyük layihələrdən biri litvalı kinorejissor, prodüser Andryus Brokasın Qarabağ problemi, konkret olaraq, Xocalı faciəsi haqqında çəkdiyi "Sonsuz dəhliz" sənədli filminin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsu ilə həyata keçirilən "Xocalıya ədalət" kampaniyası çərçivəsində beynəlxalq tanıtımı və yayımı olub. Filmdə nəinki Azərbaycan tərəfi, həm də erməni tərəfi də göstərilib. Erməni separatçılarının Qarabağda, Xocalıda törətdiyi cinayət haqqında onlar açıq şəkildə danışırlar. Faktiki olaraq, Xocalı hadisəsində bilavasitə məsuliyyət daşıyan tərəf kimi onlar filmdə ifşa olunurlar. Bu film "Ən yaxşı sənədli film" və "Ən yaxşı film direktoru" kimi nominasiyalar üzrə nüfuzlu beynəlxalq mükafatlar qazanıb. Film Türkiyənin "Kanal 24", "CNN Türk", "TRT", İsrailin "Kanal 1", Albaniyanın milli televiziyası, "Eurochannel" telekanalında və Avropanın paytaxt şəhərləri və siyasi mərkəzlərində nümayiş olundu. Ümumiyyətlə, Avropa Azərbaycan Cəmiyyəti "Xocalıya ədalət" kampaniyası çərçivəsində hər il Avropanın 30-dan çox şəhərində tədbirlər keçirir. Kampaniya çərçivəsində xarici müəlliflərlə birgə, Britaniyanın nüfuzlu Ithaca Press nəşriyyatında ingilis dilində "Müharibə cinayətinin Xocalı şahidi: Ermənistan müttəhim kürsüsündə" kitabı nəşr olunub. Faciə haqqında Qərbdə ilk dəfə nəşr olunan bu kitab Leyla Əliyevanın ön sözü ilə rus, fransız və türk dillərində çap edilib. Bundan başqa, biz ölkəmizin mədəniyyətinin, tarixinin tanıdılması üçün filmlər də çəkmişik. Məsələn, "Azərbaycan xaricilərin gözü ilə" filmi var ki, vaxtilə Azərbaycanda çalışan siyasi xadimlər, jurnalistlər və ümumiyyətlə, xarici vətəndaşlar Azərbaycan haqqında təəssüratlarını bölüşüblər. Bundan başqa, II Dünya müharibəsindən sonra gənc azərbaycanlı döyüşçü ilə ailə qurub Azərbaycana gələn və burada yaşayan İvonna Botto adlı fransız xanım haqqında film də çox maraqlıdır. Həmçinin, Azərbaycan muğamından bəhs edən və xarici auditoriya üçün nəzərdə tutulan "Qədim musiqi və gənc səslər" adlı sənədli film də çəkilib. Xocalı faciəsi zamanı Azərbaycanda olan və bu bəşəri cinayətin şahidi olmuş fransız fotojurnalisti Frederik Lenqiaiqnenin vaxtilə çəkdiyi fotoların nümayişini müxtəlif şəhərlərdə həyata keçirdik və bunun əsasında kitab da çap etdik. Bu işləri gördükcə, vaxtilə Azərbaycanla əlaqəsi olan, sonralar münasibətləri kəsilən jurnalistlər bizə yaxınlaşırlar. Yeri gəlmişkən, qeyd etmək istəyirəm ki, TEAS Azərbaycanın investisiya imkanları, mühiti və iqtisadi islahatlar barədə Avropada davamlı olaraq Biznes forumlar və təqdimatlar təşkil edir. Mən xüsusilə London, Paris, Amsterdam və Brüsseldə keçirilən biznes forumları qeyd etmək istəyirəm. Biz Azərbaycanda aparılan islahatların ən gözəl nümunələrindən biri kimi ASAN xidmətin London, Paris və Brüsseldə parlamentlərdə və müvafiq təşkilatlarda təqdimatlarını təşkil edirik. Bu tədbirlər beynəlxalq media tərəfindən də işıqlandırılıb. Biz Azərbaycanda keçirilən tədbirlərin xaricdə işıqlandırılması ilə bağlı da kampaniyalar aparırıq. Məsələn, Bakıda keçirilən Birinci Avropa Oyunlarının xaricdə təqdimatı istiqamətində aktiv işlər görmüşük, öz töhfəmizi vermişik.
- "Visions of Azerbaijan" jurnalının yayımı necə təşkil olunub? Jurnalın əhatə etdiyi sahələrin genişlənməsini nəzərdə tutursunuzmu?
- Bu on il ərzində jurnalda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağmünaqişəsinin həllində ölkəmizin mövqeyi, Azərbaycan ədəbiyyatı, tarixi, mədəniyyəti, etnoqrafiyası, ekologiyası, mətbəxi və s. rubrikalar üzrə minədək müxtəlif məqalə çap edilib. Bu materialların əsasında yaradılan sayt Azərbaycan haqqında ən böyük ingilisdilli resurslardan biri hesab edilir. Jurnalın nüfuzunun əsas göstəricilərindən biri də onun dünyanın məşhur kitabxanalarının fondlarına və kataloqlarına daxil edilməsidir. Fərəhli haldır ki, jurnalın ətrafında həm yerli, həm də əcnəbilərdən ibarət nüfuzlu müəlliflər kollektivi toplanmışdır, onların sayı və tərkibi ildən-ilə genişlənir. İndiyə qədər jurnalın 50-dək sayı çap olunub və ümumi tiraj 250 mindən çoxdur. Jurnalın digər dillərdə çap olunmasını da planlaşdırırıq. Məsələn, türk dilində çapını nəzərdə tuturuq. "Visions of Azerbaijan" jurnalı fəaliyyətini daha da təkmilləşdirməkdədir. Jurnalın "Visions TV" formatda digital proqramda yayımı planlaşdırılır. Eyni zamanda jurnalın uşaqlar üçün versiyası üzərində işləyirik.
- Avropa Azərbaycan Cəmiyyəti diaspor təşkilatları ilə işini necə koordinasiya edir?
- TEAS Azərbaycan mədəniyyətinin, tarixinin tanıdılmasına öz töhfəsini verən bir təşkilatdır. Biz əlbəttə, diasporumuzla sıx əlaqə saxlayırıq, müxtəlif layihələrimizə diaspor nümayəndələrinin də qatılmasını alqışlayırıq. Biz Avropanın ayrı-ayrı hökumətlərinə ünvanlanmış petisiyalar təşkil edirik və diasporu bu aksiyaya qoşulmağa çağırırıq. Məsələn, bir neçə il əvvəl Ermənistan tərəfindən qeyri-qanuni olaraq Xocalıda aeroportun açılması məsələsi qalxmışdı. Biz Azərbaycanın haqlı mövqeyini müdafiə edən kampaniyaya başladıq. Kampaniya nəticəsində onlarla avropalı deputat açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatlarla çıxış etdilər, aeroportun açılmasına çox sərt etiraz bildirdilər. Digər tərəfdən özünü qondarma Dağlıq Qarabağ Respublikasının rəhbəri hesab edən şəxsin İngiltərəyə səfəri olmalı idi. Biz buna diasporun fəal şəkildə iştirakı ilə etiraz piketi ilə münasibətimizi ifadə etdik və bu səfəri təşkil edən "Chatham house"a - Kral Beynəlxalq Münasibətlər İnstitutuna açıq məktub ünvanladıq. "Chatham house"dan bizə bildirdilər ki, belə bir münasibəti gözləmirdik və bizə heç zaman belə bir sərt reaksiya verilməyib. Çünki "Chatham house" müstəqil təşkilat kimi qəbul olunur.
- İstərdim, rəhbərlik etdiyiniz cəmiyyətin təhsil və elm ilə bağlı həyata keçirdiyi layihələrdən danışaq. İndiyədək hansı proqramlar həyata keçirilib və nəzərdə tutulan layihələr varmı?
- Təhsil bizim cəmiyyətin prioritet istiqamətlərindən biridir. İlk işimiz Avropa Azərbaycan Məktəbinin yaradılması ilə başladı. Dörd il əvvəl bu məktəbi yaratdıq və artıq bir neçə uğurlara imza atılıb. Beynəlxalq Məktəblər Şurasının, Beynəlxalq Məktəblərin Avropa Şurasının və Beynəlxalq Bakalavriat Təşkilatının üzvü olmuşuq. Bunlar öz sahəsinin ən nüfuzlu təşkilatlarıdır. Bu ildən məktəbin ikinci korpusu müəllim və şagirdlərin istifadəsinə verilib, 600-dən çox şagirdimiz var. Məktəbdə Azərbaycan dili ilə bərabər, ingilis dilinin mükəmməl tədrisi təmin edilir. Şagirdlərimizin gələcək həyatlarında da onlarla sıx əməkdaşlıq etməyi missiyamız kimi qəbul etmişik. Təhsillə bağlı layihələrimizin tərkib hissəsi olaraq, gələcəkdə uşaq bağçalarının açılacağını deyə bilərəm. Bilirsiniz ki, Azərbaycanda bağça qıtlığı yaşanır. Məqsədimiz yüksək səviyyəli, beynəlxalq standartlara uyğun bağçaların açılmasıdır. Qeyd etmək istərdim ki, bizim məktəblər özəl olmasına baxmayaraq, istedadlı uşaqları təhsil haqqından azad edir. Sumqayıtda 60-dan çox yeniyetməyə ödənişsiz olaraq universitetə hazırlıq kursları keçirik. Onlar imkansız ailələrdən olan uşaqlardır, amma xüsusi bacarığa, savada malikdirlər. Bundan başqa, Müəllim İnkişaf Mərkəzini yaratmışıq. Məqsədimiz yeni metodlarla beynəlxalq səviyyədə müəllimlərin hazırlanmasıdır. TEAS tərəfindən Kembric Beynəlxalq İmtahan mərkəzi, Oxford Universiteti Nəşriyyatı ilə birgə Bakıda Avropa Dillərinin Tədrisi Mərkəzi yaradılıb. Azərbaycanda xarici dilləri ən yüksək standartlarla tədris ediləcək bu mərkəzdə aprel ayından ilk dərslər başlanacaq. Biz, həmçinin, Azərbaycanşünaslıq Araşdırmalar Mərkəzini təsis etmişik. Bu, Azərbaycan elmini, tarixini araşdıran mərkəz missiyasını daşıyır. Eyni zamanda, dünyanın müxtəlif arxivləri ilə işlər aparmışıq. Bunun nəticəsində mühüm nəşrlər ərsəyə gətirmişik. Misal olaraq, "Qafqazda "erməni məsələsi". Rusiya arxiv sənədləri və nəşrləri əsasında" adlı 3 cildliyi göstərə bilərəm. Bu kitablarda ilk dəfə olaraq aşkar olunmuş və elmi dövriyyəyə gətirilmiş sənədlər var. Bu kitab ermənilərin Azərbaycan torpaqlarına məqsədyönlü şəkildə necə yerləşdirilməsindən bəhs edir. Kitabı oxuyanlar özləri üçün yeni faktlar kəşf edir. Erməni əsilli amerikan tarixçisi Bournoutian bu kitab haqqında məqaləsində yazmışdır ki, o artıq Azərbaycanın təbliğat işində Ermənistana qalib gəldiyini göstərir. Bundan başqa, Qarabağla bağlı xarici dillərdə 20-dən artıq kitablarımız nəşr olunub.
- "Dərs evi" kursları da təhsil layihələrinin tərkib hissəsidir...
- Bəli. Bu kursların özəlliyi ondan ibarətdir ki, kursu tədris edən şəxslər universitetləri yüksək balla bitirmiş tələbələrin özləridir. Bu fəaliyyət uğurlu şəkildə başlayıb. Biz digər şəhərlərdə bu kursun filiallarının açmağı düşünürük.
- "TEAS Press" Nəşriyyat evinin fəaliyyəti haqqında nə deyə bilərsiniz?
- "TEAS Press" Nəşriyyat evi Azərbaycanda kitab nəşri işinə töhfə vermək və mütaliəyə marağı daha da artırmaq arzumuzdan yaranıb. 2014-cü ildə yaradılmış "TEAS Press" Nəşriyyat evi bu günədək Azərbaycanda elmin müxtəlif sahələrinə, tariximizə, ədəbiyyatımıza, mədəniyyətimizə aid oxucular tərəfindən rəğbətlə qarşılanan onlarla kitab çap edib. Onun fəaliyyət coğrafiyası genişlənib, "TEAS Press"in Türkiyə bölməsi yaradılıb. "TEAS Press"in uşaq və gənclər ədəbiyyatı nəşri üzrə ixtisaslaşmış "Üç alma" adlı xüsusi bölməsi 100-dən çox kitab çap edib.
- Avropa Azərbaycan Cəmiyyəti xaricdə təhsil alan gənclərə də dəstək verir. Bəzən belə fikirlər səslənir ki, xaricdə təhsil alan tələbələr ölkəyə qayıdıb inkişafa dəstək olmalıdırlar. Bəzən də bunun əksi olan fikirləri eşidirik: onların bir hissəsinin təhsil aldığı ölkədə qalmasına ehtiyac var ki, Azərbaycanın tanıdılması istiqamətində işlər aparsınlar. Bu barədə Sizin də fikrinizi öyrənmək maraqlı olar...
- Bu mövzu haqqında birmənalı fikir demək çətindir. Əvvəla, imkan olan təqdirdə xaricdə təhsil almaq yaxşı olar. Mən orta məktəb illərimin çoxunu Azərbaycanda keçirmişəm və Azərbaycan mədəniyyətini, tarixini, ədəbiyyatını da buradakı məktəbdə öyrənmişəm. Bunun üçün xoşbəxtəm. Amma müəyyən mərhələdən və yaşdan sonra elmə daha yüksək səviyyədə yiyələnmək, başqa ölkələrin də təcrübəsini öyrənmək üçün xaricdə təhsil yaxşı bir stimuldur. Çünki ən azından, o şəxslər həmin təhsildə olan yenilikləri görməklə, onu Azərbaycana gətirə bilərlər. Biz müsbət nə varsa öyrənməliyik. Bu gün dünyada inkişaf etmiş və edən ölkələr vaxtilə bu mərhələni keçiblər. Onlar vaxtilə xaricə öz tələbələrini göndəriblər və tələbələr öz ölkələrinə həmin təhsil modelini, öyrəndiklərini gətirib tətbiq ediblər və nəticədə inkişafa nail olunub. Bəzən Azərbaycanda öz təhsil modelimizi qurmaqla bağlı müzakirələr gedir. Əslində, hətta qəbul olunmuş nümunələr də ayrı-ayrı modellərin qarışığıdır. O ki qaldı xaricdə təhsildən sonra Azərbaycana qayıdıb-qayıtmamaq məsələsinə, mənim fikrimcə, oxuyandan sonra xaricdə bir neçə illik iş təcrübəsi çox yaxşı olar. İş təcrübəsinə yiyələnmək əlavə üstünlükdür. Amma mən xaricdə təhsil alıb, iş təcrübəsinə yiyələnmiş şəxslərin əksərən Azərbaycana qayıtmasının, bilik və bacarıqlarını ölkənin inkişafına sərf etməsinin tərəfdarıyam. Bəlkə də bir hissəsinin orda qalıb işləməsi qeyd etdiyiniz kimi Azərbaycanın təbliği baxımından məqbul ola bilər. Mən böyük çoxluğun ölkəyə qayıtmasını, imkanlarını bura sırf etməsinin tərəfdarıyam. "Bu gün Azərbaycanda savadlı kadr üçün yer yoxdur",- deyə bilən adam ola bilməz. Onlar üçün hər yerdə iş var, çünki onlara ehtiyac hiss olunur. Hətta bir yox, bir neçə iş var. Onlar bəzən seçim qarşısında qalırlar ki, hansı işi seçsinlər. Ona görə də xaricdə toplanılmış bilik və təcrübənin öz ölkəmizə sərf edilməsi vacibdir.
- Azərbaycan ədəbiyyatının və mədəniyyətinin həm ölkə daxilində, həm də xaricdə təbliği istiqamətində planlarınız varmı?
- Əslində "TEAS Press" nəşriyyat evinin əsas məqsədlərindən biri də budur. Nəşriyyat tərəfindən Azərbaycan yazıçılarının seçilmiş əsərləri rus və ingilis dillərində nəşrə hazırlanıb. Bu il "TEAS Press" tərəfindən Azərbaycan tarixinə dair Ziya Bünyadovun, Çapay Sultanovun əsərləri ingilis dilində, tədqiqatçı jurnalist Claudine Le Tourneurin əsəri fransız dilində nəşr olunacaq. Azərbaycanda kitaba, oxumağa diqqətin artırılmasına ehtiyac var. Mən bunu konkret kiminsə problemi kimi deyil, cəmiyyətin problemi kimi qiymətləndirirəm. Bunun səbəbləri müxtəlifdir. Amma qəbul etməliyik ki, istənilən sahədə inkişaf etmək istəyiriksə, bir qrup insanın təhsili ilə inkişaf ola bilməz. Cəmiyyət, ümumiyyətlə, təhsilə, oxumağa can atmalıdır. Bizdə təəssüf ki, bir sıra hallarda bu məsələyə yanaşmada fərq var. Hesab edilir ki, oxumaq yalnız məktəb və universitet illərində olur, ondan sonra ehtiyac yoxdur. Əslində, bəlkə də məktəbdən, universitetdən sonra oxumağa daha çox ehtiyac var. Hazırda dünyada ömür boyu öyrənmək konsepsiyası geniş yayılıb. Bu gün ictimai yerlərdə insanların əlində nadir hallarda kitab görmək mümkündür. Kiminsə əlində kitab görəndə isə, bu qəribə hal təsiri bağışlayır. Təbii ki, bu yaxşı hal deyil. Burada hər hansı təşkilatın təbliğatı ilə iş bitməyəcək. Oxumaqla bağlı böyük bir kampaniya başlamalıdır və buna hər kəs qoşulmalıdır. Biz bu işə töhfə vermək məqsədi ilə Azərbaycanda kitab mağazaları açmaq istəyirik. Yaxın vaxtlarda bizim həm Bakıda, həm də digər şəhərlərdə kitab mağazaları şəbəkəmizi görəcəksiniz. Bu işdə medianın da rolu böyükdür. Təəssüflə demək istəyirəm ki, Azərbaycan telekanallarının bu istiqamətdəki maarifləndirməsi zəifdir. Bununla bağlı çoxlu tənqidlər var, amma təəssüf ki, reallıq dəyişmir. Vaxtilə, mənim daha gənc yaşlarımda ədəbiyyatla, teatrla, ümumiyyətlə, aktual mövzularla bağlı çoxlu verilişlər, teletamaşalar var idi. İndi vəziyyət başqadır, keyfiyyətli uşaq proqramlarına az təsadüf edilir. Əgər Azərbaycan mediası maarifləndirmə işinə töhfə verməsə, bu istiqamətdə daha effektli fəaliyyət göstərməsə, işimiz çətin ola bilər. Medianın cəmiyyəti mütaliəyə, kitaba təşviq edən kampaniyalara başlaması çox zəruridir. İnkişafın həm fərdi, həm də kütləvi şəkildə əsas yolu budur. Bunun qısa və alternativ yolu yoxdur.