Tramp dönəmində Latın Amerikası – yeni geosiyasi realıqlar
7 Yanvar 23:52

AZƏRTAC bu gün poeziyanın və ədəbi gecələrin nə dərəcədə populyar olması mövzusunda müasir şairlərlə söhbətini davam etdirir. Bu dəfə şair Eldar Cəngirbəyov bu barədə fikirlərini bölüşüb.
Müasir dövrdə poeziya tədbirlərinə maraq səviyyəsindən danışan müsahibimiz bu sahənin artıq formalaşmış və sabit auditoriyasının olduğunu bildirib.
“Son 5–7 il haqqında danışa bilərəm, çünki məhz bu dövrdə bu cür tədbirlərin həm fəal iştirakçısı, həm də təşkilatçısı olmuşam. İlk poeziya gecəsində iştirak edərkən 18 yaşımda idim. Bu, şairə İrana Qasımovanın poeziya gecəsi idi. İlk tədbirimi isə 19 yaşımda təşkil etdim. Əminliklə deyə bilərəm ki, poeziya gecələrinin həm sayı, həm də miqyası artmaqdadır. Yeni layihələr meydana çıxır və bu layihələr yeni tamaşaçıları cəlb edir. Ən vacib məqam isə ondan ibarətdir ki, bu tədbirlərin daimi auditoriyası var. Təşkil etdiyim gecələrə əsasən deyə bilərəm ki, iştirakçıların 30–40 faizi daimi qonaqlardır. Poeziya gecələrində heç bir yaş məhdudiyyəti yoxdur. Mənim tədbirlərimdə iştirakçıların yaşı 12-dən 75-ə qədər dəyişir. Mən bunu poeziya gecələrinin əsas üstünlüyü hesab edirəm. Burada vacib mövzular qaldırılır və müxtəlif nəsillərə mənsub insanların bu mövzuları birlikdə müzakirə etməsi onların bir-birini daha yaxşı anlamasına şərait yaradır. İnsanlar bir-birinə daha da yaxınlaşır, görünməz sədlər aradan qalxır”, – deyə şair bildirib.

Onun sözlərinə görə, “açıq mikrofon” formatında keçirilən tədbirlər gənclərin düşüncə səviyyəsini aydın şəkildə nümayiş etdirir: “Gənclər yazır və səslərinin eşidilməsini istəyirlər. Sosial şəbəkələrdə hər şey barədə hamı ilə paylaşım etmək asandır, lakin orada diqqətdən kənarda qalmaq da çox asandır. Poeziya gecələri isə yaradıcılığını bölüşmək, dəstək və rəy almaq üçün təhlükəsiz mühit yaradır. Tədbirin formatını hər bir şair və təşkilatçı özü müəyyənləşdirir. Mən öz gecələrimdə ünsiyyətə və birgə müzakirələrə xüsusi yer verirəm. Dostlarım, şairlər İlmira Odinayeva və Maksim Lebedev ilə birgə keçirilən poeziya gecələri də olub. Bu cür duetlər tədbirlərin atmosferini daha geniş və rəngarəng edir”.
E. Cəngirbəyov əmindir ki, Azərbaycan milli poeziyasını beynəlxalq səviyyədə tanıtmaq üçün sosial şəbəkələrlə daha fəal şəkildə məşğul olmaq lazımdır.

“Bu, dünyanın istənilən nöqtəsindən auditoriya cəlb etmək üçün əla üsuldur. Ölkə daxilində daha çox tədbir təşkil etmək lazımdır. Eyni zamanda ölkədən kənara çıxmaqdan və onlayn formatı sınamaqdan qorxmamalıyıq. Mən bir neçə poeziya gecəsini onlayn formatda təşkil etmişəm və onlar da heç də az maraq daşımırdı..
Həmçinin hesab edirəm ki, bir-birimizi daha çox dəstəkləməli və istiqamətləndirməliyik. Rəy, tövsiyə və tənqidlə bölüşmək lazımdır. Bu yolla daha böyük miqyas əldə etmək olar. Yaradıcılıq məsələsində dəstək çox vacibdir.
Ən əsası isə çox işləmək lazımdır. Şair yalnız praktika sayəsində peşəkar olur. İş təkcə yazmaqdan ibarət deyil, həm də deklamasiya, öyrənmə və dinləmədir. Bu halda sənət öz tamaşaçısını tapır”, – deyə şair fikirlərini yekunlaşdırıb.