“Rusiyanın iqtisadiyyatı inkişaf etmir” Müsahibə

“Rusiyanın iqtisadiyyatı inkişaf etmir”

Niyaz Niyazov: "Hakimiyyət xalqın narazılığını "xarici düşmənə" qarşı yönəldib"
"Azərbaycan əhalisinin böyük əksəriyyəti öz Vətənlərinin müstəqilliyini qorumağa hazırdır"

Sankt-Peterburq Dövlət Universitetinin beynəlxalq əlaqalər fakültəsinin dosenti, tarix elmləri namizədi, hərbi-siyasi analitik Niyaz Niyazovun BayMedia-ya müsahibəsini oxucularımıza təqdim edirik

- Sizcə, Rusiya Ukraynadan geri çəkiləcəkmi?

- Buna ümid çox azdır. İş orasındadı ki Rusiyanın indiki siyasi və hərbi rəhbərliyi tam əmindir ki Ukraynada baş verən Yanukoviçə qarşı üsyan xalqın yox, Qərbin əliylə həyata keçirilən oyundur. Və bunun qarşılığında heç bir fakt və ya arqument onlara inandırıcı kimi qəbul olunmur.
Həm də aydındır ki, Ukraynasız Gümrük İttifaqının gələcəyi çox dumanlı və qaranlıqdır. Bundan əlavə sirr deyil ki, son bir neçə il ərzində Rusiyanın iqtisadiyyatı demək olar ki inkişaf etmir və dinamika yoxdur. Buna görə də əhali arasında narazılıq artırdı. "Maydan" söhbəti ortaya gələndən, hakimiyyət bu narazılığı "xarici düşmənə" qarşı yönəldib.
- Bəzən belə fikir eşidirik ki, Rusiya keçmiş SSRİ-ni bərpa etməyə çalışır. Tarixin təkərini tərsinə qaytarmaq mümkündürmü?
- Tarixin təkərini tərsinə qaytarmaq mümkün deyil, bu necə deyərlər elmi faktır və bundan qaçmaq olmaz. Ancaq başa düşmək lazımdır ki, Rusiya keçmiş Sovet İttifaqını yox, yeni bir birlik yaratmaq istəyir. Bu birliyin məqsədi və ideologiyası SSRİ-nin ideologiyasından tam ayrıdır. İndi Moskva istəyir ki, keçmiş sovet məkanı onun iqtisadiyyatının istehsal etdiyi malları, keyfiyətindən asılı olmayaraq, külli miqdarda istehlak etsin. Bu ən əsas məqsəddir və buna nail olmağa çalışırlar. Bundan əlavə Rusiya arzulayır ki, onun xarici və daxili siyasətini dünya səviyəsində post-sovet ölkələri həmişə dəstəkləsinlər. Və bu ölkələr öz xarici və daxili siyasətlərini, Moskvaya sərf edən kimi aparsınlar. Əvəzində isə, Moskva bu ölkələrə onların real problemlərinin həllində kömək etməyə söz vermir, söz verir ki bu ölkələr özlərini deyilən kimi aparsalar, ola bilsin ki, bəlkə Rusiya onların müstəqilliklərinə toxunmadı.
- Rusiya Qərbin təzyiqləri qarşısında davam gətirə biləcəkmi?
- Hər şey bu təziqin səviyyəsindən və intensivliyindən asılıdır. Aydındır ABŞ Rusiyaya qarşı sanksiyaların dərinləşdirilməsinin tarafdarıdır. Avropa ölkələri ənənəvi olaraq, sanksiyalara qoşulmazdan əvvəl çox götür-qoy edirlər, amma gec-tez onlar da təziyiqi artırırlar. Onu da xatırladım ki, qərb soyuq müharibəni bu yolla qazandı və Sovetlər Birliyini sıradan çıxartmağa nail oldu.
Bu gün ABŞ-ın və ümumilikdə qərbin Rusiyadan siyasi, hərbi və texnoloji üstünlüyü qat-qat çoxdur. Bu səbəbdən Rusiya-Qərb qarşıdurmasının nəticəsi əvvəldən bəllidir.
- Rusiya Ukraynaya qarşı tətbiq etdiyi ssenarini Azərbaycana qarşı tətbiq edə bilərmi?
- Belə ssenarinin Azərbaycana qarşı tətbiq edilməsinin imkanını tam inkar etmək qətiyyən olmaz. Bəli, belə addımların Azərbaycana qarşı atılması mümkündür. Bunun əsas səbəbi mənim nöqtəyi nəzərimdən, Azərbaycan cəmiyətinin bəzi üzvlərinin Rusiya haqqında olan əfsanəvi təsəvvürünün yaranmasıdır. Belə insanlar düşünürlər ki, indiki Rusiya köhnə SSRİ-nin analoqudur. Orda hər şey çox inkişaf edib, hamının pulu çoxdur və insanların imkanları genişdir.
Amma mən inanıram ki, Azərbaycan əhalisinin böyük əksəriyyəti öz Vətənlərinin müstəqilliyini qorumağa hazırdır. Bundan əlavə, Ukraynadan fərqli olaraq Azərbaycanın siyasi rəhbərliyi ordunun, daxili qoşunlarının və milli təhlükəsizlik orqanlarına inkişafina çox diqqət verir. Əlavə olaraq, Azərbaycanın Türkiyə kimi müttəfiqi var. Bu səbəbdən də Azərbaycanın özünün çox çətinliklə və böyük qurbanlarla əldə etdiyi müstəqilliyini qoruyub saxlayacağına əminəm.
- Baş verən hadisələrin Qarabağ məsələsinə nə kimi təsiri olacaq?
- Birinci növbədə Azərbaycan dövləti öz ordusunu və iqtisadiyatını daha da gücləndirmək xəttini davam etdirəcək. İkincisi, Azərbaycan çalışacaq ki, Türkiyə və s. müttəffiqləri ilə əlaqalərin daha da gücləndirsin və əlaqələr genişləndirilsin. Çünki son hadisələrdən sonra ortaya çıxan nəticə odur ki, Qarabağ məsələsini sülh yolu ilə həll etmək şansı olduqca azalıb.

Elnur Eltürk