“Doğu Akdeniz Universitetinin diplomları dünyanın hər ölkəsində tanınır” Müsahibə

“Doğu Akdeniz Universitetinin diplomları dünyanın hər ölkəsində tanınır”

Vüqar Sultanzadə: "Azərbaycan vətəndaşı olan tələbələrə 50% endirim edilir"

Şimali Kipr Türk Respublikasındakı Doğu Akdeniz Universitetinin professoru həmyerlimiz Vüqar Sultanzadənin müsahbibəsini oxucularımıza təqdim edirik

- Vüqar müəllim, vətənə xoş gəldiniz.
- Xoş gördük, sağ olun.
- Azərbaycana gəlişinizin məqsədi nədir?
- 18-19 aprel tarixlərində Bakıda "Hilton" otelində keçirilən Beynəlxalq Təhsil Sərgisində iştirak etmək və müəllim olaraq işlədiyim Doğu Akdeniz Universitetini təmsil etmək üçün gəldim.
- Doğu Akdeniz Universitetində nə zamandan etibarən işləyirsiniz?
- 2000-ci il fevral ayından.
- Universitetiniz haqqında məlumat ala bilərikmi?
- Doğu Akdeniz Universiteti Şimali Kiprin 1979-cu ildə qurulan ilk və ən böyük universitetidir. Burada 11 fakultə, 5 yüksək okul, bir də Xarici Dillər və İngiliscə Hazırlıq məktəbi var. Doğu Akdeniz Universiteti Beynəlxalq Universitetlər Birliyi, Avropa Universitetlər Birliyi, Aralıq Dənizi Universitetlər İttifaqı və İslam Ölkələri Universitetlər Federasiyasının tam üzvüdür. Bir çox fakultə və bölümümüzün beynəlxalq akreditasiyası vardır. Universitetdə dünyanın 98 ölkəsindən iki minə yaxın tələbə təhsil almaqda və 35 ölkədən min yüz müəllim dərs verməkdədir. Tədris dili ingiliscə və bəzi bölümlərdə türkcədir. Doğu Akdeniz Universitetinin diplomları Azərbaycan daxil olmaq üzrə, dünyanın demək olar ki, hər ölkəsində tanınır. Universitetin kampusu öz böyüklüyü, yaşıllığı, idman təsislərinin və tələbələrə yönəlik özəl amaclı mərkəzlərin çoxluğu, yataqxanalarının rahatlığı ilə fərqlənir. Doğu Akdeniz Universiteti iki diplom alma və başqa universitetlərlə tələbə mübadiləsində iştirak etmə fürsəti də var.
- Doğu Akdeniz Universitetinin Azərbaycanla əlaqələri necədir? Azərbaycan gəncləri daha çox hansı sahələrə maraq göstərirlər?
- Son illər Azərbaycandan Doğu Akdeniz Universitetinə oxumağa orta hesabla hər il yüzə yaxın tələbə gəlir. Gənclərimiz daha çox iqtisadiyyat, turizm və mühəndislik sahələrini seçirlər. Universitetin beş bölümündə azərbaycanlı müəllimlər işləyir. Bunların arasında dekan və bölüm başkanları olanlar da vardır. Mən özüm Türkcənin Tədrisi Bölümündə çalışıram.
Azərbaycanın milli günləri universitetdə böyük coşqu ilə qeyd edilir, çox zaman dövlət və sənət xadimləri də dəvət edilir. Ayrıca, universitetin rəhbərliyi və müəllimləri müxtəlif tədbirlərdə iştirak etmək üçün mütəmadi olaraq Azərbaycana səfər edirlər.
- Doğu Akdeniz Universitetində tələbələr üçün ödənişdə güzəştlər varmı?
- Əlbəttə. Azərbaycan vətəndaşı olan tələbələrin hamısı 50% endirimdən faydalanır. Azərbaycanda TQDK qəbul imtahanlarından 600-dən çox bal toplayanlar isə ödəniş haqqından tamam azaddılar. Yaxşı oxuyanların, idmançıların ayrıca təqaüd alma imkanı olur.
- Kipr adasının tətil üçün gözəl bir yer olduğunu bilirik. Doğu Akdeniz Universitetində tələbə olmayanlar üçün yay kursları açılırmı?
- Bəli. Həm dərs görüb dil sertifikatı almaq, həm də dincəlmək istəyənlər üçün olduqca uyğun şərtlərlə yay kursları təşkil edilir. Bu il iyun ayından sentyabr ayına qədər belə kurslara qatılmaq olar.