İsa Kapayevi tanıyırıqmı? Ədəbiyyat

İsa Kapayevi tanıyırıqmı?

Tanınmış noğay yazıçısı, şairi, mütərcimi, tədqiqatçısı, publisisti İsa Suyun ulı Kapayev 16 iyun 1949-cu ildə Stavropol ölkəsinin Erkin Yurd (indiki Erkin Xalq) aulunda məşhur şair Suyun Kapayevin ailəsində dünyaya göz açıb. 1974-cü ildə Moskvada nəşr olunan "Yunost" jurnalında "Ocağa inam" hekayəsi ilə debüt edib və həmin hekayəyə görə bu nəşrin mükafatına layiq görülüb. Bundan sonra İsa Kapayev ardıcıl olaraq "Drujba narodov", "Znamya", "Don" və digər jurnallarda maraqlı əsərlərlə çıxış edib. 1975-ci ildə Moskvadakı Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. İsa Kapayevin indiyə qədər noğay və rus dillərində 31 müxtəlif adlı və mövzulu kitabları işıq üzü görüb, əsərlərinin xeyli hissəsi "Sovremennik", "Sovetski pisatel", "Sovetskaya Rossiya", "Molodaya qvardiya", "Qolos-Press" və s. kimi Rusiya nəşriyyatlarında çap olunub. Qeyd etdiklərimizdən başqa İ.Kapayevin kitabları və ayrı-ayrı əsərləri Qazaxıstan, Türkiyə, Bolqarıstan, Ukrayna, Polşa və digər ölkələrdə də yayılıb. Yazıçının "Sıntaslı haqqında dastan" kitabı Qazaxıstanda qazax dilində iki dəfə oxuculara təqdim olunub.
İsa Kapayev 1978-ci ildə N.Ostrovski adına Ümumittifaq ədəbi müsabiqəsinin qaliblərindən biri olub, 1998-ci ildə o, U.Əliyev adına Beynəlxalq mükafata layiq görülüb, 2008-ci ildə isə Qaraçay-Çərkəz Respublikası Prezdentinin mükafatçısı olub. Qeyd etməyə ehtiyac var ki, bu noğay yazıçısının tarixi essesi "Ölümsüz ölüm" (Stavropol, 2004) Rusiya və Qazaxıstanda bir neçə dəfə işıq üzü görüb, kitabın Qazaxıstan nəşri "Ölümsüz səhra" (Astana, "Audarma", 2008) adı altında oxuculara catdırılıb.
1991-1996-cı illərdə İsa Kapayev "Qıpçaq Ayı"adlı ədəbi-publisistik jurnalın baş redaktoru kimi fəaliyyət göstərib. Həmin jurnalın elə ilk sayında məşhur noğay epik nəğməsi "Ediğe" rus tərcüməsində çap olunub ki, bu dastan Sovet hakimiyyəti tərəfindən həmin dövrlərdə nəşr və yayımlanmaq üçün qadağan olunub. Məlumat üçün onu əlavə edim ki, noğayların "Edige" eposu bu xalqın orta əsrlər söz sənətinin nadir incisi hesab olunmaqla, XIX-XX əsrlərdə noğayların kompakt yaşadıqları ərazilərdə M.Osmanov, V.Radlov, İ.Berezin, Ç.Valixanov, A.X.Canıbəyov, S.Cağatay kimi tanınmış türkoloq-alimlər tərəfindən yazıya alınmaqla,geniş oxucu auditoriyasına təqdim edilib. Əsərin bir neçə dəfə nəşr və yayım üçün qadağan olunmasına baxmayaraq, 2016-cı ildə Qaraçay-Çərkəz Humanitar Tədqiqatlar İnstitutunun köməyi və həmin İnstitutun şöbə müdiri Nəsibxan Suyunovanın ümumi redaktəsi altında Moskvanın "Nauka" nəşriyyatında noğay və rus dillərində ictimaiyyətə təqdim olunub. Bir məqamı da əlavə edək ki, "Edige" orijinal şifahi sənət nümunəsi kimi noğaylardan başqa qazax, qırğız, qaraqalpaq, tatar, başqurd və digər türk xalq epik örnəyi kimi bu xalqların yazılı ədəbiyyatının inkişafına mövzu, qəhrəman, obraz və s. baxımından ciddi təsir göstərib. "Ediğe" Azərbaycan dilinə tərcümə edilsə də, onun yenidən interpretasiya olunmasına bu gün də ehtiyac duyulmaqdadır.
Bir məqamı da qeyd edim ki, İsa Kapayev "Qıpçaq Ayı" ədəbi-publisistik jurnalının baş redaktoru olduğu dövrdə noğayların və digər türk xalqlarının tarixinə dair həmin dövrə qədər məlum olmayan çoxsaylı materiallar bu dərgidə oxuculara çatdırılırdı. Beləliklə, bütün bunlar noğaylar və onların "Edige" ilə bağlı ümumi məlumatlar idi.
İndi isə İsa Kapayev yaradıcılığından danışaq. Hazırkı dövrə qədər İsa Kapayevin seçilmiş əsərlərinin dördcildliyi noğay dilində nəşr olunub. Dördcildliyə İsa Kapayevin "Sarayçıkin alovlu qəlbi" tarixi essesi, "Mən qəlbən Səma qurdu olan noğayam" və orta əsrlər noğay yıraularının (jraularının) yaradıcılığı ilə bağlı tədqiqat işləri daxil edilib. Orijinal yaradıcılıqla paralel İsa Kapayev tərcümə ilə də məşğul olmaqdadır. O, "Orxon-Yenisey abidələri"ni müasir noğay dilinə çevirməklə yanaşı, Yusuf Balasağunlunun, Əhməd Yasəvinin, Seyfi Sarayın, Qütbün, Yuğnikinin şeirlərindən xeyli nümunələri noğay dilində səsləndirib və həmin tərcümələr "Noğay poeziyası antologiyası" (Çerkessk, 2013) kitabına daxil edilib. İsa Kapayev yazıçı, şair, publisist, tərcüməçi vənasirliyi ilə yanaşı, həm də noğay və rus leksikologiyası, leksikoqrafiyası, lüğətçilik sahəsində yaxından fəaliyyət göstərən ziyalılardan, dilçi-tədqiqatçılardandır. Bu baxımdan onun müəllifi və tərtibçisi olduğu "Rus-noğay danışıq kitabı" (Stavropol, 2007) maraq doğurmaqdadır. İsa Kapayevin elmi tədqiqatları Moskva, Astana, Astraxan, Mahaçqala və başqa bu kimi elmi mərkəzlərdə çıxan müxtəlif türkoloji dərgilərdə nəşr olunub. Bir şeyi xüsusi olaraq qeyd etmək lazımdır ki, İsa Kapayevin "Mifoloji lüğət təcrübəsi" Noğay mifləri, əfsanələri, inancları" (Moskva, "Qolos-Press", 2012) kitabı oxucular tərəfindən daha böyük hərarətlə qarşılanıb. Tədqiqat işi olaraq kitabın təqdimatı zamanı alimlər İsa Kapayevin bu əsərini noğay mifologiyası ilə bağlı hazırlanmış əsaslı tədqiqat işi kimi təqdir edib və tükologiya elminin inkişafına mühüm töhfə kimi qiymətləndiriblər.
2002-2004-cü illərdə İsa Kapayev Rusiya Federasiyası Prezidentinin Qrantına layiq görülməklə yanaşı, həm də böyük mədəni işlər həyata keçirməkdədir. Belə ki, o, Qaraçay Çərkəz Respublikasının Erkin Xalq aulunda Noğay Xalq Tarix və Mədəniyyət Muzeyini yaradıb. İsa Kapayev "Qaraçay-Çərkəz Respublikasının xalq yazıçısı" fəxri adı ilə yanaşı, Rusiya Federasiyasının Əməkdar mədəniyyət xadimi adını daşımaqla, Qazaxıstan Respublikasının Mədəniyyət xadimi fəxri döş nişanınada layiq görülüb. İsa Kapayevin adı 2006-cı ildə "Rusiyanın ən yaxşı adamları" siyahısına, 2016-cı ildə isə "Müasir Rusiyanın tarixçiləri" Ensiklopedik lüğətinə salınıb. Hazırda İsa Kapayev Moskva şəhərindəki Ümumrussiya Ədəbi Dostluğu Heyətinin üzvüdür.
İsa Kapayev yaradıcılığının ən maraqlı səhifələrindən birini təşkil edən "Tale qılıncı" kitabı 2017-ci ildə Moskvadakı "Qolos-Press" nəşriyyat tərəfindən oxuculara təqdim olunub. Kitab müəllif tərəfindən əlavələr və dəyişikliklərlə zənginləşdirilmiş tarixi tədqiqatdan ibarətdir. Onlardan birincisində esse janrında noğay hökmdarlarından olan tanınmış sərkərdə və dövlət başçısı Edigenin tərcümeyi-halı maraqlı şəkildə ortaya qoyulursa, "Tale qılıncı" tədqiqatında çoxsaylı sənədli materiallar əsasında Kiçik Noğay Ordasındakı dövlət quruluşunun yaranması ilə bağlı söhbət açılır ki, bu dövlət 1550-ci illərdən 1640-cı illərə qədər mövcud olub. Xronologiyaya ciddi riayət etməklə, müəllif burada orta əsrlər noğaylarının Türkiyə, İran və Rusiya kimi dövlətlərlə olan qarşılıqlı əlaqələrini işıqlandırıb. Əsərin maraq doğuran digər bir cəhəti ondan ibarətdir ki, tədqiqatda noğay xalqının dəyərli xalq rəvayətləri, inancları, toponimik adları və tarixi dövlət xadimləri ilə bağlı əlaqələri də buraya daxil edilib.

Nizami Tağısoy
professor