“Hərbiçilərlə yanaşı müəllimlər üçün ayrıca ipoteka proqramı hazırlanmalıdır” Siyasət

“Hərbiçilərlə yanaşı müəllimlər üçün ayrıca ipoteka proqramı hazırlanmalıdır”

Zahid Oruc: "Hazırda orduya yönələn 4 milyarddan artıq vəsaitin 25-27 faizi əmək haqqı fondunu təşkil edir"

"Azərbaycanın hərbi qanunvericiliyində bir sıra məsələlərə yenidən baxılmalıdır". Bunu Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc deyib. O qeyd edib ki, indiki qanunvericilik Azərbaycanda əsasən Rusiya məkanına, MDB sferasına bağlı sənədlərlə daha çox əlaqələndirilib: "Ancaq bu unifikasiyada xeyli itkilərimiz olub. Rusiya federal bir ölkədir. Onun qanunvericilik aktları muxtar respublikaların üzərinə qoyulur, amma həmin məsələlər federal səviyyədə tənzimlənmir. Hərbçi və zabit heyətinin mənzil, məişət məsələləri son illərə qədər çətinliklərlə müşayiət olunurdu. Onlar əsasən tərxis olunan dövrdə müxtəlif bələdiyyə orqanlarının ərazilərində torpaqla təmin olunmaq hüququna malik idilər. Eyni zamanda, mənzil məsələləri xidməti qaydada həll olunurdu. Onların sayı həmin hərbiçilərin ümumi sayı ilə o qədər də uzlaşmırdı və bu öz-özlüyündə problem yaradırdı. Bir çox hallarda zabit ailələri həmin hərbiçilərlə bərabər yaşaya bilmirdi. Digər məsələ həmin zabitlərə əksər hallarda kirayə haqları üçün nəzərdə tutulan vəsaitlərin verilməsi ilə bağlı idi. Bəzən bu bazar konyukturası ilə də uyğunlaşmırdı. Belə olan təqdirdə Rusiya əslində sonradan öz hərbi qanunlarını təkmilləşdirdi. Həmin qanunlarda müxtəlif mənbələrə hərbiçilərin mənzillə təminatı üçün rol oynaya bilməsi hüququ verildi. Məsələn, ianələr, dövlət sferasına qoyulan investisiyalar və s. Burada ipoteka kreditləri də nəzərdə tutulurdu".
Zahid Oruc Azərbaycanda da bu qaydaların tətbiq olunması üçün şəraitin mövcudluğuna diqqət çəkib: "Ölkəmizin bütün imkanları buna yol verir ki, hərbiçilərin mənzil-məişət şəraiti ayrıca bir qanunla tənzimlənsin. Ayrıca bir qanun deyirəm, çünki müxtəlif sənədlərdə bir neçə normativ müddəa işləklik qazana bilmir, praktikada özünü doğrultmur. Buna görə də hərbi sahənin insanları evsiz qalır, ömürlərinin enerjili dövründə 50-55 yaşa qədər çalışırlar. Hətta tərxis olunduğu dövrdən sonra belə yeni işə başlaya bilmədiklərindən problemlə üz-üzə qalırılar. Prezident İlham Əliyevin 20 ildən çox hərbi sahədə çalışanlarla bağlı mühüm fərmanı olub.
Bu, hərbi sahədə qüsursuz xidmət edənlərin mənzillə təminatı məsələsidir. Bu məsələ maliyyə və müdafiə nazirliklərinin birgə siyahıları əsasında reallaşmalıdır. Məndə olan məlumata görə, 380 nəfərə qədər zabit bu yolla mənzillə təmin olunub. Amma nəzərə almaq lazımdır ki, bu sahədə çalışanların ümumi sayı on minlərlədir. Ona görə də hərbi qulluqçulara ipoteka üçün ayrıca qanun olmalıdır".
Onun fikrincə, dövlət bura yönələn vəsaiti ayrıca müəyyənləşdirməlidir: "Hazırda hərbiçilər ipoteka kreditindən yararlanmaq üçün arayış da ala bilmirlər. Məsələ ondan ibarətdir ki, min manatdan yuxarı maaş almadan ailə tərkibindən asılı olaraq 30-35 min manatlıq kredit götürə bilmirsən. Belə olan təqdirdə götürdüyün kreditə hazırkı mənzil bazarı reallığında ev almaq mümkünsüzdür. Prezident İlham Əliyevin dövlət tərəfindən İpoteka Fonduna 200 milyon manat əlavə vəsaitin yönəldilməsilə bağlı göstəriş verməsi təqdirəlayiq haldır".
Deputatın sözlərinə görə, hərbiçilərlə yanaşı müəllimlər üçün ayrıca ipoteka proqramı hazırlanmalıdır: "Hazırda orduya yönələn 4 milyarddan artıq vəsaitin 25-27 faizi əmək haqqı fondunu təşkil edir. Ona görə də hesab edirəm ki, on minlərlə hərbçimizin mənzillə təminatı üçün ayrıca dövlət proqramına ehtiyac var".