Əli Həsənov Azərbaycan hökumətinin Yaponiyaya minnətdarlığını çatdırıb Siyasət

Əli Həsənov  Azərbaycan hökumətinin Yaponiyaya minnətdarlığını çatdırıb

Yaponiyada rəsmi səfərdə olan Azərbaycan nümayəndə heyətinin rəhbəri, baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov Yaponiya xarici işlər nazirinin müavini, hakim Liberal Demokratik Partiyadan parlamentin üzvü Kentaro Sonoura ilə görüşüb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Ə. Həsənov ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirib, göstərilən humanitar yardımlara görə Azərbaycan hökuməti adından minnətdarlığını bildirib.
Yaponiyanın azərbaycanlı qaçqın və məcburi köçkünlərə ayırdığı yardımları yüksək qiymətləndirən Ə. Həsənov "Fuji optical" şirkətinin bu sahədə fəaliyyətini xatırladıb. Baş nazirin müavini bundan sonra da Azərbaycan ilə Yaponiya arasında həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın davam etdirilməsini zəruri sayıb, bunun hər iki ölkə üçün mühüm əhəmiyyətə malik olduğunu qeyd edib. Ə. Həsənov görüşdə Dağlıq Qarabağ münaqişəsi, 1 milyondan artıq qaçqın və məcburi köçkünlər barədə məlumat verib. Yaponiyanın münaqişə ilə bağlı ədalətli mövqeyinə görə minnətdarlığını çatdıran Ə. Həsənov bundan sonra da yapon tərəfinin Azərbaycanın haqq işini dəstəkləyəcəyinə əmin olduğunu söyləyib. Azərbaycan ilə Yaponiya arasında siyasi və iqtisadi əlaqələrin yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdıran baş nazirin müavini gələcəkdə münasibətlərin daha da yaxınlaşması istiqamətində addımlar atılacağını bildirib.
Ölkələr arasında əməkdaşlığın son illər sürətlə inkişaf etdiyini bildirən K. Sonoura isə Yaponiyanın qaçqın və məcburi köçkünlər, eyni zamanda narkotik maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə sahəsində beynəlxalq nəzarətin gücləndirilməsinə dəstək verdiyini, ərazi münaqişəsinin onun ölkəsi üçün də tanış mövzu olduğunu söyləyib. K. Sonoura qeyd edib ki, Yaponiya Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıyır və ona hörmətlə yanaşır. Görüşdə Yaponiyanın hakim Liberal Demokratik Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında əməkdaşlıq məsələləri ətrafında da fikir mübadiləsi aparılıb.
Ə. Həsənov Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JİCA) vitse-prezidenti xanım Kae Yanaqisava ilə də görüşüb. Görüşdə əsasən JİCA-nın Azərbaycandakı nümayəndəliyinin qaçqın və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı indiyədək həyata keçirdiyi və keçirəcəyi tədbirlər müzakirə edilib. Baş nazirin müavini Azərbaycanda həyata keçirilən investisiya layihələrində, su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasında JİCA-nın rolunu yüksək qiymətləndirib, qaçqın və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı JİCA-nın Azərbaycandakı fəaliyyətini müsbət qiymətləndirib, bu sahədə işlərin gələcəkdə də uğurla davam etdiriləcəyinə əminliyini bildirib. K. Yanaqisava isə görüşdə Yaponiyanın Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllində, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarında maraqlı olduğunu, ölkəsinin daim Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyini bildirib. Eyni zamanda təmsil etdiyi qurumun təhsil və səhiyyə sahəsində Azərbaycanla birgə yeni layihələrin həyata keçirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.