“Ermənilkər təlimlərə sərhədyanı kəndlərini boşaltmaqla start verdilər” Siyasət

“Ermənilkər təlimlərə sərhədyanı kəndlərini boşaltmaqla start verdilər”

Sahib Alıyev: "Niyəsi Azərbaycan ordusunun dünən başlatdığı Komanda Qərargah Hərbi Oyunlarından bəlli oldu"

Son günlər cəbhə xəttində yaranmış gərginlik, erməni təxribatlarının artması Qarabağda yenidən genişmiqyaslı hərbi əməliyyatların başlayacağı ehtimallarını artırıb. Azərbaycan Silahlı Qüvvələrinin müntəzəm olaraq həyata keçirdiyi hərbi təlimlərə cavab olaraq Ermənistan da adekvat addımlar atmaq niyyətinə düşüb. Kütləvi informasiya vasitələrinin də yaydığı xəbərə görə, ötən həftə Ermənistan ordusu "İldırım-2015" kod adlı təlimlərə başlayıb. Heç şübhəsiz ki, düşmən tərəfin hərbi təlimləri narahatçılıq doğurmaya bilməz. Ancaq Azərbaycan Silahlı Qüvvələrinin mövcud potensialı onu deməyə əsas verir ki, Qarabağda növbəti irimiqyaslı hərbi əməliyyatlar başlayacağı təqdirdə Ermənistan ordusu Silahlı Qüvvələrimiz qarşısında duruş gətirə bilməyəcək.
Millət vəkili Sahib Alıyevin sözlərinə görə, Ermənistan tərəfinin gurultulu ad altında keçirdiyi hərbi təlimlər onu diqtə edirdi ki, düşmən yəqin bizim mövqeləri sıradan çıxararaq sürətlə, yəni ildırım kimi Azərbaycanın içərilərinə doğru irəliləməyin məşqini edəcək: "Amma əksinə, təlimlərə sərhədyanı kəndlərini boşaltmaqla start verdilər. Niyəsi Azərbaycan ordusunun dünən başlatdığı Komanda Qərargah Hərbi Oyunlarından bəlli oldu. Bu, Azərbaycan ordusu tarixində keçirilən ən böyük təlimlərdir ki, ora 65.000 nəfərədək şəxsi heyət, 700-dək zirehli texnika, 40-dək təyyarə, 50-dək helikopter, zenit-raket birləşmələri, Hərbi Dəniz Qüvvələrinin 20-dək gəmi və kateri, eləcə də xüsusi təyinatlılar cəlb edilib. Hazırda səfərbərlik tapşırıqlarının yerinə yetirilməsi səviyyəsinin yoxlanılması, ehtiyatda olan 6.000 nəfərdən çox hərbi vəzifəlinin artıq təlimlərə qatılması onu göstəirir ki, ermənilər əbəs yerə sərhədyanı kəndlərininin sürətlə boşaldılmasını məşq etmirlər. Onlar Azərbaycanın savaşa başlamaq əzmində olduğunu anlayır və bu zaman qarşımızda duruş gətirməyib geri çəkiləcəklərinin də fərqindədirlər. Hara çəkiləcəklər, harada az-çox canlarını qurtara bilərlər yəqin keçirdikləri təlimlərdə onu da müəyyənləşdiriblər. Olsa-olsa bu, Rusiyanın 102-ci bazasın yerləşdiyi hərbi şəhərciklər olacaq.
Bir sözlə, bu təlimlərdə edilən məşqlərdən hər iki ölkənin ordusunun həm potensialı, həm də psixoloji durumunun nə yerdə olduğu və ermənilər torpaqlarımızdan çəkilməsə, bütün bunların nəyə aparıb çıxaracağı açıqca görünür. Reallıq ortadadır". Millət vəkili qeyd edib ki, ermənilərə havadarlıq edənlər, Azərbaycanla bu və ya digər şəkildə qarşıdurmaya getməkdənsə, onunla strateji müttəfiqliyini indi əvvəlkindən daha çox işlərinə yarayacağını anlayırlar: "Anladıqları üçün də erməniləri güzəştə getməyə razı salacaqlar. Əslində burada elə böyük səy göstərməyə də ehtiyac yoxdur. 1999-cu ilin oktyabrında parlamentlərində baş verən terror aktının arxasında kim durduğunu və nədən qaynaqlandığını yaxşı bildiklərindən ipə-sapa yatmaz hala gələn Sərkisyan və komandasına sadəcə, " reallığı özünüz də görürsünüz, gedin içinizdə olanı dilinizə gətirin" demək yetərlidir. Real politik deyilən nəsnə hazırda bunu tələb edir". Sahib Alıyev bildirib ki,
Azərbaycan əvvəldən problemin mərhələli çözümünü istəyir: "Hesab edirəm ki, elə bir vəziyyət yaranıb ki, hazırda Rusiyaya da Dağlıq Qarabağ münaqişəsinin heç həll edilməməsindənsə yarımçıq həlli daha çox əl verir. Moskvadakılar da bu cür fikirləşirlərmi, bir neçə günə biz bunu biləcəyik".