“Bu cür məlumatların yayılması təxribat xarakteri daşıyır” Siyasət

“Bu cür məlumatların yayılması təxribat xarakteri daşıyır”

Elman Nəsirov: "Vəziyyətin gərginləşməsi mənafeyinə xidmət edir"

"Ermənistan mətbuatında Rusiya prezidenti Vladimir Putinin Dağlıq Qarabağı Azərbaycana qaytarması, məhz Ermənistan prezidenti Serj Sarkisyanın da Moskvaya buna görə çağırılması ilə bağlı dərc edilən iddalar informasiya ilə monipulyasiya etmək deməkdir". Bunu açıqlamasında politoloq Elman Nəsirov söyləyib.
Politoloq bildirib ki, belə səfərlər ərəfəsində bu cür informasiyaların yayılması üçün münbit şərait yaranır: "Məsələ ondadır ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun da Azərbaycana səfəri bir növ gözlənilməz oldu. Bu hadisənin özü də Ermənistan mətbuatında çox böyük müzakirələrə səbəb oldu və səslənib ki, əslində bu səfərin əhəmiyyəti Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlıdır. Bununla da Rusiya tərəfi Azərbaycana daha çox diqqət göstərəcək, nəinki öz müttəfiqi Ermənistana. Bu mövqedən belə məlumatların yayılmasının ardınca S.Sarkisyanın da Rusiyaya səfəri informasiyanın monipulyasiya etməyinin davamıdır. Bu səfər çərçivəsində rəsmi məlumatlara görə ikitərəfli, çoxtərəfli əlaqələrin geniş formada müzakirə ediləcək. Erməni mətbuatı məhz bu fikir üzərində diqqəti cəlb edir ki, guya Dağlıq Qarabağ problemi Azərbaycanın xeyrinə həll edilməsi ilə bağlı məsələlər mövcuddur. Hesab edirəm ki, bu səpkili məlumatları yayan iqtidara yaxın olan kütləvi informasiya vasitələridir. Bununla da göstərmək istəyirlər ki, guya S.Sarkisyan həddindən artıq bu proseslərdən narahatdır. Ona görə də dərhal Moskvaya gedib və münaqişənin həlli ilə bağlı məsələləri müzakirə edir. Bir sözlə bu cür məlumatların yayılması təxribat xarakteri daşıyır, vəziyyətin gərginləşməsi mənafeyinə xidmət edir və Ermənistanın atəşkəsi Azərbaycanla sərhəddə intensiv formada pozmasına haqq qazandırmaq mahiyyəti kəsb edir. Bu informasiyanın yayılmasında əsas mənbə rolunu Ermənistan prezidentinin mətbuat xidməti və Administrasiyanın müvafiq tabeçiliyində olan qurumlar oynayır".