ATƏT-in Bakıdakı layihə koordinatorluğu niyə bağlanıb? Siyasət

ATƏT-in Bakıdakı layihə koordinatorluğu niyə bağlanıb?

"ATƏT-in Bakıdakı layihə koordinatorluğunun bağlanması ilə bağlı Münaqişələrin Qarşısının Alınması Mərkəzinin hesabatında göstərilənlər qəbuledilməzdir".
Bu barədə Azərbaycanın ATƏT yanındakı daimi nümayəndəliyinin ATƏT Daimi Şurasının 1067-ci iclasında Münaqişələrin Qarşısının Alınması Mərkəzinin hesabatına cavabında deyilir. Cavabda bildirilir ki, hesabatda göstərildiyi kimi, Anlaşma Memorandumunun pozulmasının gözlənilməz olması həqiqəti əks etdirmir: "Bu faktdır ki, Azərbaycan dəfələrləATƏT rəhbərliyini keçmiş layihə koordinatoru ətrafında müəyyən xoşagəlməz hərəkətlər və ona mandatından kənara çıxması üçün xarici təzyiqlərin olması barədə məlumat vermişdi. Belə olan halda biz ATƏT-ə sorğu göndərdik ki, vəziyyətin daha da pisləşməsinin qarşısını almaq üçün lazımi tədbirlər görsün. Bu baş vermədi və bizim layihə koordinatorunun işindən razı olmağımıza baxmayaraq, yerli missiyanın işinə qəbuledilməz xarici müdaxilələr Azərbaycan rəhbərliyinin öz suveren hüququnu istifadə etməsinə və Anlaşma Memorandumunu dayandırmasına şərait yaratdı. Ona görə də Azərbaycan tərəfinin qərarı gözlənilməz və ya Münaqişələrin Qarşısının Alınması Mərkəzinin təəccübünə səbəb olmuş kimi qiymətləndirilməməlidir. Əksinə, bu, ATƏT strukturları, o cümlədən Münaqişələrin Qarşısının Alınması Mərkəzi tərəfindən gözlənilməli idi və buna birtərəfli şərh vermək əvəzinə, onun səbəbləri barədə düşünməlidirlər. Layihə koordinatorluğunun ofisinin bağlanmasına səbəb Azərbaycan tərəfinin narahatlıqlarına düzgün olmayan reaksiya, missiyaya olan xarici təzyiqlərlə bağlı ATƏT strukturlarının fəaliyyətsizliyi ola bilər. Bütün bu məsələlər mərkəzin bu hesabatında diqqətli şəkildə analiz edilməli idi".
Çıxışda mərkəzin Azərbaycan və Ermənistan arasında həlli uzanan münaqişənin həllinə töhfəsinə də diqqət çəkilir: "Bizim nümayəndə heyətimiz dəfələrlə ATƏT-də Dağlıq Qarabağda qurulmuş qondarma rejimin adından sənədlərin paylanması məsələsini qaldırıb. Bu, heç bir halda təşkilatın prinsiplərinə uyğun deyil və münaqişənin həllinə xidmət etmir. Bu konteksdə Münaqişələrin Qarşısının Alınması Mərkəzinin direktorunun ATƏT çərçivəsində qəbuledilməz bu fəaliyyətin qarşısının alınmasında təmsil etdiyi institutun rolunu ortaya qoymasını yüksək qiymətləndirərdik".
Qeyd edək ki, ötən gün ATƏT Daimi Şurasında Münaqişələrin Qarşısının Alınması Mərkəzinin direktoru Marsel Pesko ATƏT-in Bakıdakı layihə koordinatorluğunun bağlanması ilə bağlı hesabat təqdim edib.