Azərbaycan Milli Məclis üzvünün hesabatı AŞPA komitəsində müzakirə edilib Siyasət

Azərbaycan Milli Məclis üzvünün hesabatı AŞPA komitəsində müzakirə edilib

Dünən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasının növbəti iş günündə qurumun Bərabərlik və qeyri-diskriminasiya komitəsinin toplantısı keçirilib.
İclasda Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, qurumun qadına qarşı zorakılığın önlənməsi üzrə baş məruzəçisi və "Zorakılıqdan azad qadınlar" Parlament Şəbəkəsinin siyasi koordinatoru xanım Sahibə Qafarovanın hazırladığı "Qadınlar əleyhinə zorakılığın qarşısının alınması üzrə ən yaxşı praktikaların formalaşdırılması" adlı hesabatı müzakirə edilərək yekdilliklə qəbul olunub və qurumun plenar iclasına tövsiyə olunub.
Qeyd edək ki, bu, Sahibə Qafarovanın AŞPA-da hazırladığı 5-ci məruzədir.
S. Qafarova qadına qarşı zorakılıq hallarına dair statistikaların narahatlıq doğurduğunu və bu məsələnin əsas müzakirə mövzularından biri olduğunu bildirib.
"Avropa Şurasının qadına qarşı zorakılıq və ailədaxili şiddətin qarşısının alınması və ona qarşı mübarizə üzrə Konvensiyasının (İstanbul Konvensiyası) qüvvəyə minməsi ilə bu sahədə ciddi uğur əldə edilib. Bu məsələdə parlamentarlar də əhəmiyyətli rol oynayır. Avropa Şurasına üzv dövlətlərdə qadına qarşı zorakılığın qarşısının alınması ilə bağlı mövcud qanunvericilik və praktikalar ilə bağlı ətraflı məlumatları özündə cəmləyəcək olan bu hesabatın əsas məqsədi qanunvericilərin bu sahədə təcrübələrini artırmaqdır. Bu məruzə eyni zamanda, Konvensiyanın monitorinq qurumu olan GREVİO-nun və parlamentlərin nəzarət fəaliyyətlərinin tamamlayıcı komponenti kimi nəzərdə tutulub", - deyə o əlavə edib.