“Paralel” təhlükədir, yoxsa vasitə? Siyasət

“Paralel” təhlükədir, yoxsa vasitə?

"Xalq Cəbhəsi" qəzeti APA Analitik Mərkəzinin son günlər medianın gündəmində olan "SOCAR – Türkiyə"də "Gülənçi"lərin fəliyyəti haqda dərc olunan xəbərləri təhlil edən "Paralel" təhlükədir, yoxsa vasitə?" adlı yazısını təqdim edir:
2011-ci ildən Türkiyə hakimiyyəti ilə onun əsas tərəfdaşlarından biri olan "camaat" arasında başlamış qarşıdurma hazırda AKP ilə "paralel yapı"nın nüfuz və səlahiyyət uğrunda mübarizəsi kimi tarixə düşməkdədir. 2013-cü il 17-25 dekabr hadisələri fətullahçıların həmin dövrdə baş nazir olan Rəcəb Tayyip Ərdoğana, onun ailə üzvlərinə və bütövlükdə hakimiyyətə qarşı böyük əks-səda doğuran həmləsi kimi qəbul olundu. Açıq müstəviyə keçmiş bu savaşdan baş nazir və onun tərəfdarları qalib çıxsa da, o da faktdır ki, AKP-nin və şəxsən Ərdoğanın nüfuzu kifayət qədər sarsıldı və hakim partiyanın cəmiyyətdəki dayaqları zəiflədi.
Qardaş Türkiyədə baş verən proseslər Azərbaycan ictimaiyyəti tərəfindən də çox maraqla izlənilir. Bu marağı şərtləndirən əsas səbəblərdən biri də odur ki, nurçular artıq Azərbaycanda da əsaslı şəkildə təşkilatlanmağa, öz biznes imperiyasını yaratmağa və hətta hakimiyyətin müxtəlif qollarında ciddi mövqelər əldə etməyə nail olmuşdular. Türk mediasının yazdığına görə, Ərdoğan ölkə daxilində fətullahçıları "baltalamaqla" yanaşı, həm də onların xarici uzantılarını, o cümlədən Azərbaycandakı qrupu da zərərsizləşdirməyə çalışır, bu məqsədlə tədbir görülməsi üçün rəsmi Bakıya müxtəlif siyahılar göndərir. İddia olunur ki, hətta indi də rəsmi Bakı nurçularla bağlı həm Türkiyədən, həm də birbaşa Ankaradan müxtəlif mesajlar almaqda davam edir. Son günlərsə gələn mesajlar SOCAR və onun Türkiyədəki fəaliyyəti ilə bağlıdır. Hadisələrin gedişi və axır vaxtlar Türkiyədə hakimiyyətə yaxın bəzi media orqanlarında dərc olunmuş yazıların təhlili göstərir ki, kifayət qədər zərbələr alaraq mövqelərini əsaslı şəkildə itirmiş "paralel yapı" qardaş ölkədə artıq iqtidar üçün real təhlükə kəsb etmir. Əvəzində isə bu ad üzərindən həm siyasi, həm də iqtisadi sferada çox ciddi oyunlar oynanılır. Hazırda "SOCAR Türkiyə"yə qarşı ardı-arası kəsilməyən hücumların arxasında da məhz bu amil dayanır. Ankaradan sərgilənən bu qeyri-adekvat münasibət, təbii olaraq, Azərbaycanda əsaslı narahatlıq doğurur və ikitərəfli münasibətlərdə anlaşılmaz məqamların yaranmasına səbəb olur.
Məlumdur ki, 1990-cı illərdə dövlət müstəqilliyini qazandıqdan sonra Azərbaycan enerji ehtiyatlarını ixrac etmək üçün Türkiyə marşrutunu digər alternativlərdən daha üstün tutaraq mühüm siyasi və strateji seçim etdi - Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tiflis-Ərzurum qaz kəmərləri inşa olundu. Azərbaycan enerji layihələrindən əldə olunan böyük gəlirlərdən ölkə xaricində investisiya qoymaq planlarını da ilk növbədə Türkiyədə reallaşdırmağa başladı. Bununla həm də Türkiyənin artan iqtisadiyyatının enerji resurslarına olan ehtiyacı ödənildi və ölkənin enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verildi. "Petkim" şirkətinin özəlləşdirilməsi, Əliağada limanın inşası, STAR neft emalı zavodunun tikintisi və s. layihələrin həyata keçirilməsi nəticəsində Türkiyə iqtisadiyyatına milyardlarla dollar sərmayə yatırıldı. Layihələrin səmərəli şəkildə gerçəkləşdirilməsi üçün SOCAR həm öz imkanlarından istifadə etdi, həm də dünyanın ən nüfuzlu maliyyə qurumlarını, "Goldman Sachs" kimi investisiya nəhəngini bu işə cəlb edə bildi. Bununla yanaşı, SOCAR Türkiyədə ciddi sosial layihələr reallaşdırmağa başladı, Ankara, Əliağa, Kars, İzmit, Ceyhan və digər yerlərdə on milyonlarla dollar dəyəri olan ən müasir məktəblər, digər sosial obyektlər tikərək dövlətə təhvil verdi.
Böyük Azərbaycan qazının ixracı məsələsi gündəmə gələndə də Azərbaycan növbəti dəfə strateji seçiminə sadiq qaldı. Uzun müddət ərzində müzakirə olunan NABUCCO layihəsi arxivə göndərilsə də, yeni marşrutların müəyyənləşməsində Türkiyə yenə də əsas istiqamət kimi irəli sürüldü. TANAP Azərbaycanla Türkiyənin birgə layihəsi kimi təsdiq olundu və qısa zamanda tikinti işlərinə başlanıldı. Ekspertlərin yekdil rəyinə əsasən, TANAP Türkiyənin regionda əhəmiyyətini yetərincə yüksəldərək qardaş ölkəni enerji mənbələri ilə Avropa arasında körpüyə çevirəcək.
Hazırda rəsmi Bakının prinsipial mövqeyi ondan ibarətdir ki, reallaşdırılan enerji siyasəti konkret olaraq fərdlərin, hakimiyyətlərin və biznes qruplarının maraqlarına deyil, bütövlükdə iki qardaş xalqın, Azərbaycan və Türkiyə dövlətinin milli maraqlarına xidmət etməli, regionda və daha geniş coğrafiyada təhlükəsizliyi, inkişafı və rifahı şərtləndirən əsas faktorlardan biri kimi çıxış etməlidir.
Göründüyü kimi, Azərbaycanın strateji seçiminə uyğun olaraq həyata keçirilən transmilli layihələr iki qardaş ölkənin dövlət və milli maraqlarına xidmət etməklə onların regionda və dünyada yerini daha da möhkəmlətdi. Hazırda rəsmi Bakının prinsipial mövqeyi ondan ibarətdir ki, reallaşdırılan enerji siyasəti konkret olaraq fərdlərin, hakimiyyətlərin və biznes qruplarının maraqlarına deyil, bütövlükdə iki qardaş xalqın, Azərbaycan və Türkiyə dövlətinin milli maraqlarına xidmət etməli, regionda və daha geniş coğrafiyada təhlükəsizliyi, inkişafı və rifahı şərtləndirən əsas faktorlardan biri kimi çıxış etməlidir. Reallıq da ondan ibarətdir ki, həyata keçirilən transmilli enerji layihələri Yaxın Şərq və Orta Asiyadan başlayaraq Qərbi Avropaya kimi geniş arealı əhatə etməklə Azərbaycanın və Türkiyənin regional mərkəz statusunu möhkəmlətmiş, yeni nəqliyyat-tranzit layihələrinin həyata keçirilməsinə şərait yaratmış və ümumilikdə hər iki ölkənin Avropa və dünya üçün strateji əhəmiyyətini əsaslı şəkildə artırmışdır. Buna görə də hazırkı dövrdə Türkiyədəki hakimiyyət və biznes maraqlarına əsaslanan bəzi iddialar və anlaşılmaz addımlar uzun illərdir məqsədyönlü şəkildə reallaşdırılan strateji xətti, ümumi mənafeləri təhdid edə, qarşılıqlı etimadın zəifləməsinə və son nəticədə ciddi fikir ayrılığının yaranmasına səbəb ola bilər.
Azərbaycan 1993-cü ildən başlayaraq öz strateji seçimi olan, milli maraqlarını müdafiə etməyi bacaran, müstəqil siyasət yürüdən ciddi dövlətdir. Ölkə iqtidarı xarici siyasətində, dövlətlərarası siyasi və iqtisadi məsələlərin həllində qarşılıqlı etimadı və ümumi maraqların təmin olunmasını başlıca şərt hesab edir. Türkiyədə məlum hadisələr baş verəndə də Azərbaycan dövləti qardaş ölkədə sabitliyin qorunub-saxlanılması üçün əlindən gələni etdi, türk xalqı tərəfindən seçilmiş legitim hakimiyyətə dəstək verməyi özünə mənəvi borc bildi. Ancaq problem həll olunduqdan sonra Türkiyə hakimiyyətinə yaxın dairələr tərəfindən atılan bəzi addımlar, xüsusilə "SOCAR Türkiyə" şirkəti ilə bağlı qurulmuş bəzi oyunlar narahatlıq doğurur.
Türkiyə iqtisadiyyatının ayrılmaz hissəsinə çevrilmiş və öz nəhəng layihələri ilə yaxın 3-5 ildə bu ölkənin ən böyük üç sənaye şirkəti sırasına daxil olmağı hədəfləmiş "SOCAR Türkiyə"yə qarşı ara-sıra mətbuata çıxarılan bəzi iddialar rəsmi Bakını narahat etməyə bilməz. Bəs bu ittihamların əsas məqsədi nədir?
Mediada getmiş bəzi məlumatlara əsasən, Türkiyə hakimiyyətini təmsil edən bir çox yüksək vəzifəli şəxslər vaxtilə Bakıya səfərləri zamanı "Qafqaz" universiteti, türk liseyləri, TUSİAB və digər qurumların böyük əhəmiyyətini vurğulamaqla Azərbaycan iqtidarının nümayəndələrindən onların fəaliyyətinin genişlənməsinə şərait yaradılmasını xahiş edirdilər.Türkiyə rəsmilərinin təkidi ilə səfər proqramına "Gülən məktəbləri"nə ziyarət də daxil olunurdu. Türkiyədə məlum hadisələr başlayanda isə hələ bu ölkənin özündə fətullahçılar ciddi mövqelərini, siyasi və biznes imkanlarını saxladıqları halda, Azərbaycandan təkidlə onlara qarşı tədbir görülməsi istənildi. Ancaq o da faktdır ki, bu xahişlərə uyğun olaraq Azərbaycanda həyata keçirilmiş tədbirlər nəticəsində saxlanılan nurçuların bəziləri Anakaranın tələbi ilə dərhal azad edilirdi. Çünki həmin şəxslərin sonradan Türkiyənin rəsmi dairələrinə yaxın olduğu üzə çıxırdı.Türkiyədə nurçuların bir neçə qanada bölündüyü, hətta bu ölkənin hakimiyyətinin hələ kimin kim olduğunu tam müəyyənləşdirə bilmədiyi bir vəziyyətdə Azərbaycandan hansısa qənaətbəxş addımlar gözləmək məntiqə uyğun deyildi.
Bu gün Ak Saray Twitter sosial şəbəkəsində Fuad Avni adı altında yayılan məlumatlardan çox narahatdır. Həmin məlumatlar şəxsən R.T.Ərdoğanı və onun ailəsini gözdən salmaq məqsədi daşıyır. Hakimiyyət isə geniş imkanlara malik olmasına baxmayaraq, il yarımdır bu isim altında kimin gizləndiyini müəyyənləşdirə bilmir. Hətta Baş nazir Əhməd Davudoğludan, Böyük Millət Məclisinin sabiq sədri Bülənt Arıncdan, MİT rəhbəri Hakan Fidandan belə şübhələr var. Yəni hakimiyyət vaxtilə fətullahçılarla sıx birlikdə olduğundan və sonuncular hakimiyyət və biznes dairələrinin ən yüksək qatına kimi gedib çıxdığından, Türkiyənin özündə də "camaat"dan kimin dost, kimin isə düşmən olduğunu müəyyənləşdirə bilmirlər. Belə bir vəziyyətdə "SOCAR Türkiyə"dən "bizim" və "düşmən" nurçular arasında xətt çəkməyi tələb etmək, şirkəti fətullahçılarla işbirliyində ittiham etmək ən azından gülüncdür.
Ümumiyyətlə, SOCAR-ın kadr siyasətində dini və milli mənsubiyyət anlayışı yoxdur. Şirkət xarici ölkələrdəki layihələrinə əcnəbi vətəndaşları cəlb edir və bu halda onların peşəkarlığı, işə münasibəti və verə biləcəyi fayda əsas götürülür. Məntiqlə, Türkiyədə xarici kapitalla yüzlərlə şirkət çalışır və hakimiyyət bu seleksiyanı iqtisadiyyatın bütün seqmentlərinə şamil etsə, bu son nəticədə xarici şirkətlərin fəaliyyətinin iflic vəziyyətinə düşməsinə, ölkədə investisiya mühitinin korlanmasına gətirib çıxara bilər. Deməli, "SOCAR Türkiyə"yə qarşı irəli sürülən ittihamların əsasında tam başqa məqsədlər dayanır.
Türkiyə iqtidarına yaxınlığı ilə seçilən mediada "SOCAR Türkiyə"yə qarşı yayılan materialların, habelə açıqlanan bəzi faktların təhlili onu deməyə əsas verir ki, yazılar birbaşa hakimiyyət dairələri tərəfindən sifariş olunur. Üstəlik iddialar müəyyən bir qrupun biznes maraqlarını güdür və bu halda iki qardaş dövlətin və xalqın ortaq mənafeləri tapdanır. Bəs həmin şəxslərin və qrupların maraqları nədir?!
İlk növbədə "SOCAR Türkiyə"nin rəhbərliyinə böhtan atmaq, onu gözdən salaraq işdən uzaqlaşdırılmasına nail olmaq. İkincisi, peşəkarlıq kriteriləri nəzərə alınmadan özlərinə yaxın adamları şirkətin rəhbərliyində yerləşdirmək, idarəetməni ələ keçirmək. Bunun nəticəsi olaraq, əlbəttə ki, sonrakı mərhələdə layihələrdə "lazımi şirkətlər" tenderlərin qalibi olacaq və SOCAR-ın hesabına şəxsi mənfəət, külli miqdarda var-dövlət əldə ediləcək.

Göründüyü kimi, Türkiyədə bəzi dairələr artıq "paralel" ittihamını öz rəqiblərini neytrallaşdırmaq və nüfuz dairələrinə salmaq istədikləri biznes subyektlərini gözdən salmaq üçün istifadə edirlər. Daha dəqiqi, müəyyən bir qrup hər hansı biznesi öz əlinə keçirmək üçün ilk öncə ona "fətullahçı terror örgütü" və ya onun "sponsoru" damğası vurur, ardınca təmizləmə əməliyyatı aparır və sonra da özününküləşdirir. Əgər "SOCAR Türkiyə"yə qarşı bu addımı Türkiyə-Azərbaycan qardaşlığını və birliyini istəməyənlər atsaydılar, məsələ aydın olardı. Ancaq SOCAR-ın Türkiyə iqtisadiyyatına verdiyi töhfələrə rəğmən, bu ölkənin iqtidaryönlü mediasının şirkətə qarşı qaralama kampaniyası aparması Azərbaycan və Türkiyənin birgə maraqlarına ciddi şəkildə zərər verəcək haldır.
Xatırlatmaq lazımdır ki, belə cəhdlər keçən dövrdə ayrı-ayrı vaxtlarda da müşahidə olunub. Məsələn, 2009-cu ildə "bayraq məsələsi", elə həmin dövrə Ermənistan-Türkiyə sərhədlərinin açılması, Sürix protokolları Azərbaycan tərəfinin çox sərt reaksiyasına səbəb oldu və ikitərəfli münasibətlərin gərginləşməsinə xidmət etdi. Söz yox ki, "SOCAR Türkiyə"nin terrorda ittiham olunan şəbəkəni maliyyələşdirməkdə günahlandırılması da kifayət qədər ciddi presedentlərə yol aça bilər.
Bəlli olan odur ki, Türkiyədə kimlərsə Azərbaycanda keçiriləcək seçkilər ərəfəsində təhlükəli oyuna başlayıb. Bu oyun iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinə təhlükə yaratmaq, onun altına dinamit qoymaq deməkdir. Həmin kampaniyanın müəllifləri türkün dostudurmu, yoxsa düşməni-bunu ayırd etmək bütün jurnalistlərin vəzifəsidir.